Əsas Səhifə > Siyasət, Manşet > «ŞÖHRƏT» ORDENLİ KEÇMİŞ REKTORU NAZİRLİK «VURUB»
«ŞÖHRƏT» ORDENLİ KEÇMİŞ REKTORU NAZİRLİK «VURUB»10-12-2013, 11:38 |
NADİR QƏHRƏMANOVA QARŞI TOPLANAN FAKTLARDAN BELƏ İSTİFADƏ OLUNDU DİA.AZ: - Dünən məlum oldu ki, Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov vəzifəsindən istefa verib. Bildirək ki, bu günə kimi adı bir çox korrupsiya və rüşvət qalmaqallarında hallandırılan Nadir Qəhrəmanovla bağlı redaksiyamıza maraqlı informasiyalar daxil olub. Bu barədə az sonra… Xatırladaq ki, dünən Nadir Qəhrəmanovun istefa məsələsinə Təhsil Nazirliyindən də reaksiya verildi və bildirildi ki, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov işdən azad olunması ilə bağlı ərizə təqdim edib. Qanunvericiliyə əsasən, rektorların işə təyin və işdən azad olunması məsələləri Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərinə daxildir. İşdə olmayan ali məktəb rektorunun səlahiyyətləri müvəqqəti olaraq həmin təhsil müəssisəsinin prorektoruna həvalə edilir. Qeyd edək ki, Qəhrəmanov Nadir Fərrux oğlu ölkə prezidentinin 31 may 2000-ci il tarixli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. Təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan prezidentinin 04 oktyabr 2010-cu il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Bununla yanaşı, Nadir Qəhrəmanovun rəhbərlik etdiyi ali təhsil ocağında olduqca bərbad atmosferin yaradıldığı da mətbuatın ən çox müraciət etdiyi mövzulardan olub. Bu barədə DİA.AZ-ın əldə etdiyi informasiyada qeyd olunur ki, keçmiş rektor məhz qeyd olunan səbəblərdən dolayı birbaşa olaraq təhsil naziri Mikayıl Cabbarovun tələbi əsasında istefa verib. Mənbə maraqlı bir məqama da aydınlıq gətirir: «Bu günlərdə təhsil nazirliyi tərəfindən SDU-da qəfil reyd keçirilib. Reyd zamanı videokameralar vasitəsilə çəkiliş aparılıb. Və hətta bəzi kabinetlərdə rüşvətin aşkar surətdə toplandığı faktı üzə çıxıb». Mənbə iddia edir ki, neçə müddət imiş təhsil nazirliyi Nadir Qəhrəmanovla bağlı araşdırmaya başlayıbmış: «Və nəhayətdə əldə olunan son faktlar da rektorun qarşısına qoyulub. Nadir Qəhrəmanova yeganə çıxış yolu kimi istefa verməsi göçtərilib. Əks halda, toplanan materialların hüquq-mühafizə orqanlarına təqdim ediləcəyi deyilib. Bununla da rektor istefa verib». Mənbənin sözlərinə görə, nazirliyin əlindəki faktlardan bundan sonra hansı məqsədlər üçün istifadə edəcəyi hələlik məlum deyil. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |