Əsas Səhifə > Hadisə > BAŞ REDAKTORA TƏZYİQLƏR BAŞLADI
BAŞ REDAKTORA TƏZYİQLƏR BAŞLADI20-02-2012, 15:39 |
VASİF TURANIN QAYNANASINA MƏXSUS MƏNZİL YAĞMALANIB Ötən ilin oktyabrın 7-də Qobu qəsəbəsində yerləşən evinin yanması nəticəsində iki övladını itirmiş Bolgexeber.com saytının rəhbəri Vasif Turanın qaynanasının evi dağıdılıb. Bu barədə Redaksiyamıza açıqlama verən Vasif Turan bildirib ki, qaynanasının evi də Qobu qəsəbəsində, onun yanmış evinin yaxınlığında yerləşir. O deyib ki, yanğın hadisəsindən sonra qaynanası onlarla birlikdə Bakıda qohumlarının birinin evində qalırmış. «Hadisədən sonra bizə dəstək olmaq üçün birlikdə qalırdıq. Üç gün bundan əvvəl isə xəbər gəldi ki, Qobudakı evini dağıdıblar. Əvvəlcə evə gələn elektrik xəttini kəsiblər. Daha sonra isə evdəki əşyaları aparıblar». V.Turan həmçinin qeyd edib ki, onun evi yandırılmamışdan əvvəl qaynanasının evinə gələn şəxslər oradan çıxmağını tələb ediblər. Bu proses yanğın hadisəsindən sonra da davam edib. Lakin dəfələrlə belə halların baş verməsinə rəğmən, qaynanası evini tərk etməyib və Qobudan çıxmaq fikrində olmayıb. «Hələ evim yanmamışdan əvvəl Qobu qəsəbəsində yerləşən Kərpic Zavodunun direktoru Rəsulun adamları dəfələrlə qaynanamdan evindən çıxmasını tələb etmişdilər. Son dövrlərə qədər də bu proses davam edirdi. Hər dəfə bu təkid və təzyiqlərə baxmayaraq, qaynanam evini tərk etmirdi. Bakıda bizimlə birlikdə qalmasından sui-istifadə edənlər evi yağmalayıblar». Hadisə ilə bağlı Abşeron Polis Şöbəsinə və 102 saylı Xidmətə məlumat verdiyini deyən Bolgexeber.com-un rəhbəri artıq qaynanasının müstəntiq tərəfindən çağırıldığını da vurğulayıb. O bildirib ki, Abşeron polisində qaynanasından hadisə ilə bağlı izahat alınıb. «Abşeron polisində qaynanamdan izahat alınıb və deyilib ki, hadisəni törədənləri tapacaqlar». Baş redaktor bildirir ki, istintaqın gedişatı zamanı belə bir hadisənin baş verməsi ona qarşı təzyiqin tərkib hissəsidir. «Bu mənə edilən təzyiqdir. Evimi yandıranlar bu yolla təzyiqlərini davam etdirirlər ki, bu işin arxasınca getməyim. Lakin bütün hallarda mən övladlarımın qatillərini tapmaq üçün bütün vasitələrə baş vuracam. Bu cür təzyiqlərlə geri çəkiləcəyimi düşünənlər yanılırlar». Bu əsnada o da məlum olub ki, bundan sonra Vasif Turanın hüquqlarını Rasim Əlizadə müdafiə edəcək. O deyib ki, bundan sonrakı mərhələdə bir sıra addımlar atmağı düşünürlər və yaxın günlərdə keçirəcəkləri mətbuat konfransında bu barədə geniş məlumat verəcəklər. Geri qayıt |