Əsas Səhifə > Partiya > “Yalnız AXCP və Müsavatla dialoq heç vaxt ola bilməz”
“Yalnız AXCP və Müsavatla dialoq heç vaxt ola bilməz”25-12-2013, 13:32 |
“Media forum” saytının suallarını Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov cavablandırır. - Azərbaycanda hakimiyyət-müxalifət dialoquna ehtiyac varmı? Məsələn, siyasi motivlərlə həbs olunan şəxslərin azadlığa buraxılması bu dialoqun mövzusu ola bilərmi? - Müəyyən partiyalarla iqtidar arasında dialoq aparılır. Parlamentdə təmsil olunan siyasi təşkilatlarla vaxtaşırı görüşüb müzakirələr açırıq, Azərbaycanın milli maraqları baxımından taleyüklü məsələlərdə eyni mövqedən çıxış edirik, bəyanatlar imzalayırıq, addımlar atırıq. Amma Azərbaycanda siyasi motivli həbslər yoxdur. Müxalifətin, bəzi hüquq müdafiəçilərinin siyasi motivli həbs kimi təqdim etdiyi bir nümunəyə baxaq: Nigar Yaqublu avtomobili qanunsuz idarə edib, qəza törədib, nəticədə bir nəfər ölüb. Dünyasını dəyişən şəxsin heç kimi olmadığına görə şikayət edilməyib. Amma fakt budur ki, insan ölüb. Bütün bunlar kameralara düşüb, çəkilib... - Amma dünyasını dəyişmiş şəxsin oğlu, yaxınları var, onlar demişdilər ki, şikayətçi deyillər... - Oğlu Azərbaycandan uzaqlaşıb, ABŞ-da yaşayır, məsələləri bilmir. Bütün hallarda ortada ölüm hadisəsi var, hadisə avtomobili qanunsuz idarəetmə nəticəsində baş verib, onu törədənin sürücülük vəsiqəsi olmayıb. Sonra da deyirlər ki, Nigar Yaqublu siyasi motivlərlə məsuliyyətə cəlb olunub. İqtidar kimdənsə xahiş eləyib ki, qanunsuz maşın sürsün aparıb dirəyə vursun, adam öldürsün? İndi də iddia edirlər ki, qanunsuz maşın sürüb adam ölümünə səbəb olan şəxs siyasi motivlə həbs olunub. Qəzetlərinə də şəklini vurublar, azadlıq istəyirlər. Əməl törədilibsə, buna görə məsuliyyət olmalıdır. Nə fərqi var kimin qızıdır, hansı partiyanın üzvüdür. Əgər cinayət törədənlərin kimin övladı, hansı partiyanın üzvü olduğunu əsas götürsək, buna görə onları məsuliyyətdən azad etsək, ölkədə qanunun aliliyini təmin etmək mümkün olmaz, anarxiya yaranar. Ona görə də kiminsə siyasi motivlərlə həbs olunduğunu iddia edib bunu dialoqun şərti kimi irəli sürmək düzgün deyil. Dialoq şərtsiz olmalıdır. Prezident İlham Əliyev deyib ki, Azərbaycanın bütün məsələləri müzakirə yolu ilə daxildə həll olunmalıdır. Hakimiyyət bəyan edib ki, istənilən məsələni müzakirə etməyə hazırdır. Dialoqla bağlı dövlətin, hökumətin mövqeyi ortadadır. Bəs qarşı tərəf buna hazırdırmı? Öz partiyalarında bununla bağlı ümumi bir razılıq varmı? Müxalifət qanadlarından birini təmsil edən iki partiya buna hazırdırmı? Onlar heç öz aralarında dialoq yarada bilmirlər. Bəs iqtidarla dialoqu necə aparacaqlar, nə danışacaqlar? Hesab edirəm ki, iqtidarla dialoq aparmaq üçün yeni təfəkkürlü insanlar olmalıdır. Bunlar iqtidar-müxalifət qarşıdurmasını düşmənçilik səviyyəsində aparırlar, çünki bu insanların təfəkkürü, düşüncəsi 1990-cı illərdə qalıb. Həmin adamlar indi tutduqları yerlərdən uzaqlaşmayınca həmişə dialoqa mane olacaqlar. - Müxalifət isə bəyan edir ki, dialoqa hazırdır, amma hakimiyyət bunda maraqlı deyil. İqtidarın imkanları daha genişdir. Müxalifətlə dialoq üçün addım atılmasına nə mane olur? - Hakimiyyət addım atır, bəyanat verir, mövqeyini açıqlayır. Qalır müxalifət, növbə onlarındır. - Müxalifət də dialoqa hazır olduğunu söyləyir... - Müxalifət bunu ümumi qaydada deyir, dialoqa hazır olduqlarının başqa əlaməti ortada yoxdur, görünmür. - Hesab edirsiniz ki, müxalifətin hazırkı mövqeyi dialoqa mane olur? - Təbii. Əsasən də müxalifətdəki müəyyən adamlar buna imkan vermirlər, dialoqa mane olurlar. - Kimlərdir? - Bəzi partiyaların sədrləri, onların müavinləri prosesi pozurlar. - Siyavuş müəllim, YAP müxalifətdəki hansı partiya, təşkilat və qüvvələrlə dialoqu mümkün sayır? - Azərbaycanda müxalifət birrəngli deyil. Müxtəlif mövqeli partiyalar var. Eyni zamanda müxtəlif səbəblərə görə müxalifətdə olan siyasi partiyalar var. İqtidarla həmin partiyaların əksəriyyəti arasında dialoq aparılır, birgə tədbirlər keçiririk, bəyanatlar veririk, müraciətlər imzalayırıq. Bir neçə partiya isə özünü həm cəmiyyətdən, həm də iqtidar-müxalifət münasibətlərindən tamamilə təcrid edib. Onların nəinki hakimiyyətlə, heç normal müxalifətçilik edən başqa partiyalarla da əlaqələri, münasibətləri yoxdur. Bəs iqtidarla dialoqu necə aparacaqlar? Dialoq ümumi olmalıdır, bunu başqaları da nəzərə almalıdır. ATƏT tədbir keçirir, ora yalnız iki müxalifət partiyasını çağırır, başqalarını kənarda saxlayır. Sual yaranır ki, sən bunların müxalifət olduğunu, digərlərinin isə olmadığını necə müəyyənləşdirirsən? Əgər hakimiyyəti tənqid etməyi meyar kimi götürürlərsə, tədbirlərə dəvət olunmayanlar daha çox tənqid edir, fikir söyləyir, təklif verir. Bəs niyə ayrı-seçkilik salırlar? - Bu sualları ATƏT-in Bakı ofisinin rəhbərliyinə vermisiniz? - YAP-da və başqa yerlərdə keçirilən görüşlərdə dəfələrlə məsələ qaldırmışıq, suallar vermişik. Onlara deyirik ki, tədbir keçirirsinizsə, rəsmən qeydiyyatdan keçmiş bütün partiyaları dəvət edin. Məsələyə ən doğru yanaşma budur. Yaxud da iqtidar-müxalifət dialoqu təşkil edirlər, biz gedirik, müxalifət kimi də bütün müxalifət partiyaları dəvət olunmalıdır. Niyə ADP müxalifət hesab olunmur, amma Müsavat Partiyası müxalifət sayılır? Yaxud da BAXCP, KXCP müxalifət sayılmır, amma AXCP müxalifət hesab edilir? Belə yanaşma həmin partiyaların dialoqla bağlı mövqelərində çaşqınlıq yaradır. Dialoq ümumi olmalıdır. Bütün müxalifət partiyaları toplaşmalıdır, iqtidar da gəlib oturmalıdır və müəyyən bir məsələnin müzakirəsi aparılmalıdır. Amma bir-iki partiya ilə dialoqdan söhbət gedə bilməz. Dialoq bütün siyasi sistemi əhatə etməlidir. - ATƏT-in Bakı ofisindən bu iradlarınıza, suallarınıza nə cavab veriblər? - Məsələni dəfələrlə gündəmə gətirsək də, əsaslı cavab almamışıq. Nəinki biz, başqa partiyaların nümayəndələri də bu məsələni qaldırıblar, tədbirlərə niyə dəvət olunmadıqlarını soruşublar. Məsələn, Ana Vətən Partiyası məsələ qaldırır ki, Azərbaycanda ilk yaranan partiyalardan biriyəm, hansı əsasla ATƏT bizi tədbirlərinə çağırmır, arqumentiniz, əsasınız nədir? ATƏT rəsmilərinə bu iradları bildirəndə qəbul edirlər. Amma fəaliyyətlərində, yanaşmalarında dəyişiklik eləmirlər, yenə də ayrı-seçkiliyə yol verirlər. - Bəlkə Ana Vətən Partiyası hakimiyyət yönlü olduğuna görə iqtidar-müxalifət dialoquna dəvət olunmur? Yəni hakimiyyət nümayəndələri müzakirələrdə iştirak edirlər, əsas da hakimiyyətin mövqeyidir fikri əsas götürülür... - Bu məsələ də müəyyən rol oynayır. Amma partiya qeydiyyatdan keçib, fəaliyyət göstərir, öz nizamnaməsi, mövqeyi, hədəfləri var. Ona görə də məsələyə hər bir partiyanın öz mövqeyi var prizmasından yanaşılmalıdır. - AXCP, Müsavat və bir neçə partiyanın iştirak etdiyi müzakirələri iqtidar-müxalifət dialoqu saymırsınız? Bu formatda dialoq mümkün deyilmi? - Söhbət iqtidar-müxalifət dialoqundan gedirsə, burada hakim partiya və bütün müxalifət iştirak etməlidir. Yalnız AXCP və Müsavatla dialoq mümkün deyil, heç vaxt da ola bilməz. Azərbaycanda yalnız iki partiya mövcud deyil. Ölkədə 100-dən artıq partiya var, bunların 50-dən çoxu rəsmi dövlət qeydiyyatından keçib. Onlardan da təxminən 20-si müxalifətdə olduğunu bəyan edib, hakimiyyəti bəyənmir, gecə-gündüz iqtidarı tənqid edir. - Bəzi partiyalar dövlət qeydiyyatından keçsə də, fəaliyyəti gözə dəymir. Onların iqtidar-müxalifət dialoqunda iştirakının nə kimi xeyri ola bilər? - Bütün partiyalar fəaliyyət göstərir, heç kimə demək olmaz ki, sənin işin görünmür. Fəaliyyətin müxtəlif formaları var. Mən uzun illərdir partiyalarla işləyirəm, elmi işim də bu mövzudadır, siyasi partiyaların fəaliyyətini həm nəzəri, həm də praktik şəkildə araşdırmışam. Azərbaycanda siyasi partiyaların təsnifatı belədir: Birincisi, ölkənin bütün ərazisində fəaliyyət göstərən partiya - bu, yalnız YAP-dır. İkincisi, elə partiya var ki, paytaxtda və bir neçə regionda mövcuddur. Üçüncüsü, yalnız paytaxtda fəaliyyət göstərən partiyalar var. Dördüncüsü də yalnız qəzet səhifələrində görünən partiyalardır. Yəni ölkənin siyasi mənzərəsi dörd tip partiyadan əmələ gəlib. Biri qəzet səhifələrində fəaliyyət göstərir, hər gün bəyanat verir, çıxış edir, məsələlərə münasibət bildirir, amma sosial bazası, elektoratı yoxdur. Sadəcə olaraq partiyanın rəhbər strukturları var, aşağı təşkilatlardan isə heç bir xəbər yoxdur. Digərləri qəzet üzərində, qismən də real həyatda fəaliyyət göstərir, dar sferanı əhatə edir. YAP-ın isə ölkənin hər bir yaşayış məntəqəsində yerli təşkilatı var. Asiya ölkələrində, Avropa Xalq Partiyasında bizim təcrübəmizdən yararlanırlar və YAP-ın əsas gücünün yerli strukturlarda olduğunu etiraf edirlər. Biz əsas gücümüzü yerli təşkilatların gücləndirilməsinə yönəldirik. Çünki seçki yerlərdə olur, yalnız paytaxtda və partiyanın qərargahında keçirilmir. Bizim isə hər regionda ictimai-siyasi proseslərdən baş çıxaran, insanları arxasınca aparmağı bacaran sanballı nümayəndələrimiz var. Kimin fəaliyyəti var, kiminki yoxdur prinsipini əsas götürsək, ələkdən keçirsək, bir-iki partiya qalacaq. - Hansılar qalacaq? - Eləsi var yeni yaranıb, amma neçə illər fəaliyyət göstərən partiyaları keçib, yaxşı işləyir, irəli gedir. - Siyavuş müəllim, YAP ATƏT-in Bakı ofisinin iqtidar-müxalifət dialoqu təşkil etməsindən narazıydı. 2014-cü ilin yanvarından Bakı ofisinin mandatı dəyişdiriləcək və layihə koordinatoru funksiyasını yerinə yetirəcək. Çox güman ki, ATƏT-in Bakı ofisi bundan sonra iqtidar-müxalifət dialoqu təşəbbüsü ilə çıxış etməyəcək. YAP-ın dialoq təşəbbüsünü öz üzərinə götürməsi mümkündürmü? - YAP bir neçə dəfə dialoq təşəbbüsü ilə çıxış edib, bundan sonra da çıxış edə bilər. Bizim təşəbbüsümüz əsasında bir neçə dəfə dialoq baş tutub. Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi və başqa məsələlərlə bağlı beynəlxalq təşkilatlara müraciət imzalanması üçün partiyaları dəvət etmişik. Bəziləri müraciəti imzalayıb, bəziləri imzalamayıb. Təxminən beş il əvvəl partiyaların qərargahında toplanmaq, müzakirələr aparmaq təşəbbüsü vardı. Bu formatda bir neçə görüş keçirildi. Növbəti görüş YAP-ın qərargahında olmalıydı. Biz də dialoq mövzusu kimi siyasi partiyaların maliyyələşməsi məsələsini seçmişdik. Amma bir sıra partiyalar bu mövzunun müzakirəsindən boyun qaçırdı, görüşə gəlmədi, bununla da dialoq pozuldu. Dialoq zamanı hansı mövzunun müzakirəyə çıxarılması da böyük əhəmiyyət kəsb edir. AXCP sərbəst toplaşmaq azadlığının təmin olunması mövzusunu seçmişdi. Müsavat Partiyası da başqa mövzu qoymuşdu. Biz həmin görüşlərə də getdik, müzakirələrdə iştirak etdik. Biz də öz mövzumuzu seçib təklifimizi onlara çatdırdıq. Söhbət şəffaf maliyyələşmədən getdiyinə görə onlar müzakirədən qaçdılar. Müzakirə olunası çox mövzu var, birini gündəmə çıxarmaqla məsələ həll olunan deyil. - Yəqin müxalifətin pulu olmadığına görə bu məsələnin müzakirəsini əhəmiyyətsiz sayıb... - Kasıb olub-olmadıqlarını bilmirəm. Amma 20 ildir işləməsələr də, heç nə dəyişməyib, bahalı avtomobildə gəzirlər, cangüdənlər saxlayırlar, vəziyyətləri günü-gündən yaxşılaşır. Kasıblıqlarını göstərən bir əlamət yoxdur, güzəranları günü-gündən yaxşılaşır. Bütün məsələlər şəffaf olmalıdır. YAP ildə bir dəfə ictimaiyyətə hesabat verir. Həmin hesabatda il ərzində partiyaya nə qədər vəsait daxil olduğu, hara xərcləndiyi aydın göstərilir. Biz bütün maliyyə əməliyyatlarını bank hesabı vasitəsilə həyata keçiririk, aidiyyəti qurumlara hesabat veririk. Amma onlar bu günədək hesabat verməyiblər. Partiya fəaliyyət göstərirsə, tədbir keçirirsə, işçilərə əməkhaqqı ödəyirsə, bunu hansı maliyyə hesabına etdiyini cəmiyyətə açıqlamalıdır, hesabat verməlidir. Şəffaflıqdan danışırlar, amma haradan maliyyələşdiklərini demirlər. Bank hesablarını göstərsinlər. - Dialoq üçün yenə bu mövzunu təklif edirsiniz? - Bunu nümunə kimi göstərdim. Dialoq təşəbbüsü ilə çıxış edən partiya müxtəlif mövzular təklif edə bilər. Ona görə də bütün partiyalar bir araya gəlib vahid bir mövzu seçə bilər. Hesab edirəm ki, öncə Azərbaycanın milli və dövlət maraqları ilə bağlı məsələlər müzakirə olunmalıdır. İkinci mərhələdə başqa mövzulara keçmək olar. Azərbaycana xarici müdaxilələr, təzyiqlər var. Bunu edənlərə dəstavüz olmaz qəbuledilməzdir və olmamalıdır. Azərbaycan ümumi vətəndir, hamımız bunun dəyərini bilməliyik, qorumalıyıq. Erməni lobbisinin sifarişi ilə xarici mətbuatda Azərbaycan əleyhinə əsassız, qeyri-obyektiv yazılar dərc olunur. Bəzi mətbuat orqanları həmin qərəzli yazıları tələsik tərcümə edirlər, üstünə də öz qərəzlərini əlavə edib yayırlar. Böyük dövlətlər var, imkanları genişdir, Azərbaycanı sıxa bilirlər. Ölkədə ümumi həmrəylik olanda, onlar da geri çəkilirlər, istədiklərinə nail ola bilmirlər. Bizim kiçik məsələlərimiz var ki, onları hər gün beynəlxalq aləmdə qaldırmaq, bundan Azərbaycana problem yaratmaq olmaz. Azərbaycanda erməni mənşəli insanlar var, onların əksəriyyəti də hüquq müdafiə sahəsində işləyirlər. Bütün günü xaricə mənfi informasiya ötürməklə məşğul olurlar. Obyektiv işləyən hüquq müdafiə təşkilatları da var. Onlar ölkəni təzyiqlərdən qorumağa çalışırlar. Bütün bunları ümumiləşdirmək və milli maraqların qorunması üçün ortaq yolu tapmaq lazımdır. İqtidar, müxalifət, bütün cəmiyyət bir yerdə olanda ölkə də daha güclü olur. - YAP rəsmiləri müxalifət liderlərinə zəng vurub dialoq təklif edə bilərlərmi? - Niyə etmirlər ki! Hazırda bununla bağlı müzakirələr aparılır. 2014-cü ildə bu məsələyə baxılacaq. YAP-da on iki komissiya yaradılıb. Onlardan biri də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənovun rəhbərlik etdiyi partiyalararası əlaqələr və dialoq komissiyasıdır. Bu komissiya partiyalarla dialoqun istiqamətlərini, formalarını araşdırmaq, təşkil etmək üçün yaradılıb. Komissiyanın əsasnaməsi və iş planı tezliklə təsdiqlənəcək. YAP-ın komissiyaları yanvardan öz proqram və tədbirlər planlarına uyğun fəaliyyətə başlayacaq. Adını çəkdiyim komissiyanın təşkil edəcəyi dialoq da yalnız YAP-müxalifət dialoqu yox, həm də hakimiyyət-müxalifət dialoqu olacaq. Geri qayıt |