Əsas Səhifə > Gündəm, Manşet > QƏRİB MƏMMƏDOV VƏZİFƏDƏ ÇOX QALA BİLMƏYƏCƏK

QƏRİB MƏMMƏDOV VƏZİFƏDƏ ÇOX QALA BİLMƏYƏCƏK


13-12-2013, 12:57
QƏRİB MƏMMƏDOV VƏZİFƏDƏ ÇOX QALA BİLMƏYƏCƏK
KOMİTƏ SƏDRİNİN YENİ ÜSUL-İDARƏETMƏYƏ FƏRQLİ BİR YANAŞMASI VAR

DİA.AZ: - "Biz sənədi olmayan torpaqları xəritəyə salmırıq." Xatırlayırsınızsa, bunu bir neçə gün əvvəl jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirdi. Yəni komitə sədrinin açıqlamasından belə anlaşıldı ki, artıq Qərib Məmmədovun idarəsi də yeni üsul-idarəyə ayaq uydurmaqdadır. Çünki dünənə qədər vəziyyət tamam fərqli idi.

Yeni üsul-idarə ilə bağlı isə oxucularımızı yetərində məlumatlandırmışıq. Söhbət nazirlərin, komitə rəhbərlərinin cəmiyyətə yeni imajda təqdimatından gedir. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, 22 oktyabr tarixində Nazirlər Kabinetinin heyəti təsdiqlənərkən vəzifələrində qalanların, yenidən vəzifə alanların hər birinin qarşısında konkret şərt qoyulub. Mənbəmiz iddia edir ki, şərt isə rəhbərlərin cəmiyyət arasındakı reputasiyalarının düzəldilməsidir.

Təbii ki, burada daha çox səmimi görünəni Səfər Əbiyevdən sonra müdafiə naziri postuna təyin olunan Zakir Həsənovdur. Özünün apardığı kadr islahatları il əvə həmçinin atdığı addımları ilə həqiqətən də cəmiyyətin gözündə yüksəlməyi bacaran Zakir Həsənovdan fərqli olaraq DSMF-dən vətəndaşlara yaxşı tanış olan yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çox süni və qeyri-inandırıcı görünməkdədir. Təbii ki, Səlim Müslümov yeni imajı ilə normal qarşılanmadığından hətta onun möcüzə yaratması fonunda belə əks-qənaət formalaşdırması da imkansız görünür.

İndi isə gələk Qərib Məmmədovun məsələsinə. Komitə sədrinin sözlərinə görə, İcra Hakimiyyəti başçılarının sərəncamı ilə dövlət torpaqları icarəyə verildikdən sonra o ərazi xəritəyə salınır. Əgər bələdiyyə torpağıdırsa, bunun üçün müvafiq ərazinin bələdiyyə sədrinin sərəncamı olmalıdır.

O deyib ki, bəzən tikililərə qanunsuz icazə vermə faktları ilə rastlaşırıq: “Bu, ölkə qanununda mövcud olmayan işdir. Bəzən bizə torpağın xəritəyə salınması üçün saxta möhür vuraraq sənəd təqdim edirlər. Sənədi olmayan torpaqlar xəritəyə salına bilməz və bu, mümükün deyil.”

Təbii ki, Qərib Məmmədov «mümkün deyil» deyir. Amma dünənə qədər mümkün idi və bu gün də belədir. Bu barədə DİA.AZ-a danışan sözügedən dövlət komitəsindəki etibarlı mənbə iddia edir ki, əslində Qərib Məmmədov məlum açıqlaması ilə dünənə qədər görülən qanunsuzluqların müqabilində tələb olunan «şirinliyin» qiymətini qaldırmış olub: «Yenə də eyni proses davam edir. Sadəcə olaraq, dünənə qədər DTXK, məsələn 50 min manat alırdısa, indi eyni «xidmətin» müqabilində 100 min manat alır».

Hər halda, bütün bunlar bir iddiadır və hörmətli Qərib Məmmədovun, onun adından danışa biləcək hər kəsin izahatı üçün açığıq. Lakin yaranmış təəssürat ortadadır. Təəssürat isə ondan ibarətdir ki, Qərib Məmmədov prezident seçkilərindən sonra diqtə olunan şərtlərə də özünəməxsus tərzdə ayaq uydurur ki, bu da onun vəziə başında çox qalmayacağından xəbər verir.

Geri qayıt