Əsas Səhifə > Gündəm, Manşet, Ana xəbərlər > Səlim Müslümovun adamı deputatlardan daha ağıllı imiş?

Səlim Müslümovun adamı deputatlardan daha ağıllı imiş?


24-12-2013, 11:47
Səlim Müslümovun adamı deputatlardan daha ağıllı imiş?
Milli Məclisin qəbul edərək rəy verdiyi hesabatı Səlim Müslümov nədən araşdırtdırır?

DİA.AZ: - Fizuli Ələkbərovla ədavətini bir kənara atmaq zorunda qalan Səlim Müslümov keçmiş nazirin kadrlarını bir-birinin ardından yola salmaqdadır. Xatırladaq ki, Səlim Müslümovun təşəbbüsü ilə Fizuli Ələkbərovun dövrünün «ifşası» ilə bağlı korrupsiya faktlarının toplanması barədə məlumat yayılsa da, sonradan bu barədə nazirə xəbərdarlığın edildiyi və «durr» əmərinin verildiyi xəbəri də gündəmi məşğul etdi. Amma buna rəğmən Səlim Müslümov ƏƏSMN-də təmizləmə əməliyyatlarını davam etdirir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi rəsmi məlumat yayıb. Məlumatda nazir Səlim Müslümovun sədrliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən iclasdan bəhs olunur. Qeyd edilir ki, Səlim Müslümov bu orqanın fəaliyyətinin qənaətbəxş səviyyədə olmadığını diqqətə çatdırıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev müfəttişliklərin ötən il və cari ilin 10 ayına dair fəaliyyətlərinin araşdırılması zamanı aşkar edilən nöqsanlar barədə məlumat verib. Müəssisələrdə yoxlamaların subyektiv yanaşmalar əsasında tərtib olunmuş siyahılar üzrə, bir sıra hallarda isə aidiyyəti dövlət qurumunun müvafiq çıxarışları olmadan aparıldığı, yoxlamaların guya “müəssisənin fəaliyyətinin dayanması” səbəbindən təxirə salındığı bildirilib.

Müfəttişliklərin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu diqqətə çatdırılıb. Bildirilib ki, dövlət nəzarəti həyata keçirilmiş müəssisələrin cüzi bir qismində cərimələrin tətbiq olunması, hətta bəzi regionlarda il ərzində 250-dək müəssisədə yoxlama aparıldığı halda onlardan heç birinə qarşı cərimə aktının yazılmaması aparılan yoxlamaların əslində formal xarakter daşıdığını göstərir. Əməyin mühafizəsi üzrə laboratoriyaların faktiki olaraq fəaliyyət göstərmədiyi, əmək müfəttişləri arasında yoxlamalar üzrə qeyri-bərabər bölgünün mövcud olması və digər nöqsanlar da qeyd edilib. Məlumata görə, 5 regional müfəttişliyin rəisi işdən azad edilib, 11 müfəttişliyin rəisinə isə töhmət verilib.

Səlim Müslümovun adamı deputatlardan daha ağıllı imiş?

Hər halda, Səlim Müslümovun bu təşəbbüslərinin daha çox publikaya hesablandığı da nəzərdən yayınmamalıdır. Ən azından ona görə ki, yeni nazirin özü ilə Dövlət Sosial Müdafiə Fondundan gətirdiyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi postuna təyin etdiyi İdris İsayevin az qala iki illik müddəti 20 günün içində təyin etməsinin nə fiziki baxımdan, nə də texniki baxımdan imkansızlığını nəzərə alsaq, belə deyə bilərik. Rəsmi məlumatda deyilir ki, İdris İsayev ötən ilin və bu ilin 10 ayının hesabatını araşdırıb və nöqsanları ortaya çıxarıb. Hər halda, keçən ilin hesabatını Fizuli Ələkbərov parlament qarşısında vermişdi və əgər burada nöqsan var idisə, nədən möhtərəm deputatlarımız həmin nöqsanları aşkarlamamışdılar və nədən Fizuli Ələkbərova ən azından qulaqburması verilməmişdi.

Deməli, məsələ tamam başqadı və sadəcə olaraq Səlim Müslümov üçün bəhanə lazımdır ki, nazirlikdə təmizləmə əməliyyatını aparsın.

DİA.AZ xatırladır ki, yeni nazir bir neçə gün əvvəl mətbuatda «boşalan vəzifələr satılır» iddiasına cavab verərkən ironik tərzdə «hələ kimsə təyin olunmayıb» reaksiyası ilə diqqətə gəlmişdi. Hər halda, nazirin bu reaksiyası o demək deyil ki, həqiqətən də «vurulan» kadrların yerinə təyinatlar rüşvətsiz həyata keçirilir. Əgər belədirsə, o zaman nazirlik ünvanlı sosial yardım alanların siyahısını açıqladığı kimi, kadr siyasətinin də şəffaflığını təmin etsin və iddialıların kimliyi barədə ilk öncə açıqlama versin və sonra da izahat versin ki, həmin kadrlar nədən etimada layiq görülüblər. Hər halda, bu da texniki baxımdan imkansız görünə bilər. Amma mümkündür. Əgər həqiqətən də Səlim Müslümov islahatlarının səmimiliyində israr edirsə, buna iddialıdırsa…

Geri qayıt