Əsas Səhifə > Gündəm, Manşet > ABBAS ABBASOVUN OĞLUNUN VƏZİFƏSİ ƏLİNDƏN ALINIR

ABBAS ABBASOVUN OĞLUNUN VƏZİFƏSİ ƏLİNDƏN ALINIR


20-12-2013, 11:07
ABBAS ABBASOVUN OĞLUNUN VƏZİFƏSİ ƏLİNDƏN ALINIR
SON DEPUTATLIQ DÖNƏMİNİ YAŞAYAN AYDIN ABBASOV HƏDƏFƏ ÇEVRİLİB

DİA.AZ: - Prezident seçkilərinə qədər rəsmi Bakının əsəblərini yetərincə tarıma çəkməyə müvəffəq olmuş baş nazirin keçmiş müavini, «Milyarderlər İttifaqı» kimi tanınan və Kremlin Azərbaycan hakimiyyətinə qarşqı təzyiq aləti kimi təqdim olunan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) prezidenti, «Azərros»un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun enində-sonunda hədəfə alınacağı şübhəsiz idi.

Bildirək ki, Abbas Abbasova aid Azərbaycandakı bir sıra biznes şəbəkələrinin artıq Rusiyaya transfer olunması barədə müxtəlif xəbərlər yayılıb. Oğlu hələ də Azərbaycanın Milli Məclisində təmsil olunan Abbas Abbasovun keçənlərdə Azərbaycan müxalifətilə ortaq hərəkət etməsi barədə iddiaların ortaya atılması yenidən onunla bağlı tədbirlərin görülməsini zərurətə çevirdi. Təbii ki, iqtidar cameəsi üçün.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq sonuncu deputatlıq dönəmini yaşayan Abbas Abbasovun oğlu Aydın Abbasovla bağlı qəti qərar verilib. Mənbənin söylədikləri: «Aydın Abbasovun 2015-ci il parlament seçkilərinə hətta namizəd kimi buraxılmayacağı da qətiləşib. Və onun özü də bu barədə məlumatlıdır. Hər halda, atasına görə cavabdehlik məsuliyyəti altına girmiş Aydın Abbasov üçün zərbə təkcə mandatının alınması ilə məhdudlaşmayacaq».

Mənbəmiz iddia edir ki, Aydın Abbasovun rəhbərliyində təmsil olunduğu Güləş Federasiyası da artıq qələmi qırılmış deputatla yollarını ayırmağa hazırlaşır. Gələn həftə özünün toplantısını keçirəcək federasiyada Aydın Abbasovla bağlı qərar verilə bilər. Bu barədə mənbənin söylədikləri: «Aydın Abbasov Azərbaycan Güləş Federasiyasında beynəlxalq əlaqələr üzrə vitse-prezident postunu tutur. Yəni həmin postdan da Aydın Abbasovun çıxarılması məsələsi gündəmdədir».

Onu da bildirək ki, Azərbaycan Güləş Federasiyasına Azərbaycanın vergilər naziri Fazil Məmmədov sədrlik edir. Və zamanında bu federasiyada Abbas Abbasovun özü də vitse-prezident olub və uzun illər ərzində həm də güləşçi olan Abbas Abbasov xeyli sahibkarı güləş federasiyasının işinə cəlb edə bilmişdi. İndi isə ondan oğluna qalan vəzifə məhz onun sayəsində oğlunun əlindən alınır…

Geri qayıt