Əsas Səhifə > Hadisə > ZİYA MƏMMƏDOVUN OĞLU İŞƏ BAŞLADI
ZİYA MƏMMƏDOVUN OĞLU İŞƏ BAŞLADI24-02-2012, 12:14 |
ANAR MƏMMƏDOV 100 MİLYON AMERİKALIYA XOCALINI TANITDIRACAQ Azərbaycan Amerika Alyansı (AAA) Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdıran geniş kampaniya həyata keçirir. Alyansdan cümə günü Trend-ə verilən məlumata görə, kampaniya 100 milyonlarla insanı əhatə edir və ümumilikdə silsilə tədbirlərdən ibarətdir. Kampaniya çərçivəsində Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerlerin yapışdırılması, Xocalı soyqırımına həsr olunmuş filmin nümayişi və digər təbliğat tədbirləri həyata keçirilir. "Washington Post", "New-York Times" qəzetlərində 26 fevral sayının bütov bir səhifəsi Xocalı soyqırımına həsr olunacaq. Həmçinin, "Washington Post", "New-York Times" və "Politico" dərgilərinin internet səhifələrində bir həftə müddətində Xocalı soyqırımı ilə bağlı "pop-up" yerləşdiriləcək. Təkcə bu "pop-up" vasitəsilə həmin saytları ziyarət edən 10 milyona yaxın insana xocalı həqiqətləri çatdırılacaq. Fevralın 23-dən etibarən AAA küçə, poster və digər aksiyalar vasitəsilə azərbaycanlılara qarşı yönəlmiş cinayət haqqında dünyanın iqtisadi mərkəzi olan Nyu-York və siyasi mərkəzlərindən biri olan Vaşinqton sakinlərini məlumatlandıracaq. Nyu-York şəhərinin ən böyük dəmiryol vağzalı olan "Penn Station"da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilib. Həmçinin, avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılıb. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, Capitol Hill-ə gedən avtobuslarda posterlər yerləşdirilib. Yalnız bu tədbirlərlə kampaniya müddətində ən azı 50 milyondan artıq insanın bu poster və bannerləri görməsi gözlənilir. Həmçinin, Xocalı soyqırımını daha böyük müstəviyə, ABŞ-ın xarici siyasətində prioritet məsələlər dairəsinə çıxarmaq üçün AAA-nın saytında xüsusi bölmə yaradılıb. Milliyətindən və vətəndaşlığından asılı olmayaraq hər bir kəs bu bölməyə daxil olaraq ABŞ Prezidentinə və konqresmenlərinə "Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın xarici siyasətində yüksək prioritetə malik olmalıdır" adlı məktub göndərə bilərlər. Saytda Xocalı hadisələri ilə bağlı geniş məlumatlar da öz əksini tapır. "Bildiyimiz kimi, bu il Xocalı soyqırımının 20-ci ildönümüdür. Artıq həmin dəhşətli qətliamdan uzun zaman keçsə də, Azərbaycan xalqı ağrılı gününü heç vaxt unutmayacaq. Azərbaycan Amerika Alyansı təsis olunarkən qarşısına qoyduğu əsas hədəflərdən biri də elə azərbaycançılıq, əxlaqi dəyərlərimizi, tariximizi yaymaq və dünyaya çatdırmaqdır. Məhz Xocalı həqiqətlərini, azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan Amerika Alyansı bu kampaniyaya başlayıb. Kampaniya bir neçə mərhələdən ibarətdir. Tədbirlər ardıcıl olaraq bir neçə həftə ərzində ABŞ-ın müxtəlif küçələrində, insanların daha çox toplaşdığı yerlərdə keçiriləcək. Bundan başqa, posterlər yapışdırılacaq və soyqırım haqqında məlumatlandırıcı kitabçalar paylanacaq", - AAA-nın təsisçisi Anar Məmmədov Xocalı soyqırımı ilə əlaqədar ABŞ-da keçirilən kampaniyanı şərh edərkən bildirib. Geri qayıt |