Əsas Səhifə > Gündəm, Manşet, Ana xəbərlər > Kərəm Həsənovla bağlı ilginc faktlar: TƏHLÜKƏDƏDİR

Kərəm Həsənovla bağlı ilginc faktlar: TƏHLÜKƏDƏDİR


27-12-2013, 11:14
Kərəm Həsənovla bağlı ilginc faktlar: TƏHLÜKƏDƏDİR
Sən demə, komtə sədrinin qardaşı oğurlanıbmış və bunun müqabilində ciddi ziyana düşüb

DİA.AZ: - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı redaksiyamıza ilginc məlumat ötürülüb. DİA.AZ-a xəbəri verən qaynaq iddia edir ki, sən demə, bir neçə il əvvəl komitə sədrinin qardaşlarından biri oğurlanıbmış. Mənbə bildirir ki, bu hadisə Hacı Məmmədov həbs olunduqdan sonra baş verib ki, məhz qeyd olunan fakta görə də azadlıqda Hacı Məmmədovun quldur dəstəsinin bənzərinin qaldığını iddia etmək olar.

Mənbənin söylədikləri: “Kərəm Həsənovun qardaşı axşam saatlarında uzunmüddətli izlənmədən sonra oğurlanıb və Dağıstana aparılıb. Bir neçə gündən sonra Kərəm Həsənova zəng edilib və qardaşının onların əlində olduğu bildirilib. Komitə sədrindən külli miqdarda pul istənilib. Uzun müddət danışıqlar aparılıb, amma dəstə üzvləri istədikləri qədər pul ünvanına çatdırılmayınca oğurladıqları şəxsi qaytarmayacaqlarını bildiriblər. Təxminən 15 gündən sonra Kərəm Həsənov dəstənin dediyi pulu verib və qardaşını girovluqdan azad edib”.

Mənbənin bildirdiyinə görə, qardaşının qaytarılması üçün K.Həsənov bir neçə milyon dollarından keçməli olub: “Kərəm Həsənov həmin dəstənin başında kimlərin durduğunu bilir. Eyni zamanda bu dəstənin üzvlərinin hansı serial cinayətlər həyata keçirdiyini və onlara gözün üstdə qaşın var deyən olmadığını bildiyindən səs-küy salmayıb”.

Qaynağın xəbərində deyilir ki, əslində K.Həsənov və onun deputat qardaşı Malik Həsənovun vəziyyəti bəzi mətbuat orqanlarında yazıldığı kimi yaxşı deyil: “Onların biznesinin böyük hissəsi əllərindən alınıb. Onların adına çıxılan ”Azinko" şirkətinin gəlirlərinin isə cəmi bir neçə faizi Həsənov qardaşlarına çatır. Bu şirkətin gəlirinin böyük hissəsi iqtidardakı familiyalardan birinə aiddir".

Mənbə bildirib ki, K.Həsənovun vəziyyəti daha da pis ola bilərmiş. Amma qüdrətli bir familiyanın çətirinin altına sığınması onu bir qədər qoruyub: “Bununla belə, Kərəm Həsənov hələ də təhlükədən tam sığortalanmayıb. Hər zaman onun başının üstünü qara buludlar ala bilər. Buna səbəb isə Kərəm Həsənovun bir müddət əvvəl hakimiyyət daxilindəki qruplaşmalardakı yerini dəyişdirməsidir. Onun biznesini başqa qrupun çətirinin altına keçirməsi (”krışa"sını dəyişməsi) hakimiyyətdəki başqa böyük bir qruplaşmanı bərk qəzəbləndirib və Kərəm Həsənovun bitirilməsinə qərar verilib. Komitə sədri bunu bilir və himayədarlarının razılığını ala bilsə, canını götürüb ölkədən qaçar. Vəziyyət bu qədər ciddidir".

Mənbənin iddiasına görə, hakimiyyətdəki orta ranqlı məmurlar, oliqarxlarla müqayisədə daha az mal-mülkə sahib olan şəxslər indiki vəziyyəti “böyük balıqların balaca balıqları yeməsi”nə bənzədirlər və səksəkə içərisində “udulacaqları” günü gözləyirlər.

Mövzu ilə bağlı adları çəkilən hər kəsin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt