Əsas Səhifə > Siyasət, Manşet > BAKI MERİ «İNCİK VƏZİYYƏTƏ» SALINIB

BAKI MERİ «İNCİK VƏZİYYƏTƏ» SALINIB


15-02-2012, 14:58
BAKI MERİ «İNCİK VƏZİYYƏTƏ» SALINIB

HACIBALA ABUTALIBOV HANSI NAZİRLƏ BAĞLI PREZİDENTƏ ŞİKAYƏT EDİB?

DİA.AZ: - Özünün baməzə reaksiya və davranışları ilə hakim komandada xüsusi olaraq fərqlənən, eyni zamanda uzun müddətdir gedişi barədə dastanlar yazılmasına rəğmən hələ də «Ölməz Kaşey» imicini qorumağa müvəffəq olmuş Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla bağlı redaksiyamıza çox maraqlı faktlar daxil olub. Mötəbər mənbələrin «Dünya» İnformasiya Agentliyinə (dia-az.site) bildirdiklərindən belə aydın olur ki, bu günlərdə baş vermiş bir hadisə Hacıbala Abutalıbovun hətta prezidentə şikayətlənməsinə səbəb olub.

Onu da qeyd edək ki, Hacıbala Abutalıbov bir zamanlar ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan və əksəriyyəti vəzifə ilə mükafatlanmış məşhur «91-lər»in görəv başında qalan nadir nümunələrindən biridir. Xatırladaq ki, mərhum prezident Heydər Əliyev zamanında «91-lər»i «YAP-ın qafmağı» da adlandırmışdı ki, sonradan bu ifadə dillər əzbəri oldu.

Lakin 2005-ci ildən etibarən vəzifə başında olan bu zümrənin nümayəndələrinin əksəriyyəti mövqelərini itirməli oldular. Hətta belə bir məlumatlar da yayıldı ki, YAP köhnə eşalondan təmizlənir. Lakin bunun belə olmadığı sonradan aydın oldu. Çünki hədəfdə yalnız «91-lər» idi - zamanında mərhum prezident Heydər Əliyevi Bakıya dəvət edənlər. Bu gün onlardan yalnız vəzifə başında iki şəxs qalıb: «Azərbaycan» Dövlət Nəşriyyatına rəhbərlik edən Ağabəy Əsgərov və bir də barəsində danışdığımız Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, bu günlərdə məmurlardan bir çoxunun da iştirakı ilə bir yeyib-içmək məclisi təşkil olunub. Məclisin hansı səbəbdən təşkil edildiyi barədə dəqiq bilgilər almasaq da, bu barədə danışan mənbəmiz bildirdi ki, həmin məclisdə Hacıbala Abutalıbov da iştirak edib: «Bakı merini bir növ ələ salan vəziyyət yarandı. Belə ki, kifayət qədər sambalı olan nazirlərimizdən biri Hacıbala Abutalıbovun «91-lər»dən olmasını xatırladaraq, onun şəninə təriflər yağdırsa da, sonradan sözün əsl mənasında Bakı merini təhqir də edib».

Mənbəmiz bildirir ki, Hacıbala Abutalıbovun «YAP-ın qaymağı» hesab etmədiyini bildirən həmin nazir sözünün davamında qeyd edib ki, Hacıbala Abutalıbov əgər qaymaqdırsa, çoxdan qıcqırıb: «Təbii ki, bu ifadə çox ağır olduğundan Bakı meri məclisi yarımçıq tərk edib». Məlumatlara görə, məclisi nümayişkaranə formada tərk etməklə kifayətlənməyən Hacıbala Abutalıbov hətta baş verənlər bağlı prezidentə də şikayətlənib.

Redaksiyamıza daxil olan bilgilərdən məsələnin hansı sonluqla bitdiyi aydın olmur. Qaynağımız yalnız onu bildirdi ki, Hacıbala Abutalıbov bu gün hakim düşərgədə nə qədər qeyri-ciddi adam təsiri bağışlasa da, ona yuxarılar tərəfindən çox isti münasibət var: «Bu isə belə deməyə əsas verir ki, həmin nazirimiz ən azından məlum davranışlarına görə tənbeh edilib».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…


Geri qayıt