Əsas Səhifə > Hadisə, Manşet > İCRA BAŞÇISI MÜAVİNİNİN ÖZƏL BİZNESİ

İCRA BAŞÇISI MÜAVİNİNİN ÖZƏL BİZNESİ


27-02-2012, 14:31
İCRA BAŞÇISI MÜAVİNİNİN ÖZƏL BİZNESİ

HİKMƏT ABBASOV RƏQİB KİMİ GÖRDÜYÜ SAHİBKARLARA DİVAN TUTUR

DİA.AZ: - Bir müddət əvvəl Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun zülmündən dad deyən bir qrup sahibkarın eyni zamanda Prezident Administrasiyasına, Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ünvanladıqları şikayət məktubunu diqqətinizə çatdırmışdıq.

«Qaradağ rayonu ərazisində qoçuluq edərək ayrı-ayrı daş karxanası sahiblərinə divan tutan bu üç şəxs icra hakimiyyətinin işçiləri Rasim, Elbrus və Sefulladır» sözləri ilə başlayan həmin şikayət məktubunda bildirilirdi ki, adları çəkilən RİH əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarına gələrək sahibkarlara hədə-qorxu yolu ilə haqq qoyurlar. Sanki qoçuluq zəmanəsidir və ölkədə qanunlar işləmir. Sahibkarlar deyir: «Karxana ərazisində işlədilən hər kombayna görə 2-3 min manat arası pul tələb edirlər. Soruşanda ki, bu pulu hansı səbəbə görə verməliyik, cavab olaraq Rasim, Elbrus və Seyfulla bildirirlər ki, «yadınızda deyil, 5 a əvvəl 10 min manat verdiniz, hələ biz insaflıyıq, indi 2-3 min manat istəyirik» deyə bildirirlər».

Sahibkarların sözlərinə görə, «Çakır»ın qoçularına «biz heç dövlətin vergisini verə bilmirik» dedikdə onlar belə cavab veriblər: «Əşi, vergini ödəmək vacib deyil, əsas bizim haqqımızı verin».

Daha sonra şikayət məktubunda deyilir: «Onların bu əməlləri birbaşa olaraq prezident İlham Əiyev cənablarının korrupsiyaya qarşı mübarizə siyasətinə ziddir. İcra hakimiyyəti isə yerlərdə prezidenti təmsil edir. Bu da o deməkdir ki, onlar təmsil etdikləri ünvana xəyanət edirlər. Biz həmin şəxslərə bildirəndə ki, əməllərində müvafiq dövlət qurumlarına şikayət edəcəyik, bizə bildirirlər ki, korrupsiya-filan qurtarıb və bu qanunlar Qaradağ rayonuna aid deyil».

Şikayətçilər onu da bildirirlər ki, onlar eyni məsələ ilə bağlı aidiyyatı orqanlara şikayət ediblər: «Qeyd edək ki, həmin şikayət ərizələrimizlə bağlı yerli qurumlar tərəfindən çağrılaraq müxtəlif hədə-qorxu və təzyiqlərə məruz qalmışıq. Sonra da bizi şikayətimizi geri götürməyə vadar ediblər. Sizdən xahiş edirik, imdad diləyirik. Bu işin tez bir zamanda araşdırılması və istintaqın yerli qurumlara deyil, daha üst səviyyədə aparılmasına göstəriş verəsiniz. Və təqsirkarlar yalnız bu yolla cəzalana bilər».

Redaksiyamıza daxil olan son məlumatlardan isə əslində Süleyman Mikayılovun adından bütün bu işləri həyata keçirən onun müavini Hikmət Abbasovdur. Mənbəmiz bildirir ki, Hikmət Abbasov icra başçısının müavini olsa da, rayon ərazisində həm də sahibkarlıqla məşğul olur: «Təbii ki, belə olan şəraitdə Hikmət Abbasov digər sahibkarları əlindəki imkanlar hesabına sıradan çıxarmalıdır. Bu işdə isə ona əsas kömək edənlərdən biri əslən Şahbuz rayonundan olan Nizami adlı şəxsdir».

Məlumata görə, sahibkarlardan zorla alınan daşlar Nizamiyə məxsus və Keşlə qəsəbəsində yerləşən sexlərdə tədarük olunduqdan sonra xarici ölkələrdə satılır. Və bütün bunların arxasında isə icra başçısının müavini Hikmət Abbasov şəxsən dayandığından, gəlir də onun vasitəsilə icra başçısına çatdırılır.

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq…


Geri qayıt