Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > İcra başçısı büdcə pullarına necə qənim kəsilib?
İcra başçısı büdcə pullarına necə qənim kəsilib?23-12-2013, 15:24 |
|
DİA.AZ: - Redaksiyamıza Ucar rayonu Maliyyə İdarəsində yer almış bir çox qanun pozuntuları barədə məlumatlar daxil olub. Mənbələr qeyd edir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə ünvanyönlü xərclənmir. Ucar rayon Maliyyə İdarəsinə rəhbərlik edən Yusif Bəkirov özünü sözün əsil mənasında bu idarənin bütün resurs və vəsaitlərinin sahibi hesab edir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Ucar rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Təbii ki, qeyri qanuni yollarla əldə etdiyi külli miqdarda sərvət Yusif Bəkirova yuxarı instansiyalarda hələ də öz mövqelərini saxlamağa müvəffəq olan bəzi korrupsioner məmurlar arasında himayədarlar da qazandırmışdır. Məhz elə bu himayədarların sayəsində də idarə müdiri indiyədək bütün təftiş və yoxlamalardan özünü sığortalaya bilmişdir. Mənbəmiz iddia edir ki, Yusif Bəkirovun fəaliyyətində yol verdiyi çoxsaylı ciddi nöqsanlar son vaxtlar RİH başçısı Yaşar Məmmədovun da diqqətini cəlb etməkdədir. Digər tərəfdən də maliyyə idarəsində yer almış özbaşnalıqlardan zərər çəkən müəssisə və təşkilat nümayəndələrinin getdikcə artan narazılıqları başçının Y.Bəkirova qarşı münasibətini daha da sərtləşdirir. Lakin bütün bunlara baxmayaraq Yusif Bəkirov artıq üç ildir ki, öz əməllərini müxtəlif üsullarla pərdələməyə və rayonda gedən yeniləşmənin ruhuna zidd olaraq tutduğu vəzufəsində qalmağa müvəffəq ola bilir. Bu isə rayonun “maliyyə şefinə”onu icra başçısına qarşı kampaniyada dəstəkləyə biləcək qüvvələri səfərbər etməyə imkan yaradır. Bütün bunlarda maraq doğuran bir cəhət də bundan ibarətdir ki, Yusif Bəkirov icra başçısına qarşı apardığı kampaniyanın gedişini də ictimai rəyi nəzərə alaraq tənzimləyir. Belə ki, Ucardakı mənbələrdən aldığımız son məlumatlarda bildirilir ki, mətbuat səhifələrində bəzi ifşa edici məqamların dərc olunmasından sonra maliyyə idarəsinin rəisi bu istiqamətdə fəaliyyətini bir qədər səngitmişdir. Aldığımız məlumatlarda o da bildirilir ki, son vaxtlar Yusif Bəkirov vaxtının çox hissəsini Bakıda, məhz bu məqsədlər üçün aldığı mənzildə təşkil etdiyi məclislərində keçirməyə üstünlük verir. Ucar RİH rəhbərliyi isə bu korrupsioner məmurun ifşa olunması istiqamətində atmalı olduğu qəti addımları hələ də təxirə salır. Yeri gəlmişkən bu münasibətə rayon ictimaiyyətinin bəzi nümayəndələri tərəfindən maraqlı rəylər verilir. Belə ki, bəzi mənbələr Ucar RİH başçısı Yaşar Məmmədovla Yusif Bəkirov arasında “dəymə mənə, dəyməyim sənə” prinsipi əsasında münasibətlərin formalaşdığını iddia edirlər. Digər tərəfdən isə məlumatlarda bu münasibətlərin müvəqqəti olduğu və müəyyən şərtlər daxilində hər an qarşılıqlı həmlələrin bərpa oluna biləcəyi də istisna edilmir. Bununla belə Ucar maliyyə idarəsinin fəaliyyəti hələ də vətəndaşların hüquqlarının pozulması, dövlət vəsaitlərinin külli miqdarda mənimsənilməsi halları ilə müşayiət olunmaqdadır. Geri qayıt |