Əsas Səhifə > Hadisə, Manşet > AZAD RƏHİMOVDAN SÜRPRİZ ADDIM

AZAD RƏHİMOVDAN SÜRPRİZ ADDIM


17-02-2012, 15:36
AZAD RƏHİMOVDAN SÜRPRİZ ADDIM

GƏNCLƏR VƏ İDMAN NAZİRİ AFFA SƏDRLİYİNƏ İDDİASINI AÇIQLADI

DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan Futbol Federasiyalar Assosiasiyasına (AFFA) mart ayında prezident seçkiləri keçiriləcək.

AFFA-nın mətbuat xidmətindən bildiriblər ki, martın 9-da AFFA-nın hesabat-seçki konfransında quruma prezident seçkiləri baş tutacaq.

Hesabat-seçki konfransının gündəliyinə, həmçinin, AFFA-nın hesabatı, maliyyə hesabatı, AFFA-nın ötən il üçün fəaliyyətinin qiymətləndirilməsi məsələləri daxil edilib.

2008-ci ildən AFFA-nın prezidenti Rövnəq Abdullayevdir. Və Dövlət Neft Şirkətinə rəhbərlik edən Rövnəq Abdullayev yenidən AFFA prezidenti postuna iddialı olduğunu açıqlayıb. Bu barədə mətbuata verdiyi açıqlamasında ARDNŞ şefi bildiridb ki, o, özünün AFFA-dakı fəaliyyətini uğurlu qiymətləndirir.

Amma deyəsən, kimlərsə Rövnəq Abdullayevdən fərqli düşünürlər. Onlardan biri də uzun müddətdir ki, ARDNŞ şefi ilə bir çox müstəvilərdə maraq toqquşması yaşayan gənclər və idman naziri Azad Rəhimovdur. «Dünya» İnformasiya Agentliyi redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, Azad Rəhimov mart ayının 9-da Rövnəq Abdullayevi şoka salacaq addımı atmağa hazırlaşır:

«Hələlik bu barədə qəti qərar verilməyib. Amma nazir yaxınları ilə söhbətində bildirib ki, Rövnəq Abdullayevlə bir az oynamaq istəyir və AFFA-dakı seçkilərdə namizədliyini irəli sürəcək».

Bu qərarın nə qədər ciddi olduğu bilinməsə də, Azad Rəhimovun RövnəqAbdullayevə qarşı olması bir faktdır. Onların futbol qumarında da bir-birilərinə rəqib olması barədə məlumatlar davamlı olaraq dövrü mətbuatda yer alıb. Mötəbər mənbəmiz bildirir ki, hətta Azad Rəhimovun zarafatyana formada ifadə etdiyi namizədlik məsələsi hakimiyyətin bəzi çevrələri tərəfindən ciddiyə alınıb və nazirə belə bir ismarıc da yollanılıb: «NİYƏ DƏ YOX?»

Bunu diqqətə çatdıran hökumət içindəki mötəbər qaynaq eyni zamanda redaksiyamıza bildirdi ki, bəlkə də GİN şefi müəyyən müddətdən sonra bu ideyasını reallaşdıra da bilər: «Hələ 9 mart tarixinə qədər vaxt var və ola bilsin ki, nazir ilk əvvəl zarafat kimi dediyi sözü gerçək etsin». Belə yerdə bizə isə yalnız gözləmək qalır. Ən azından 9 marta qədər. Mövzu diqqətimizdədir...


Geri qayıt