Əsas Səhifə > Gündəm, Manşet > QARABAĞLA BAĞLI ŞOK HƏLL PLANI

QARABAĞLA BAĞLI ŞOK HƏLL PLANI


24-02-2012, 13:36
QARABAĞLA BAĞLI ŞOK HƏLL PLANI

ERMƏNİLƏR QARABAĞIN MÜQABİLİNDƏ BAKIDAN PUL TƏLƏB EDİRLƏR

DİA.AZ: - Neçə müddətdir ki, Qərbə aid müxtəlif təşkilatlar Ermənistan-Azərbaycan münasibətlərində «xalq diplomatiyası» üsuluna daha geniş yer verməkdədirlər. Əslində bütün bunların problemin həllindən daha çox, mövcud şəraitin ömrünün uzadılmasına xidmət etdiyi hər kəsə məlumdur. Bunun adına bir növ münaqişənin konservləşdirilməsi cəhdi də deyilir.

Lakin eyni zamanda müəyyən dairələr Qarabağ münaqişəsinin konkret şəkildə həllində maraqlı kimi davranırlar. Bu barədə diplomatik qaynaqlardan DİA.AZ-a ötürülən məlumatlar da təsdiqləyir ki, son zamanlar Qarabağ probleminin həlli məsələsini üstələnən rəsmi Moskva Qərbin sözügedən konfliktdən sui-istifadə cəhdlərinin qarşısının alınmasında cidi addımlara imza atır.

Redaksiyamıza daxil olan informasiyaya görə, hətta Kreml Qarabağ münaqişəsinin yeni həll üsulunu da tapıb. Bu barədə mənbəmizin söylədikləri: «Bu günlərdə Rusiya paytaxtında Azərbaycan və Ermənistan ziyalılarının görüşü təşkil olundu. Təbii ki, bu görüşlər daha çox Kremlin Qərbin məlum problemin həllində dəstəklədiyi «xalq diplomatiyası» siyasətinə adekvat cavabı kimi qəbul olunur. Lakin həmin örüşə paralel olaraq Moskvada başqa bir ünvanda və hər iki düşmən tərəfin rəsmi dövlət nümayəndələrinin məxfi danışıqları da baş tutub».

Mənbəmiz bildirir ki, məxfi danışıqlar zamanı Rusiya tərəfi Qarabağ münaqişəsinin həllində birbaşa maraqlı olduğunu və hətta Azərbaycanla Ermənistanın eyni layihədə iştirakını arzuladığını bildirib: «Təbii ki, Azərbaycanın bu danışıqlarda hansı maraqdan çıxış etdiyi aydındır. İşğal olunmuş Qarabağ qeyd-şərtsiz azad edilməlidir. Ermənistanın da nəyə və niyə inad etdiyi məlumdur».

Məlumata görə, ilk dəfə olaraq Kreml Qarabağın Azərbaycana verilməsinin zəruriliyini İrəvanın da diqqətinə çatdırıb və bunun başqa bir yolunun olmadığını bildirib: «Moskvanın belə bir fikri ilk dəfə ifadə etməsi təsadüfi deyil. Çünki bu vaxta qədər Azərbaycanın xarici siyasətini yaxından izləyən Kremldə Azərbaycanın Qarabağ probleminə hanı formada həssaslıqla yanaşması barədə tam bilgilər var. Amma bu gün Kremlə Ermənistanla Azərbaycanın yenidən müharibə meydanında toqquşması sərf etmir».

Bu səbəbdən Kremlin Azərbaycanın Ermənistana müəyyən həcmdə kompensasiya ödəməsi müqabilində problemin həll olunması təklifi ilə çıxış etdiyini bildirən mənbəmiz artıq belə bir təklifə Ermənistan tərəfindən müsbət reaksiya verildiyini də vurğulayıb: «Əslində, Rusiya bu məsələni İrəvanla anlaşdıqdan sonra Azərbaycan tərəfinin diqqətinə çatdırıb. Çünki Ermənistan Qarabağın azadlığının müqabilində Azərbaycandan 28 milyard ABŞ dolları həcmində kompensasiya istəyib. Yəni belə bir çeviklik məsələnin çoxdan müzakirə olunduğunun göstəricisidir».

Hələlik Bakının bu məsələyə hansı reaksiyanı verdiyi bilinmir: «Amma Azərbaycanın Qarabağı satın almaq niyyətinin olmadığı məlumdur. Ən azından həminvəsaitin yarısını xərcləməklə Azərbaycan öz torpaqlarını işğaldan rahatlıqla azad edə bilər. Hətta bunu muzdlu əsgərlərin hesabına da etmək mümkündür. Odur ki, bu məsələdə rəsmi Bakının nə cavab verəcəyini indidən söyləmək olmaz».

Mənbəmiz bildirir ki, Moskvada baş tutan məxfi görüşdən sonra tərəflər fikirləşmələri üçün vaxt alıblar: «Çünki təklifin müəllifi kimi Kreml çıxış edib. Odur ki, Ermənistan da qəti şəkildə razılığını bildirməsə də, amma müsbət reaksiyasını sərgiləyib».

Onu da xatırladaq ki, hansısa torpağın satın alınması təcrübəsi tarixdə də mövcuddur. Məsələn, vaxtilə çar Rusiyası Alyaska torpaqlarını ABŞ-a satıb. Və yaxud da hələ də Rusiyanın işğalı altında olan Kuril adalarına görə yaponlar Rusiyaya 50 milyard ABŞ dolları həcmində pul verməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər. İndi isə Qarabağın satın alınması məsələsi gündəmə gətirilib.


Geri qayıt