Əsas Səhifə > Gündəm, Manşet > FHN ŞEFİ ZİYA MƏMMƏDOVA İNANSA…

FHN ŞEFİ ZİYA MƏMMƏDOVA İNANSA…


10-02-2012, 11:57
FHN ŞEFİ ZİYA MƏMMƏDOVA İNANSA…

O ZAMAN BUZQIRANLAR BAKI KÜÇƏLƏRİNİ ŞUMLAMALI OLARDI (REPLİKA)

DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycanın paytaxtında yolların kənarlarına yeni, müasir dayanacaqlar quraşdırılıb. Nəqliyyat Nazirliyi tərəfindən quraşdırılan bu dayanacaqların böyük məbləğə başa gəldiyi bildirilir. Yeni dayanacaqlar köhnələrdən bir neçə göstəricisinə görə fərqlənir.

Yenilər saatı, avtobusların gəlmə vaxtını və həmçinin havanın temperaturunu göstərir. Amma deyəsən dayanacaqlar keyfiyyətli deyil. Onsuz da şaxtalı, boranlı günlərdə bu dayanacaqlardakı temperatur göstəriciləri sakinləri daha da “dondurub”.

Xatırladaq ki, bir neçə gün əvvəl də mətbuatda yer alan xəbərdə bildirilirdi ki, Heydər Əliyev prospektində yerləşən bir neçə dayanacaq havanın temperaturunun -55 dərəcə olduğunu göstərir. -5 dərəcədə həyatı dayanın paytaxtımız -55 dərəcədə nə edə bilər ki?…

Qeyd edək ki, -55 dərəcəli dayanacaqlardan birinin fotosu Facebookda da yayılmışdı.

Bu gün səhər saatlarında isə «Dünya» İnformasiya Agentliyinin əməkdaşları bir neçə istiqamətdə də Ziya Məmmədovun milyonların hesabına şəhərimizin küçələrinə düzdüyü dayanacaqların havaölçənlərində problemin olmasına şahidlik ediblər. Belə ki, yenə də dayanacaqlardakı termometrə inansaq, hazırda Bakıda havanın hərarəti -55 dərəcədir.

Əməkdaşlarımızın bildirdiyinə görə, hətta fövqəladə hallar nazirliyinin yaxınlığında, keçmiş Əzizbəyov heykəlinin yanındakı dayanacaqda da eyni qaydada -55 dərəcə göstərilir.

Məlumdur ki, həmin yolla fövqəladə hallar naziri Kəmaləddin Heydərov hərəkət edir. O da məlumdur ki, Kəmaləddin Heydərov ölkəmizdə baş verən bütün fövqəladə halların aradan qaldırılmasına məsuldur. Və əgər Kəmaləddin Heydərov həmin dayanacağın yanından keçərkən Ziya Məmmədovun havaölçənlərinə inansa, o zaman kabinetinə girər-girməz buzqıran buldozerlərin Bakı küçələrində işə başlamasına dərhal göstəriş verməlidir.

Nə yaxşı ki, bizim kimi Kəmaləddin Heydərov da Ziya Məmmədova inanmır… Elə sözün hər mənasında….

Geri qayıt