Əsas Səhifə > Ölkə > EKSPERTİZA İDARƏSİ SAXTA RƏY VERDİ
EKSPERTİZA İDARƏSİ SAXTA RƏY VERDİ7-02-2012, 19:00 |
“ƏGƏR HADİSƏ QISAQAPANMADAN BAŞ VERMİŞDİSƏ, BUNUN ÜÇÜN 4 AY GÖZLƏMƏYƏ NƏ LÜZUM VARDI?” Məlum olduğu kimi, ötən ilin oktyabrın 7-də Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evi yandırılıb. Həmin olay nəticəsində baş redaktorun iki azyaşlı uşağı yanaraq tələf olub. Bildirək ki, baş vermiş hadisə ilə bağlı FHN-in İstintaq İdarəsində cinayət işi qaldırılmışdı. Baş müstəntiq Qəhrəman Məmmədovun icraatında olan həmin cinayət işi üzrə aparılan istinaq işi bu gün yekunlaşıb. Daha doğrusu, Ədliyyə Nazirliyi Ekspertiza İdarəsinin verdiyi rəyə əsasən törədilmiş hadisə cinayət hadisəsi kimi təqdim olunmayıb. Bu barədə DİA.AZ-a açıqlama verən Vasif Turan bildirib ki, bu gün saat 16:00-da onu FHN-in İstintaq İdarəsinə dəvət dərək, ekspertizanın nəticəsi ilə tanış ediblər. Baş redaktorun dediyinə görə, 4 aydan sonra Ekspertiza İdarəsi hadisənin qəsdən törədilmədiyi barədə “rəy” verib. “Həmin rəydə göstərilir ki, yanğın guya qısaqapanma nəticəsində baş verib. Açıq-aydın görünür ki, bu rəy saxtadır və başdansovdu təyin olunub. Çünki qısaqapanmanı təyin etmək üçün 4 ay vaxt gərəkmirdi. Əgər həqiqətən yanğın qısaqapanmadan baş vermişdisə, o zaman bunun üçün 4 ay gözləməyə nə lüzum vardı?” Baş redaktor daha sonra deyib ki, onda hələ hadisədən bir qədər sonra Ekspertiza İdarəsinin saxta rəy verəcəyi barədə əminlik olub. “Belə bir əminliyə səbəb həmin idarənin səriştəsiz, bacarıqsız, pulgir və işinə vicdanla yanaşmayan adamlardan təşkil olunduğuna dair məlumatlarımın olması idi. Həmçinin bizə o da məlum idi ki, ekspertlər üçün insan həyatından daha qiymətli şeylər var və bu səbəbdən də onların obyektiv rəy verəcəyinə inamım olmayıb. Burada insan taleyindən, iki körpənin ölümündən söz gedir. Bunlar vicdanlarını o qədər itiriblər ki, bu faciəyə dırnaqarası baxırlar? Bu bir insanın, bir ailənin həyatı və müqəddəratı ilə oynamaqdan başqa bir şey deyil”. Vasif Turan ekspertizanın rəyi ilə razılaşmadığını qeyd edərək vurğulayıb ki, bundan sonra övladlarının başına gətirilmiş faciənin əsas günahkarlarını tapmaq üçün bütün addımları atacaq. “Bundan sonra zəruri olan bütün addımları atacam. Məqsədim uşaqlarımın qatilini tapmaqdır. İlkin mərhələdə məhkəməyə müraciət etmək və alternativ ekspertizanın təyin edilməsi ilə verilmiş rəyin saxta olduğunu isbatlamaqdır”. Onu da bildirək ki, baş redaktorun DİA.AZ-a verdiyi geniş müsahibəni sabah oxucularımıza təqdim edəcəyik. Geri qayıt |