Əsas Səhifə > Cəmiyyət, Manşet > SEYİD HƏSƏN AMİLİ ÖZ AMLUASINDADIR

SEYİD HƏSƏN AMİLİ ÖZ AMLUASINDADIR


27-02-2012, 12:03
SEYİD HƏSƏN AMİLİ ÖZ AMLUASINDADIR

ƏRDƏBİLİN İMAM-CÜMƏSİ ÖZÜNÜ AZƏRBAYCANIN HÖKMDARI TƏSƏVVÜR EDİR

DİA.AZ: - “Əgər mənim Azərbaycan Respublikasının dövlət orqanlarıda məsuliyyətim olsaydı, Qarabağı azad etmək üçün bayramı baykot edərdim. Çünki bu gün ermənilərin namübarək qədəmləri bu torpaqlarda ağırlıq edir. Halbuki, Azərbaycan mediası “Eurovision”u azərilərin qürur bayramı adlandırır”. Bu sözlərin müəllifi Azərbaycan dövlətini fars-molla rejimi adından davamlı olaraq hədəfə alan Ərdəbilin imam-cüməsi Seyid Həsən Amilidir.

Hər halda, Seyid Həsən Amilinin belə bir fikirdə bulunması onun Azərbaycan sevgisindən irəli gəlmir. Belə olsaydı, qulluğunu etdiyi fars hakimiyyətindən Qarabağda minlərlə şiən Azərbaycan türkünü qətlə yetirmiş xristian ermənilərlə qardaşlığının hesabını sorardı. Bu, baş vermirsə, Seyid Həsən Amili kimilərinin psevdo Azərbaycanpərəstliyinin arxasında hasnı məqamların dayandığı gün kimi aydındır.

DİA.AZ olaraq bildiririk ki, Seyid Həsən Amili iran portalları tərəfindən yayılan açıqlamasında daha sonra Azərbaycan xalqını “Avroviziya-2012” mahnı yarışmasına qarşı da körükləyir. Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

“Höccətül-islam vəl-müslimin Seyid Həsən Amili Ərdəbilin bu həftəki cümə namazı xütbələrində insanın təbiət və fitrətinə işarə edərək dedi: “Toplumun gözəllikləri və xalqın haqsevərlik, ədalətsevərlik və azadlıq arzularının gerçəkləşməsi insan fitrətinin tərəqqisi sayəsindədir”.

Amili, zalım hakimlərin insanları vücudlarındakı fitrətdən uzaq saxlamaq istəmələrinə də işarə edərək açıqladı: “Belə hakimlər xalqın özünəgüvənliyini onların əlindən almaqla, gözəlliyi çirkin, çirkinliyi gözəl göstərməklə insan fitrətini boğulmuş və yatmış kimi qələmə verir və özləri də belə təsəvver edirlər”.

Ərdəbilin imam cüməsi toylarda naməhrəmlərin bir-birinə qarışmasını, spirtli içkilərin istifadəsini və bir çox günah və haramlara mürtəkib olmağı insan fitrətinin yatmasının nəticəsi olduğunu bildirərək artırdı: “Əgər Azərbaycan Respublikası xalqı gələn aylarda keçiriləcək “Eurovision” müsabiqəsinə görə xəcalət çəkir və narahatdırsa, bunun səbəbi sözü gedən müsabiqədə gey və lezlərin təhrikedici şəkildə parad keçmələri, bu pak diyarda İslam hakimiyyətin və dini etiqadların sual altına salındığı üçündür”.

Amili, Azərbaycan Respublikası nazirlərindən birinin “Eurovision proqramını fərdi azadlığın təşviqi adlandırmasını xatırladaraq dedi: “Azərbaycan Avropa Birliyinə qəbul olmaq üçün bu musiqi proqramının keçirilməsinə milyardlarla pul xərcləyib. Halbuki, bu rəqəmin ən az məbləği ilə öz qoşunlarını təchizatlandıraraq, Qarabağı azad edə bilərdilər”.

Seyid Həsən Amili xütbələrinin sonunda bildirdi: “Əgər mənim Azərbaycan Respublikasının dövlət orqanlarıda məsuliyyətim olsaydı, Qarabağı azad etmək üçün bayramı baykot edərdim. Çünki bu gün ermənilərin namübarək qədəmləri bu torpaqlarda ağırlıq edir. Halbuki, Azərbaycan mediası “Eurovision”u azərilərin qürur bayramı adlandırır””.


Geri qayıt