Əsas Səhifə > Siyasət, Manşet > BAŞ NAZİRİN MƏXFİ SƏRƏNCAMLARI

BAŞ NAZİRİN MƏXFİ SƏRƏNCAMLARI


27-02-2012, 10:18
BAŞ NAZİRİN MƏXFİ SƏRƏNCAMLARI

NAZİRLƏR KABİNETİNİN «EUROVISION» MAXİNASİYALARI FAŞ OLUNUR

DİA.AZ: - «Eurovision-2012» Beynəlxalq Mahnı Müsabiqəsi ölkə ictimaiyyətinin əsas mövzusu olaraq qalır. Yarışmanın keçirilməsi üçün yeni idman-konsert kompleksinin tikintisinə start verilib. «Baku Kristall Hall» adlanan bu saraya dövlət büdcəsindən ayrılan vəsaitin həcmi əməlli-başlı çaşqınlıq yaradıb. KİV-də xərclənən vəsaitin həcmi ilə bağlı müxtəlif hesablmalar aparılır.

Bu günlərdə əldə DİA.AZ-a daxil olan məlumatlar isə daha dəhşətli mənzərə yaradır. Belə ki, Nazirlər Kabinetinin sözügedən obyektin tikintisi ilə bağlı ilginc sərəncamları üzə çıxıb. «budget.az» saytında yerləşdirilən məlumatdan məlum olur ki, Azərbaycan müsabiqədə qalib gələndən bir ay sonra 2011-ci il 7 iyulda Nazirlər Kabineti 233s saylı sərəncam imzalayıb. Həmin sənəddə göstərilir:

«Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş «2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117000,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü»ndə ehtiyat vəsait üçün nəzərdə tutulmuş məbləğin 58,0 (əlli səkkiz) milyon manat azaldılması hesabına, Bakı şəhərində İdman-Konsert Kompleksinin tikintisi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə 58,0 (əlli səkkiz) milyon manat məbləğində vəsait ayrılsın».

Beləliklə, idman-konsert kompleksinin tikintisi üçün ayrılan 58 milyon manatdan ictimaiyyətin xəbəri olmayıb. Maraqlıdır ki, Nazirlər Kabinetinin 156s saylı sərənacmı ilə təsdiq edilən investisiya bölgülərində bu haqda bir kəlmə də qeyd edilməyib.

«Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi məkanla bağlı bu yeganə sərəncam deyil. Nazirlər kabinetinin sərəncamının imzalanmasından 4 gün keçəndən sonra - 11 iyul 2011-ci ildə «Baku Kristall Hall»un tikintisi üçün dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb. Həmin sənədə əsasən, Prezidentinin ehtiyat fondundan Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 6,0 (altı) milyon manat məbləğində pul ayrılıb. Lakin bu xəbər mətbuatda çap olduğundan, hər kəs ilkin məbləğ olaraq bu 6 milyon manatı götürürdü.

Araşdırmalarımız zamanı bununla bağlı sayca üçüncü bir sənədi əldə etmişik. Yenə də eyni saytda yer alan Nazirlər Kabinetinin 258s saylı 25 avqust 2011-ci il sərəncamı təəccüb doğurur. Bu sərəncamdan məlum olur ki, pensiya və əmək haqlarının artırılması üçün nəzərdə tutulan işlər təxirə salınaraq vəsaitə qənaət edilib. Qənatə edilmiş vəsait isə yeni müasir idman-konsert kompleksinin tikintisinə yönəlib. Sərəncamda sözügedən bənd tam olaraq belə göstərilir: «Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları»nın 4-cü hissəsinə əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi məqsədi ilə:

1. «2011-ci il dövlət büdcəsi haqqında» Qanununun tətbiq edilməsi barədə» Azərbaycan respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 2.6.3-cü yarımbəndində (Sosial müdafiə və sosial təminat sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər) birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 50 000 000,0 (əlli milyon) manatı «Büdcə sistemi haqqında» Qanunun 19.6-cı maddəsinə müvafiq olaraq «Ehtiyat fondları» köməkçi bölməsinin «Dövlət büdcəsinin Ehtiyat Fondu» paraqrafına aid edilməsinə razılıq verilsin.

2. «2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 50 000 000,0 (əlli milyon) manat məbləğində vəsait ayrılsın». Bu sərəncam da ictimaiyyətdən gizlədilib.

Hökumətin idman-konsert kompleksinin tikintisi üçün KİV-ə açıqladığı rəqəm 57 milyon 600 min manatdır ki, bu da NK-nın 331s saylı 20 oktyabr 2011-ci il sərəncamı ilə həyata keçirilib. 331s saylı sərəncamda təəssüf doğuracaq tərəf isə Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və sair şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün ayrılan vəsaitin kəsilməsidir. Sərəncamda göstərilir ki, adıçəkilən şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində Azərbaycan tərəfinin payının ödənilməsi üçün «Azərsu» ASC-yə ayrılması nəzərdə tutulmuş vəsaitin 57 milyon 600 min manat azaldılması hesabına, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə ayrılır.

Lakin «Baku Kristall Hall» zalının tikintisi üçün ayrılan vəsait bununla bitmir. 2012-ci ilin investiya layihələrinin bölügüsün üçün NK 24 s saylı sərəncam imzalayıb. 6 fevral 2012-ci il tarixi sərəncamda bu istiqamətdə 46 milyon 900 min manat əlavə ayrıldığının şahidi oluruq.

Göründüyü kimi, 8 ay ərzində bir layihə üçün 5 sərəncam imzalanıb və onun 3 məxfi saxlanılıb. Doğrusu, ayrılan vəsaitin bu qədər məxfi saxlanması bizdə müəyyən şübhələr yaratdı: Bəlkə Bakıda alternativ idman-konsert kompleksi tikilir və bunların hamısının «Bakı Kristall Hall»a aidiyyəti yoxdur.

Hökumətin sənədlərinə inansaq «Eurovision»nun keçiriləcəyi məkana 218 milyon 500 min manat pul xərclənəcək. Amma bir layihəyə ayrı-ayrı sərəncamların verilməsini düzgün siyasət deyil: «Bu o deməkdir ki, layihənin smetası yoxdur, və yaxud da mənimsənilir, sonradan yenidən vəsait ayırmağa məcbur olurlar.

Geri qayıt