Əsas Səhifə > Hadisə > GƏNCƏLİ SAHİBKAR FƏRYAD ÇƏKİR
GƏNCƏLİ SAHİBKAR FƏRYAD ÇƏKİR7-02-2012, 17:25 |
«50 MİN DOLLARLIQ MALIM YANIB, BORC İÇİNDƏ BATIRAM» Yanvarın 31-də Gəncənin mərkəzi bazarında yanğın olub. Qarışıq mallar satılan 200-ə yaxın mağaza içindəki mallarla birlikdə tamamilə yanıb külə dönüb. Zərər görmüş mağaza sahibləri hələ də hadisənin necə baş verdiyini anlaya bilmirlər. Bazar rəhbərliyinin iş otağının qarşısına toplanmış 10-larla zərərçəkən onlara biganə münasibətdən şikayətlənirlər. İddia edirlər ki, yanğınsöndürənlər qəsdən yanğının digər mağazalara keçməsinin qarşısını almayıblar. «8 MİN BANKA VERƏCƏYİM VAR» Məmmədov Rauf: «Mən yaxında oluram. 7-nin yarısında zəng ediblər ki, bazar yanır. Mən gələndə, dükanımda tonqal qalmışdı. Dükanımızı tikib versinlər. Onsuz da yardım edəsi deyillər. 15 ildir ki, bazarın icarədarıyam. Sosial vergi ödəyirəm. VÖEN-im var. Başqa gəlir yerim yoxdur. Kömək edəcəklərinə inanmıram. Yerimi tiksin, versin özü, nə bacaracam, onu da edəcəm. Gəliblər ki, ziyanımızı yazsınlar. 30 minlik malım yanıb. 8 min banka verəcəyim var. Heç nə demirlər». - «Biri deyir şlanqı gətir, o biri yavaş-yavaş gedir. Sonra gəlir, deyir «su yoxdur». Su yoxdursa, niyə gəlirdi? Deyəndə ki, «yanmayan yerlər var, keçin, söndürün», deyir maşının 1 milyon qiyməti var, mən maşını salım, sonra neyləyim?». «ELƏ BİL, BENZİN TÖKÜB YANDIRIBLAR» - «Saat 6-ya 10 dəqiqə qalmışdı. Gəldik ki, qapını açıb keçmirlər. Onlar qırıb keçsəydilər, 10-20 yer yanardı. Hamısı yanmazdı. Bu qədər yer eyni vaxtda yanarmı? Hamısı eyni vaxtda alışıb. Elə bil, benzin töküb yandırıblar. Bu qədər adama zülm eləmək olarmı?». - «50 min dollarlıq malım yanıb, 20 minlik də təzə gətirmişdim. Kostyum-şalvar satırdım. Banka da borcum var». Bazarın icarədarları tələb edirlər ki, borclu olduqları banklar şəhər ya da bazar rəhbərliyi ilə razılaşıb onların borclarını dondursunlar: «Bizim tələbimiz odur ki, yeri düzəltsin, qabaqkı kimi işləyək. Bir də ki, 4-5 ay icarəni dayandırsınlar, yəni pul almasınlar, dəymiş ziyanı çıxara bilək. Köməklik eləsinlər». «HƏR İL MƏCBURİ SIĞORTA EDİRDİLƏR, BU İL ETMƏDİLƏR» Bazar rəhbərliyi bazarın yanmış yerlərinin nə vaxt bərpa ediləcəyi, icarədarların aqibətinin nə olacağı barədə suallarımızı cavabsız qoydular. Sahibkarların dediyinə görə, onlara elə həmin gün bir cavab verilib ki, gərək vaxtında mallarını sığorta etdirərdilər. Zərərçəkənlərin isə sığorta ilə bağlı müxtəlif fikirləri var: - «Bizə deyirlər ki sığorta şirkətində malınızı sığorta etdirməliydiniz. Maşınları məcburi sığorta etdirirlər, amma bizə heç məlumat da vermirlər». - «Hər il Fövqəladə Hallardan gəlib məcburi sığorta edirdilər, bu il etmədilər. Malın dəyərinə görə ödəyirdilər. Bu il qəsdən gəlmədilər». Mağazaları yanan sahibkarlara müəmmalı qalan tərəflər çoxdur. Onlar yanğının tədricən deyil, bütün mağazalarda eyni vaxtda başladığını deyirlər. Bəzi sahibkarlar isə iddia edirlər ki, malları yoxa çıxıb, külü də qalmayıb. YANĞINSÖNDÜRƏN MAŞIN 5 DƏQİQƏYƏ BOŞALIR? Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin rəisi Hamlet Süleymanov yanğının gec söndürülməsini hadisə barədə gec məlumat verilməsi ilə izah etdi. «Bizim maşınların hər biri 8-9 tonluqdur. Saniyədə 40 litr su verir. Nəticədə 5 dəqiqə ərzində maşın boşalır. Su boşalanda, mənbə olmalıdır ki, su gətirəsən. Gedib su gətirəndə, vaxt aparır. Son anda Gəncə mehmanxanasında ehtiyat su çənindən su götürüb yanğını söndürmüşük. Biz o yanğını söndürməklə nə qədər yaşayış binalarını, mağazaları xilas etmişik. 14 min kvadrat metrdən 2 min kvadrat metr yanıb. Biz yanğına gələndə, bazar tamam alışmışdı. Bizə məlumatı gec veriblər. Döyüşə susuz necə gedə bilirik?». FÖVQƏLADƏ HALLAR DANIŞMIR Hazırda Fövqəladə Hallar Komissiyası yanğın nəticəsində kimə nə qədər ziyan dəyməsini araşdırır və qeydiyyat aparır. Qeydiyyat aparan nümayəndə bildirdi ki, bu, istintaqın gedişatı üçün də lazım olacaq. Gəncə bazarının yanması ilə bağlı istintaqı Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Yanğına Nəzarət İdarəsi aparır. İdarə rəisi Qorxmaz Tağıyev müsahibə verməkdən imtina etdi. O, istintaq barədə Fövqəladə Hallar Nazirliyindən məlumat almalı olduğumuzu dedi. Nazirlikdən isə məsələyə şərh vermədilər. Gəncə bazarındakı yanğın 15 min kvadrat metr ərazisi olan bazarın 2400 kvadrat metrlik hissəsində olub. Nəticədə bu ərazidəki 200-dən artıq mağazadan 146-sı tamam yanıb. Geri qayıt |