Əsas Səhifə > Siyasət, Manşet > ŞƏMSƏDDİN HACIYEVƏ QARŞI SƏRT İTTİHAM

ŞƏMSƏDDİN HACIYEVƏ QARŞI SƏRT İTTİHAM


15-02-2012, 13:24
ŞƏMSƏDDİN HACIYEVƏ QARŞI SƏRT İTTİHAM

PROFESSOR PREZİDENTƏ ŞİKAYƏTİNDƏ “NARXOZ”DAKI RÜŞVƏTDƏN DANIŞDI

İqtisad elmləri doktoru, professor Bədirxan Musayev prezident İlham Əliyevə, dövlət və hökumət rəsmilərinə ünvanladığı müraciətin surətini “Media forum” saytına göndərib.

Müraciətində professor Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevdən gileylənir. Bədirxan Musayev bildirir ki, 2011-ci il noyabr ayının 4-nə qədər Şəmsəddin Hacıyevin müşaviri, eyni zamanda həmin il noyabr ayının 11-nə qədər universitetdə iqtisadi kibernetika kafedrasının müdiri vəzifələrində işləyib: “Orada baş verən bütün qanunsuzluqlardan dəqiqliyi ilə xəbərdaram. Məhz qanunsuzluqlara qarşı barışmaz mübarizə apardığımdan Şəmsəddin Hacıyev məni susdurmağa çalışdı və bu gün də susdurulmağım üçün bütün variantlara əl atılıb. Yəqin düşünür ki, bununla məni haqlı mübarizəmdən çəkindirib qanunsuzluqları barədə möhtərəm cənab prezidentimizə və Baş Prokurorluğa ərizə və müraciətlərimin qarşısını ala biləcək.

Bəli, bu gün universitetdə rüşvət ən yüksək səviyyədə tüğyan edir. Bu gün universitetdə pul yığmağı bacarmayanlar və yaxud rektorun qanunsuz əməllərinə çəpik çalmayanlar ərizələri məcburi alınmaqla, ya da əsassız əmrlərlə işdən azad olunurlar. Bundan əlavə, Dərbənd filialına ildə 500-600 tələbə qəbul olunmaqla milyonlarla rüşvət alınır. Girişdə, yəni qəbulda küt tələbə qəbul edirlər, çıxışda (köçürmədə) isə 500-600 bal toplayan tələbələrin siyahısına daxil edirlər.

Bir qədər keçmişə gedib deyim ki, mən universitetdəki bu faktların aradan qaldırılması üçün dəfələrlə rektora şifahi və yazılı müraciətlər etmişəm. Nəticə olmayanda isə prezident İlham Əliyevə üz tutdum. Məhz buna görə də məni təqib etdirdi, nəhayət, ötən ilin noyabr ayında məni müşavir və kafedra müdiri vəzifələrindən uzaqlaşdırdı. Ömrünün 60 ilini bir təhsil ocağında keçirmiş insanı işdən azad etməklə bərabər, xidməti otağımdakı əşyalarımı da universitetin həyətinə tökdürdü”.

Bədirxan Musayevin müraciəti bu sözlərlə bitir: “Sizdən çox xahiş edirəm ki, rektor Şəmsəddin Hacıyevin mənə qarşı haqsız hərəkət və əməllərinin, mənə edilən basqıların, təzyiq və təhdidlərin durdurulmasına köməklik göstərəsiniz!”


Geri qayıt