Əsas Səhifə > Sosial, Manşet > ƏLİ HƏSƏNOV MAŞIN SALONLARINA HÜCUMA KEÇİB

ƏLİ HƏSƏNOV MAŞIN SALONLARINA HÜCUMA KEÇİB


27-02-2012, 10:30
ƏLİ HƏSƏNOV MAŞIN SALONLARINA HÜCUMA KEÇİB

«MİR» AVTOSALONU PA RƏSMİSİNİN «MEDİA İMPERİYASINA» MANE OLURMUŞ

DİA.AZ: - Prezidet Administrasiyasının şöbə müdiri Əli Həsənovun son aylarda media istiqamətində çox ciddi şəkildə möhkəmlənməsi artıq hər kəsə məlumdur. Elə bunu Əli Həsənovla bağlı faktlara hansısa digər mətbu orqanda rast gəlinməməsi ilə də izah etmək olar. Demək olar ki, iqtidarlı-müxalifətli əksər qəzetləri öz cibişdanına yerləşdirən Əli Həsənov KİV DDF, Mətbuat Şurası və digər bu kimi qurumlar hesabına həmin qəzetlərin siyasi xəttinə belə təsir göstərir.

Təbii ki, burada qəzetlərimizin sükutu anlaşılandır, əks halda aldıqları maliyyə yardımlarını itirmiş olacaqlar. Anlaşılmayanı isə həmin qəzetlərin arxaında dayanan və bu ölkəni ağ günə çıxaracağını bir missiya kimi üzərinə götürən müxalif siyasi təşkilatlardır ki, onlar da əllərindəki təbliğat vasitələrinin Əli Həsənovun əlinə oynamasını yalnız seyr etməklə kifayətlənirlər. Burada artıq ümdə olanı hansısa ülvi dəyərin deyil, məhz biznes maraqlarının olduğu açıq-aydındır. Demək, bu mərhələdə belə millətə xəyanət varsa, daha böyük fürsətlərdə həmin qüvvələrə söykənib nəyinsə davasının aparılması ən təhlükəli fəaliyyətlərdən biri kimi qəbul olunmalıdır.

Məlumat üçün bildirək ki, Əli Həsənovun mətbuatdakı hökmranlığı qəzetlərə təsir rıçaqları, teleradiokanallar üzərində hüdudsuz hökmranlıq, çap və yayım biznesinə demək olar ki, şəriksiz nəzarətlə ehtiva olunmaqdadır. Bu gün Əli Həsənov kifayət qədər güclü fiqurdur və onun hətta dünənə qədər mətbuatda dayaqları olan oliqarx-məmurlara meydan oxuması faktı da mövcuddur. Məsələn, bu günlərdə PA rəsmisi kifayət qədər ciddi məmurlardan hesab olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da əlindəki media quruluşlarını kontrolu altına ala bilməsi üçün addımlar atıb. Və bu barədə redaksiyamıza ilginc faktlar daxil olub ki, həmin məqamları növbəti günlərdə daha geniş şəkildə diqqətinizə çatdıracağıq.

Bu dəfə isə sizlərə Əli Həsənovun mətbuatla yanaşı, eyni zamanda avtosalonlara qarşı da hücuma keçməsini sübutlayan faktı təqdim edirik. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, Əli Həsənov onun əsas media qərargahı hesab olunan Beynəlxalq Mətbuat Mərkəzinin binasının yaxınlığındakı «Mir» avtosalonunun fəaliyyətini qadağan etdirib.

Mənbəmiz bildirir ki, heç bir səbəb göstərmədən avtosalon rəhbərliyinə şələ-külələrini yığışdırma barədə göstəriş verən Əli Həsənovun adamlarının əslində nədən bu addımı atdıqları haqda müəyyən gümanlar var: «Həmin «Mir» avtosalonu BMM-nin yaxınlığında yerləşir və demək olar ki, qonşudurlar. Və belə deyilir ki, Əli Həsənov avtosalon rəhbərliyini səs-küy salmaqda və bununla da onun media imperiyasının işinə əngəl yaratmaqda ittiham edib. Təbii ki, «Mir»in sahibləri PA rəsmisinin hücumlarına duruş gətirəcək gücdə olmadıqlarından məsləhət bilindiyi kimi davranıblar - şələ-külələrini yığışdırmalı olublar».


Geri qayıt