Əsas Səhifə > Siyasət, Manşet > ELMAN RÜSTƏMOV PUL ÇAPI KORRUPSİYASINDA!

ELMAN RÜSTƏMOV PUL ÇAPI KORRUPSİYASINDA!


14-02-2012, 13:13
ELMAN RÜSTƏMOV PUL ÇAPI KORRUPSİYASINDA!

AVSTRİYANIN HÜQUQ-MÜHAFİZƏ ORQANLARI AZƏRBAYCANDAN İZAHAT İSTƏYİR

DİA.AZ: - Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun adı yenidən gündəmdədir. Bildirək ki, ölkənin baş bankiri hələ keçən ilin ortalarında da bir sıra mətbu orqanlar tərəfindən hədəfə çevrilmişdi. Lakin sonradan sanki bir sirli qüvvənin əli ilə MBİH sədrinə qarşı səslənən ittihamlar qarışıq, onun adı belə unuduldu.

Lakin bir neçə gün əvvəl baş verən olay, yenidən baş bankiri ittiham hədəfinə çevirməklə yanaşı, həm də köhnə mövzuların xaırlanmasına nədən oldu. Bildirək ki, Elman Rüstəmova qarşı ittihamların araşdırılmaması diqqətdən qaçmadı. Söhbət Azərbaycanın Mərkəzi Bankı ilə Avstriyanın Mərkəzi Bankının törəmə şirkəti arasındakı müqavilə ilə bağlı rüşvət qalmaqalından gedir.

Xatırladaq ki, Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) şirkəti Azərbaycan da daxil olmaqla, bəzi ölkələr üçün milli banknotların çapı ilə bağlı müqavilələr bağlamaq üçün yerli rəsmilərə rüşvət verməsi barədə cinayət işi başlanıb. Bu işin istintaqı xeyli vaxtdır ki, davam edir.

Avstriya mətbuatı yazır ki, həm Suriya, həm Azərbaycan rəsmilərinə rüşvət verilməsi üçün Panamada qeydiyyatdan keçmiş eyni şirkətdən istifadə olunub. Pullar “Venkoy” adlı bu şirkətin bank hesablarına köçürülüb, daha sonra həmin hesablardan pulların kimlərin əlinə keçdiyi barədə məlumat yoxdur.

Avstriya prokurorları müəyyən edib ki, “Venkoy” şirkətinin adından çıxış edən iki vəkil pulları nağd və köçürmə yolu ilə Azərbaycanda və Suriyada “qərarları qəbul edən şəxslərə” ötürüblər. Banknotların çapı üçün sifarişlər almağın əvəzində ödənilən “şapka” “komission haqq” kimi formalaşdırılıb. Azərbaycanla bağlanan müqavilələrdə bu haqq ildə 10 faizdən 21 faizə qədər dəyişib.

Bu məsələ mətbuata çıxandan sonra Baş Prokurorluğun vəzifəsi məsələni araşdırmaq idi. Lakin hansısa səbəbdən bunun üzərindən keçildi. Ekspertlər prokurorluğun susmasını səbəbsiz olmadığı qənaətindədirlər. Onların fikrincə, Elman Rüstəmovun pul çapı ilə bağlı “sövdləşməsi” iqtidarın başında dayananların razılığı ilə həyata keçirilib.

Bu baxımdan baş bankirə qarşı ittihamlar araşdırılmamış qalıb. “Halbuki normalda bu məsələ araşdırılmalı idi. Çünki ortada kifayəq qədər ciddi ittihamlar var. Bu işlə bağlı istintaq aparılır və Avstriya mətbuatının yazdığından belə məlum olur ki, cinayət işinin materiallarında Azərbaycanın da adı var. Bütün bunlar ciddi əsas verir ki, məsələ Azərbaycanın Baş Prokurorluğu tərəfindən araşdırılsın”, - deyə ekspertlər bildirib.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) bu yöndən daxil olan məlumatlardan aydın olur ki, Elman Rüstəmovu hədəfdə saxlayan hakimiyyətiçi qruplaşma yuxarıda qeyd olunan faktların araşdırılması yönündə fəaliyyətə keçiblər: «Məlum olsa da ki, bu işdə daha böyük qüvvələrin əli var, yenə də Elman Rüstəmov üçün heç də xoş olmayan bir situasiya yarana bilər. Hər halda, pul çapı məsələsində 10-20 faizlik komisyona göz dikmək hansısa ciddi fiqur üçün əhəmiyyətli deyil».

Mənbəmiz bildirir ki, bu işdə Maliyyə Nazirliyinin yüksək ranqlı əməkdaşlarının və hətta nazir Samir Şərifovun adı belə çəkilməkdədir: «Bu işdə kimin əsas suçlu olub-olmamasından aılı olmayaraq hədəfdə Elman Rüstəmovdur. Və bu baxımdan digərlərinin elə də ciddi ittiham hədəfinə çevrilməyəcəyi şəkksizdir». Məlumatlarda o da deyilir ki, MBİH sədrinin rəqibləri pul çapındakı korrupsiya ilə bağlı Azərbaycan dövlətinin müvafiq qurumlarının da anoloji araşdırmalara başlaması üçün çaba sərf etməkdədirlər.

Bu günlərdə isə Avstriyadan Bakıya sözügedən işlə bağlı sorğu göndərildiyini və izahat istənildiyini bildirən mənbəmiz vurğuladı ki, Avstriya prokurorluğunun istintaq araşdırmaları zamanı konkret olaraq Elman Rüstəmovun da adı ittiham obyekti kimi hallandırılıb: «Hələlik rəsmi Bakı sözügedən sorğunu cavablandırmayıb. Amma Elman Rüstəmovun rəqibləri üçün bu göydəndüşmə fürsətdir».

Murad TƏHMƏZOV DİA.AZ - ELMAN RÜSTƏMOV PUL ÇAPI KORRUPSİYASINDA!

Geri qayıt