Əsas Səhifə > Hadisə > DEPUTAT DA NARAZILIQ EDİR
DEPUTAT DA NARAZILIQ EDİR15-02-2012, 15:13 |
"PREZİDENT TAPŞIRIQ VERSƏ DƏ, HEÇ BİR İRƏLİLƏYİŞ YOXDUR" 2011-ci ilin əvvəlində Prezident İlham Əliyev Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyati qurumlara tapşırıq verdi. Prezidentin məlum tapşırığından bir il keçir. Görəsən, aidiyyati qurumlar tapşırıqla bağlı hansi işləri görüblər? Məsələ ilə bağlı Modern.az saytı aidiyyati qurumlardan müasibət öyrənib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) mətbuat xidmətinin rəhbəri Eldar Sadıq deyib ki, evlərin sənədləşdirilməsi ilə bağlı komitə öz rəyini Nazirlər Kabinetinə təqdim edib: “Milli Məclisdə belə bir sənəd qəbul olunmalıdı. Bu məsələnin konkret olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə birbaşa aidiyyatı yoxdur”. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov paytaxtadkı sənədsiz evlərin səndləşdirilməsinin Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) tapşırıldığını bildirib: “Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı cənab Prezident Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) tapşırıq verib. Amma buna baxmayaraq, heç bir irəliləyiş yoxdu. Hətta biz bu yaxınlarda Şəhərsalma və Tikinti Məcəlləsini müzakirə edəndə bir daha bu məsələyə toxunduq və bildirdik ki, problem həllini tapmayıb. Yəqin ki, məsələ ilə bağlı araşdırmalar aparılır, sənədlər hazırlanır, siyahılar tutulur. Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdı. Çünki son vaxtlar sənədsiz evlərlə əlaqadar problemlər həddindən artıq çoxalıb. Qeydiyyatsız evlər sökülür, insanlara evlər verilmir. Milli Məclisdə Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunanda məsələyə yenidən baxılacaq. Bununla bağlı bizim komitəyə isə heç bir sənəd daxil olmayıb”. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova məsələ ilə bağlı hər hansı məlumatının olmadığını deyib: “Bu barədə bizdə məlumat yoxdur. Bu işlə məşğul olmaq digər qurumlara, əsasən də Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılıb”. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovla dəfələrlə əlaqə saxlamaq cəhdimiz isə baş tutmayıb. Geri qayıt |