Əsas Səhifə > Gündəm, Manşet > “SEPARATİZMİ ALVER PREDMETİNƏ ÇEVİRİB”
“SEPARATİZMİ ALVER PREDMETİNƏ ÇEVİRİB”14-02-2012, 11:11 |
KÜRD ƏSİLLİ MƏMURUN “KÜR DİPLOMAT”LA BAĞLI ŞOK AÇIQLAMALARI DİA.AZ: - Son günlər Bakıda nəşr olunan «Kürd Diplomat» qəzeti bölücü fəaliyyətini daha da inkişaf etdirməkdədir. Türkiyə türklərinə həqarət etməyi vərdişə çevirmiş bu qəzetin səhifələrində, hətta Azərbaycanı da aşağılayan ifadə və materiallara da rast gəlmək mümkündür. Ən azından tarixi yerlərimizi və şəxslərimizi kürdləşdirən bu qəzetdə türk kimliyinə düşmən münasibət aşkar surətdə duyulur. Onu da bildirək ki, nədənsə Azərbaycanın müvafiq dövlət qurumları açıq şəkildə separatçılıqla, terroru dəstəkləməklə məşğul olan belə bir mətbu orqanın məlum fəaliyyətini hansısa formada dəyərləndirmirlər. Hətta Milli Təlükəsizlik Nazirliyinə «Kürd Diplomat» qəzetilə bağlı müraciətlər edilsə də, heç bir nəticə hasil olmayıb. Məlumdur ki, Azərbaycan da terrordan əziyyət çəkən ölkədir və neçə illərdir ki, erməni terrorçuları Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqla yanaşı, ölkəmizin ayrı-ayrı istiqamətlərində də teror aktları həyata keçirməkdədirlər. Belə olan təqdirdə PKK-ya açıq dəstək verən və 30 min körpənin qatili olan Abdullah Öcalanı müdafiə edən «Kürd Diplomat» və qəzetin baş redaktoru Tahir Süleyman cəzasız qalır ki, bu da Azərbaycan dövlətinin adına yazılan ayıblardan biri kimi qəbul edilməkdədir. Amma onu da bildirək ki, Tahir Süleymanın bu ikrahdoğuran fəaliyyəti eyni zamanda Azərbaycanda yaşayan kürd əsilli vətəndaşlarımızı da narahat etməkdədir. Elə redaksiyamıza anonim qaydada açıqlama verən kürd əsilli məmurlardan biri də bildirdi ki, Tahir Süleyman cinayətkardır və o, məsuliyyətə cəlb olunmalıdır: «Bu adam elə bir rəy yaratmağa çalışır ki, guya Azərbaycanda kürdlərin haqqı tapdanır. Belə bir şey yoxdur. Azərbaycanda bütün milli azlıqlar kimi kürdlərə də əlahiddə şərait yaradılıb. Və hər zaman kürdlərlə türklər bütün davalarında ortaq olublar, çiyin-çiyinə vuruşublar. Bəzi ölkələrin fitvası nəticəsində Türkiyədə yaşayan bəzi kürdlər Türkiyə türkləri ilə ədavətdədirlər. Hamısı bir plandır və indi də həmin ədavətin Azərbaycanda da toxumlarını səpirlər. Bunun adına cinayətdən başqa bir şey demək olmaz». Həmsöhbətimiz bildirdi ki, Tahir Süleymanın fəaliyyətinin Azərbaycan kürdlərinə heç bir aidiyyatı yoxdur: «Bu adamı kimlərsə öyrədir və bu adam kürdlərin adına şər, böhtan atmaqla pul qazanır. Bir növ separatizmi alver predmetinə çevirib. Amma düşünməlidir ki, bu yolla özünə tərəfdar yox, yalnız düşmən qazana bilər». Geri qayıt |