Əsas Səhifə > Siyasət, Manşet > QARABAĞ PROBLEMİNİN HƏLLİ İLƏ BAĞLI YENİLİK
QARABAĞ PROBLEMİNİN HƏLLİ İLƏ BAĞLI YENİLİK19-12-2013, 11:39 |
RUSİYA AZƏRBAYCANA TƏZYİQLƏRİ DURDURUR: KREML GÜZƏŞT ETMƏK ZORUNDADIR DİA.AZ: - Ukraynada baş verən hadisələrin indiki durumunu təhlil etdikdə ilk olaraq diqqətə gələni verdiyimiz proqnozların özünü doğrultmasıdır. Söhbət iddia etdiyimiz «Kreml Ukraynanı asanlıqla əldən verməyəcək və ümumiyyətlə, əldən verməyəcək» qənaətindən gedir. Bəli, ortada olan fakt ondan ibarətdir ki, ruslar Kiyev uğrunda Avropa ilə döyüşdə xüsusi israr nümayiş etdirdilər. Amma bu da son deyil… Təbii ki, bu gün Avropa Ukraynaya bir çıxış qapısı kimi baxır. Yəni Ukrayna da həlleidici əhəmiyyətə malikdir və Avropanın Cənubi Qafqaza çıxışı üçün ümdə bir geopolitik məkandır. Bu baxımdan Avropanın Ukrayna uğrunda çaba sərf edəcəyi və qələbəyə doğru yürüyəcəyi anlaşılandır. Amma kim qalib gələcək? Bu sualın cavabının verilməsi üçün bir sıra məqamlara aydınlıq gətirilməlidir. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mötəbər mənbəmiz maraqlı açıqlamalar verib. Həmin bilgiləri diqqətinizə təqdim edirik: «Azərbaycan Avropa üçün mühüm bir məntəqədir. Daha doğrusu, Azərbaycanın əlindəki enerji resursları Avropa üçün az qala həyati əhəmiyyətə malikdir. Bu yolla Avropa Rusiya asıllığını çox ciddi şəkildə aradan qaldıra bilər. Eyni zamanda Azərbaycan Avropaya yandaş seçilən keçmiş sovet ölkələrinin də enerji təhlükəsizliyinin təminatçısı kimi cəlbeidicidir. Ona görə də Avropanın Azərbaycanın hüdudlarına qədər gəlməsi də mühümdür və bu prosesin yubanması hətta aylarla təxirə salınması, ertələnməsi Rusiyanın mövqelərini daha da gücləndirir. Rusiya Ukraynada qələbə əldə etdi və Kreml qələbəsinin şampanını təbii ki, Bakıda partlatmaq fikrindədir. Buna görə də Kremlin Azərbaycana təzyiqləri daha da arta bilər. Bu günlərdə Azərbaycanın imzaladığı mühüm sənəd - «Şahdəniz-2» layihəsi isə Rusiyanı yetərincə əsəbiləşdirib. Bu o demək deyil ki, Azərbaycana Rusiyadan təzyiqlər ediləcək. Yox, sadəcə olaraq Rusiya Azərbaycana güzəştlər etmək zorunda qalacaq. Çünki ruslar anlayır ki, «Ukrayna cəbhəsindəki» uğurları «Azərbaycan cəbhəsindəki» məğlubiyətlə heç bir halda kompensə edə bilməyəcək. Buna görə də Rusiya Azərbaycanla təzyiq dilindən daha çox, güzəşt dilində danışmağa məcbur olacaq. Ən azından rəsmi Bakının manevr imkanlarının genişlənməsindən də bunu duymaq olar». Xatırladaq ki, bir müddət əvvəl rəsmi Bakı ilə Rusiyanın məxfi danışıqlar masasına oturması barədə də müəyyən informasiyalar yayılmışdı və qeyd olunurdu ki, hətta Kreml himayəsi altında olan Ermənistanı işğal etdiyi bir neçə Azərbaycan rayonundan geri çəkilməyə də vadar edə bilər. Amma sonradan bu plandan da vaz keçildiyi iddia olundu. Hətta Türkiyənin XİN başçısı da «iki rayonun azadlığı» məsələsi ilə bağlı açıqlamasında hiss etdirdi ki, danışıqlar pozulub. Bunu da xatırladan mənbəmiz iddia edir ki, Ermənistandan da vaz keçə bilməyən Rusiya Azərbaycana yeni təkliflər etmək zorundadır: «Bu təkliflərin necə olacağını isə yaxın günlərdə hər kəs duymuş olacaq. Çünki artıq Bakıda belə bir təşəbbüslərin olacağı aydın şəkildə hiss olunur». Geri qayıt |