Əsas Səhifə > Hadisə > “ZİYA MÜƏLLİM BALAXANI-ZABRAT YOLUNA GƏLSİN...”
“ZİYA MÜƏLLİM BALAXANI-ZABRAT YOLUNA GƏLSİN...”16-02-2012, 12:49 |
JURNALİSTLƏR NAZİRİ "PROBKA"lı YOLA DƏVƏT ETDİ Bakıda uzun illər həllini gözləyən məsələlərdən biri də tıxac problemidir. Qar yağandan sonra isə bu problem daha da dərinləşib. Metronun “Koroğlu” stansiyasının qarşısı hər axşam böyük bir izdihamı xatırladır. Bunun səbəbi də Sabunçu, Balaxanı, Ramana, Zabrat, Maştağa, Nardaran, Kürdəxanı, Məhəmmədi, Pirşağı və həmin istiqamətdən şəhərə gedən və gələn marşrut avtobuslarının saatlarla tıxacda qalmasıdır. Tıxacın yaranmasının başlıca səbəbi isə 1 il əvvəl Sabunçu dairəsindən Zabrat istiqamətinə çəkilmiş asfalt yolun dağınıq vəziyyətdə olmasıdır. Qarlı və şaxtalı havalardan sonra onsuz da pis vəziyyətdə olan yol keçilməz hala düşüb. Amma bununla bağlı heç bir tədbir görülmür. Bu səbəbdən də Sabunçu dairəsi üzərindəki körpünün üstündən başlayaraq Zabrat qəsəbəsinə kimi 10 kilometrlik tıxaclar yaranır. 15-20 dəqiqəlik yolu qeyd edilən qəsəbələrin sakinləri 2-3 saata getməli olurlar. Maraqlıdır ki, həmin tıxacların aradan qaldırılması ilə məşğul olmalı olan Yol Patrul Xidmətinin ərazidə xidmət aparan əməkdaşları da faktiki olaraq əlacsız durumdadırlar. Onlar qeyri-rəsmi söhbətlərində Nəqliyyat Nazirliyini yolu təmir etməməkdə günahlandırırlar. Deyirlər ki, YPX əməkdaşları yoldakı dərələrə düşüb yerində “buksavat”layan avtomobilləri itələyib yolun kənarına çıxarmaqdan beziblər. “Yoldakı çalalar o qədər böyük və dərindir ki, nəqliyyat vasitələrinin sürücüləri həmin dərələrdən yan keçmək üçün istər-istəməz bir-birinin yoluna çıxmalı olurlar. Buna görə də surət azalır, tıxac yaranır”- deyə adının çəkilməsini istəməyən YPX əməkdaşı “Yeni Müsavat”ın müxbirinə bildirib. Onun sözlərinə görə, Balaxanı qəsəbəsinin birinci döngəsindəki işıqforun olduğu ərazi xüsusilə bərbad və keçilməz durumdadır. Üstəlik yolun həmin hissəsi də nəqliyyat axınına görə həddindən artıq ensizdir: “Nəqliyyat vasitələri Sabunçu dairəsinə kimi 8 zolaqlı, körpünü keçəndən sonra 4 zolaqlı yolla hərəkət edirlər. Balaxanı qəsəbəsinin birinci döngəsi isə demək olar ki, 3 zolaqlıdır. Bu nöqtəyə qədər ticarət obyektlərinin qarşısında nəqliyyat vasitələrinin dayanması da tıxacın yaranmasına səbəb olur”. Qeyd edək ki, belə vəziyyət hər gün gecə və gündüz davam edir. Hər gün bu yoldan istifadə edən əməkdaşlarımız nəqliyyat naziri Ziya Məmmədovu axşam saatlarında həmin yoldan keçməklə evinə getməyə dəvət edirlər. Ümid edirlər ki, nazir 15-20 dəqiqəlik yolu 3 saata gedəndən sonra tıxac problemi həllini tapacaq. musavat Geri qayıt |