Əsas Səhifə > Gündəm, Manşet > HEYDƏR ƏSƏDOVUN SEZONU BAŞLAYIR
HEYDƏR ƏSƏDOVUN SEZONU BAŞLAYIR22-02-2012, 14:08 |
HESABLAMA PALATASI BİR NEÇƏ MƏMURU BİTİRƏ BİLƏR DİA.AZ: - Adına «Xalqnəzarəti» («Narodnıykontrol») deyilən «zəhmli» qurum sovet dövrü insanlarının yaxşı yadında qalıb. Bu qurumun işi dövlət vəsaitini mənimsəyənlərə, izafi xərclərə yol verənlərə qarşı yönəlmişdi. Yəni dövlətin vəsaitinə nəzarət edirdi. SSrİ dağılanda digər vacib sahələr kimi, bu sahə də xeyli müddət nəzarətsiz qaldı və ciddi boşluq yarandı. Əslində, «Xalqnəzarəti»nin qalması da mənasız idi. Prezident tərəfindən imzalanan 07 yanvar 1999-cu il tarixli 69 nömrəli «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» Fərman dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti addım oldu. Fərman ölkədə maliyyə nəzarətini bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmağa, maliyyə nəzarətinin ağırlıq mərkəzini dövlət büdcəsi gəlirlərinin formalaşmasına və xərclərin səmərəliliyinin yüksəldilməsinə, maliyyə nəzarətinin korrupsiya alətinə çevirən əngəllərdən azad edilməsinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsinə istiqamətləndirdi. Beləliklə, uzun fasilədən sonra nəhayət, müstəqil dövlətin inkişafı üçün çox vacib olan Hesablama Palatası yarandı. Onu da qeyd etmək lazımdır ki, Hesablama Palatası ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən yaradılır və onun qarşısında hesabatlıdır. Yəni Hesablama Palatası icraedici orqana tabe deyil. Bu ona öz fəaliyyətində xeyli müstəqillik verir. Son illər Hesablama Palatasının yoxlamaları sayəsində milyonlarla dövlət vəsaiti bərpa olunub, xeyli nöqsan və pozuntular ortaya çıxarılıb və nəticədə dövlətə böyük maddi ziyan dəydiyini təsdiq edən materiallar ölkənin Baş Prokurorluğuna göndərilib. Və bu materiallar əsasında xeyli sayda vergi ödəyicisinə qarşı cinayət işi açılıb. Son illər Hesablama Palatasının nəzarət tədbirləri sayəsində böyük sayda əlavə ştat vahidləri, qruplar ləğv edilib. Hesablama Palatası son illərdə Dövlət Sosoial Müdafiə Fondunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər dövlət qurumlarında ciddi yoxlamalar aparıb. Xatırladaq ki, Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yoxlayarkən ciddi nöqsanlar üzə çıxarmışdı. Həmin vaxt bildirilirdi ki, bu nöqsanlar əlil və şəhid ailələri üçün tikilmiş mənzillərin bölüşdürülməsi ilə bağlıdır. Belə ki, araşdırmalar zamanı məlum olmuşdu ki, nazirliyin inşa etdiyi binaların bölüşdürülməsində xeyli neqativ hallar var və ən pisi odur ki, mənzillərin xeyli hissəsi bölüşdürülməmiş qalıb. “Dünya” İnformasiya Agentliyinə (dia-az.site) daxil olan məlumata görə, Hesablama Palatası 2012-ci ildə də xeyli dövlət qurumlarında yoxlamalar keçirməyi planlaşdırıb. Həm də nəzərə almaq lazımdır ki, ölkədə korrupsiyaya qarşı mübarizə elan olunub, bu məsələdə ölkə başçısı ortaya ciddi siyasi iradə qoyub və bu kampaniya müvəqqəti xarakter daşımır. Ona görə də builki yoxlamaların ötən illərlə müqayisədə daha ciddi olacağını proqnozlaşdırmaq olar. Məlumata görə, Hesablama Palatasi bu il Sənaye və Energetika Nazirliyində, Meliorasiya və Su Təsərrüfatı ASC-də, Ucar Suvarma Sistemləri İdarəsində, Ucar Meliorasiya İdarəsində yoxlamalar aparacaq. Hesablama Palatası eyni zamanda Bakı şəhərinin abadalaşdırılmasına ayrılan vəsaitin xərclənməsinə və Dövlət Yol Polisinə daxil olan cərimələrin yığılmasına nəzarət edəcək. Bəzən mətbuatda Hesablama Palatasının yoxlamalarını az qala keçmiş «Narodnıykontrolun», ya da «OBXESS»-in yoxlamaları ilə eyniləşdirib kiminsə vurulacağını söyləyirlər. Biz bu fikirdə deyilik və bunları növbəti yoxlamalar hesab edirik. Ancaq hər halda Hesablama Palatasının siyahısında «su idarələri»nin çox olması Əhməd Əhmədzadəni bitirə bilər. Unutmaq olmaz ki, bu il ciddi məmur, özü də iri məmur qurbanların olacağı il kimi proqnozlaşdırılır. Ona görə də bu il Hesablama Palatası üçün xeyli çətin və yaddaqalan olacaq... Geri qayıt |