Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOVDAN PİRATSAYAĞI QİYMƏT ARTIMI

ZİYA MƏMMƏDOVDAN PİRATSAYAĞI QİYMƏT ARTIMI


13-12-2013, 13:18
ZİYA MƏMMƏDOVDAN PİRATSAYAĞI QİYMƏT ARTIMI
NƏQLİYYAT NAZİRİ BU YOLLA YALNIZ ÖZÜNÜ HƏDƏFƏ ÇEVİRMƏKDƏDİR

DİA.AZ: - Benzinin qalxması fonunda çıxdankı arzusunu yerinə yetirməyə çalışan nəıqliyyat naziri Ziya Məmmədov sonradan planlarını ertələmək zorunda qaldı. Söhbət sərnişindaşımada qiymətlərin qaldırılmasından gedir. Nazirlər Kabineti yanında Taarif Şurası yenə də NN-dən gələn təklifləri dəyərləndirmədi. Buna qədərsə NN-dən belə bir açıqlama verilmişdi ki, sahibkarlar gedişhaqqının artırılması üçün onlara dəfələrlə müraciət ediblər. Yəni Ziya Məmmədovun əlində əsas var ki, TŞ-yə müraciət etsin.

Lakin TŞ NN şefinə rədd cavabı verdi. Hətta vəziyyət o həddə çatdı ki, Ziya Məmmədovun nəzarətində olan “London taksiləri”ndə əvvəlindən elan olunan “qiymətləri qaldıracağıq” açıqlamasından belə imtina edildi. Indi isə vəziyyət yenə də dəyişib. DİA.AZ-ın araşdırmaları da təsdiqləyir ki, Ziya Məmmədovun əli kürəklərində olduğu sahibkarlar özbaşına olaraq gedişhaqqını artırırlar. Bu isə təbii ki, ilk növbədə Ziya Məmmədovun özünü hədəfə çevirir.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə Azərbaycanda avtomobil yanacaqları üçün yeni qiymətlərin müəyyənləşdirilməsi bazara təsirsiz ötüşməyib. Yanacağın qiymətinin artmasının bazara təsir etməyəcəyi barədə hökumət orqanlarının ardıcıl açıqlamalar verməsinə baxmayaraq fakt ondan ibarətdir ki, əksər ərzaq və sənaye mallarının qiymətində bahalaşma müşahidə olunmaqdadır. Məsələ orasındadır ki, qiymətlərin tənzimlənməsi istiqamətində həyata keçirilən administrativ tədbirlər də səmərəsiz qalıb.

Elə bu səbədən bəzi ictimai nəqliyyat vasitələrində qiymət artımı reallaşdırılıb. Xüsusən, rayonlar və Bakı ətrafı qəsəbələr istiqamətində hərəkət edən sərnişin nəqliyyatlarında özbaşına qiymət artımı baş verib. Acınacaqlı hal ondan ibarətdir ki, bu bahalaşma aidiyyati nəzarət orqanlarının gözü qarşısında baş verir. Çünki, sözügedən qurumların özbaşına qiymət artımından umacaqları var. Qeyd edək ki, Bakı-Yardımlı üzrə hərəkət edən mikroavtobuslarda qiymətlər nə az, nə çox, düz bir manat bahalaşıb. Qiymət artımından əvvəl vətəndaşlar 6 manata getdikləri avtobuslarda indi sürücülər 7 manat tələb edir. Özü də bu tələb kobud və vətəndaşların təhqiri formasında həyata keçirilir. Tələb olunan gediş haqqını vermək istəməyən sərnişinlər avtobusdan düşürdülür.

Məlumat üçün qeyd edək ki, Bakı-Yardımlı avtobusundan eyni zamanda Cəlilabad və Masallı sakinləri də istifadə edir. Bunun fərqinə varmayan sürücülər Masallıya getmək istəyən sərnişinlərdən 5 manat əvəzinə 6 manat alırlar. İş orasındadır ki, belə hallar Beynəlxalq Avtovağzalın nəzarətçilərinin himayəsi ilə sərgilənir. Həmin “nəzarətçiləri görməyən” sürücülər dərhal ərazidən uzaqlaşdırılır və onlara avtovağzal ətrafından sərnişin yığmasına icazə verilmir. Nəzarətçilərə qeyri-qanun gediş haqqının yığılması barədə müraciət edilən zaman sürücülərə haqq qazandırılır. Yəni, sərnişinlər haqqını tələb etdikdə nəzarətçilər sürücülərin müdafiəsinə qalxırlar. Vətəndaşlara izah etməyə çalışırlar ki, benzinin qiyməti qalxdığı üçün gediş haqları da bahalaşıb. Məsələnin həqiqiliyini öyrənmək məqsədilə Beynəlxalq Avtovağzalın kassalarına üz tutdum. Elə bu zaman bütün baş verənlərin bir mərkəzdən idarə olunması qənaətinə gəldim. Kassa arxasında əyləşən qadına yaxınlaşaraq Yardımlıya bilet istədim.

Cavab verildi ki, Yardımlı rayonuna gün ərzində bir avtobus yola düşür ki, o da artıq xəttə çıxıb. Növbəti günə bilet istədikdə isə xanım biletin qiymətini və avtobusun nə vaxt yola düşəcəyini bilmədiyini söylədi. Əlavə etdi ki, Yardımlıya bilet satılmır, cərnişinlər gediş haqqını elə yerindəcə sürücüyə ödəyirlər. Bildirdim ki, rayona ezamiyyətə getdiyim üçün avtobus bileti mənə mütləq lazımdır. Mənə bilet satmaq əvəzinə məsləhət gördü ki, Ağa adlı bir nəfərə yaxınlaşım və avtobusun nə vaxt yola düşəcəyini ondan öyrənim. Guya o, hər şeyi mənə izah edəcəkdi. Ancaq zorla da olsa uzun-uzadı müraciətdən sonra öyrənə bildim ki, Bakı-Yardımlı avtobusunda gediş haqqı haradasa 4 manat 75 qəpikdir. Gediş haqlarının rəsmən balaşmamasına baxmayaraq sürücülər sərnişinlərdən 7 manat qoparırlar. Təkcə kiçicik bir araşdırmadan bəlli olur ki, Yardımlıya ümumiyyətlə, kassadan bilet satılmır. Əks halda kassir avtobusun vaxtını və gediş haqqının dəyərini bilməmiş olmazdı.

Digər bir özbaşınalıq “Azadlıq prospekti” metrosundan Corat qəsəbəsi istiqamətində hərəkət edən 123 saylı avtobusda baş verməkdədir. Belə ki, indiyə qədər sözügedən marşrutda qanunsuz olaraq sərişinlərdən 40 qəpik gediş haqqı yığılırdı. Yanacaqın qiyməti artdıqdan sonra sürücülər fırıldağın yeni metodundan istifadə etməyə başlayıblar. Görünür, əhali arasında narazılıq salmamaq üçün şirkətə qiymətlər barədə konkret tapşırıq verilib ki, şirkət də bundan çıxış yolunu əhalini aldatmaqda görüb. Belə ki, artıq avtobuslarda gediş haqlarını müəyyən edən yeni cədvəl asılıb. Lakin cədvəl elə tərtib edilib ki, sərnişinlər heç nədən duyuq düşməsinlər.

Yəni, əvvəllər cədvəldə göstərilirdi ki, “Azadlıq prospekti”-Binəqədi 20 qəpik, Novxanı 30, Corat isə 40 qəpik. İndi isə cədvəldən Corat qəsəbəsi ümumiyyətlə çıxarılıb. Çünki 40 qəpik sürücülər tərəfindən qeyri-qanuni müəyyən edilmiş məbləğdir. Yeni cədvəldə göstərilir ki, “Azadlıq prospekti”-Binəqədi 20, Novxanı 30, Novxanı-Binəqədi 30, Binəqədi-Azadlıq prospekti 20 qəpik. Beləliklə cədvəldə qeyri-müəyyənlik yaratmaqla Novxanı bağları və Corat qəsəbəsinə gedən sərnişinlərdən 40 qəpik alınır. Təkcə bu iki fakt deməyə əsas verir ki, yanacağın qiymətinin bahalaşması sərnişinnəqliyyatda qiymət artmasına rəsmən səbəb olmasa da, özbaşına qiymət artımı baş verməkdədir. Aidiyyati qurumlar isə məsələ ilə bağlı hər gün monitorinq aparıldığını bəyan edirlər.

Geri qayıt