Əsas Səhifə > Siyasət, Manşet > SƏLİM MÜSLÜMOV İCTİMAİ RƏYƏ TƏSİR ETMƏYİ BACARDI
SƏLİM MÜSLÜMOV İCTİMAİ RƏYƏ TƏSİR ETMƏYİ BACARDI20-12-2013, 09:47 |
YERLƏRDƏN NAZİRƏ KÖMƏK ÜÇÜN AĞIZ AÇANLAR DA VAR: «PİAR» İŞLƏDİ DİA.AZ: - Son günlər özünün yeni imicinin cızılması yolunda ciddi addımlar atdığını nümayiş etdirən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məlum gedişləri, deyəsən, ictimaiyyətin də diqqətini cəlb edib. Artıq yerlərdən redaksiyamıza ƏƏSMN şefinə ünvanlanmış xeyli sayda müraciətlər daxil olmaqdadır. DİA.AZ olaraq nazirə ünvanlanmış bəzi vətəndaş müraciətlərini diqqətinizə təqdim edirik. Məsələn, Cəlilabad rayon Alar kəndinin sakini Nağıyev Rahil Nağı oğlu Səlim Müslümova müraciət edərək yazır: «Yazıb nəzərinizə çatdırıram ki, oğlum Nağıyev Kənan astma-bronxit xəstəsidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etdikdən sonra, onun göstərişi ilə oğlum 6 saylı Bakı şəhər uşaq kliniki xəstəxanasında qeydiyata alınıb və müalicə üçün götürülüb. Oğlumun sənədlərini müalicə məqsədilə Cəlilabad rayon Tibbi Sosial Ekspert Komissiyasına təqdim etsək də, rüşvət verə bilmədiyimizdən hələ də sənədlərə müvafiq olaraq addım atılmayıb, mənə arayış verilmir. 8 aydır bu süründürməçilik davam edir. Xahiş edirəm, mənə müvafiq arayışın verilməsi üçün kömək edəsiniz». Başqa bir müraciət isə sosial yardımın ayrılması ilə bağlıdır. Mingəçevir şəhər sakini Məmmədov Rafiq bildirir ki, ailələrinin dolanışıq vəziyyəti olduqca ağırdır: «Cənab nazir. Sizin telefizordan çıxışlarınızı izləyirik. Bilmirik nə baş verir, amma sizə inanmaq istəyirik. Və ona görə də ilk dəfədir, sizdən kömək üçün müraciət edirəm. Bizim maddi dolanışığımız bərbad vəziyyətdədir. İki körpə uşaq, xəstə annam ixtiyarımdadır. İş yeri tapa bilmədiyimdən dövlətin sosial yardımına ehtiyacım var. Amma məndən pul istəyirlər. Pulum olsaydı, sosial yardım üçün niyə ağız açırdım. Belə də təklif edirlər ki, 6 ay ərzində sosial yardım haqqından imtina etməliyəm. Niyə? Əgər ehtiyacım yox idisə, niyə müraciət edirdim? Cənab nazir. Sizə ümid edib, sizə inanıb, sizdən kömək istəyirəm». DİA.AZ bildirir ki, bu qəbildən müraciətlər son günlər redaksiyamıza davamlı şəkildə daxil olmaqdadır. Bu da belə bir təəssürat yaradır ki, artıq Səlim Müslümov ictimai rəyə işləməyə müvəffəq olub. Yəni rəylərə təsir edib. Tək qalanı onun yaratdığı təəssürata uyğun formada fəaliyyəti nümayiş etdirməsidir… Geri qayıt |