Əsas Səhifə > Gündəm, Manşet > BAKIDAKI NURÇU DƏRSXANALARI BAĞLANA BİLƏR

BAKIDAKI NURÇU DƏRSXANALARI BAĞLANA BİLƏR


19-12-2013, 08:36
BAKIDAKI NURÇU DƏRSXANALARI BAĞLANA BİLƏR
BELƏ QƏRAR VERİLMƏYİB, AMMA MÜZAKİRƏLƏR APARILIR: NƏTİCƏSİ OLACAQ

DİA.AZ: - Son günlər qardaş Türkiyədə nurçulara qarşı bir hərəkətlənmə var. Bildirək ki, Ərdoğan iqtidarı ilə Türkiyədəki nurçu cameənin nüfuzlu lideri olan Fətullah Gülən arasında yaranan ədavət sonunda qardaş ölkədə nurçulara məxsus dərsxanaların bağlanması qərarının verilməsinə gətirib çıxarıb. Bu gün Türkiyə ərazisində təxminən 1000-ə yaxın belə bir dərsxananın bağlandığı iddia olunur.

Təbii ki, bu gün Azərbaycanda da nurçuların böyük bir şəbəkəsi fəaliyyət göstərir. Onların dərsxanaları ilə yanaşı, Azərbaycanda liseyləri, ali məktəbləri və hətta telekanalları da var. Xatırlayırsınızsa, bununla bağlı bir neçə gün əvvəl də geniş bir məlumat vermişdik.

DİA.AZ-a bu istiqamətdən daxil olan informasiyalardan aydın olur ki, Türkiyədən fərqli olaraq Azərbaycanda nurçular hələ də toxunulmazdır ki, bunun da səbəbləri var: «Azərbaycanda nurçular dövlətin çox dərin qatlarına qədər nüfuz edə biliblər. Digər təhlükəli təriqətlərdən fərqli olaraq nurçular daha çox beyinləri işğal etdiklərindən onların yetərli sayda məmurları bu gün hakimiyyətin ayrı-ayrı qollarında təmsil olunur. Belə bir şəraitdə yalnız hakimiyyətin üst düzəyi nurçularla bağlı qərar verə bilər. Yəni bundan sonra hər hansı tədbir görülə bilər».

Qeyd edək ki, nurçulara Rusiyada, Özbəkistanda və daha bir neçə MDB ölkəsində qadağa qoyulub, onların fəaliyyətləri əngəllənib. Bunu xatırladan mənbəmiz bildirdi ki, amma bir neçə gün əvvəl Azərbaycanda təriqətlərin durumu ilə bağlı hakimiyyətin ciddi müzakirəsi olub. Mənbə iddia edir ki, bu zaman nurçularla bağlı da qərarlar verilib: «Ola bilsin ki, onların da fəaliyyəti müəyyən mənada məhdudlaşdırılsın».

Onu da bildirək ki, Azərbaycanda nurçular təkcə təhsil sahəsində möhkəmlənməyiblər. Onların həm də biznesdə ciddi dayaqları var və onlarla restoranlar şəbəkəsi, ərzaq sənayesi bu gün nurçuların populyar olduğu sahələrdən hesab olunur.


Geri qayıt