Əsas Səhifə > Partiya > "MÜSAVAT PARTİYASI OLMADAN MİLLİ ŞURA OLMAYACAQ"
"MÜSAVAT PARTİYASI OLMADAN MİLLİ ŞURA OLMAYACAQ"6-12-2013, 12:52 |
“Rüstəm İbrahimbəyovun Milli Şuranın yaranması ərəfəsində və yarandan sonrakı dövrdə verdiyi açıqlamalar bir-birini təkzib edən, ziddiyyətli və demokratiya ilə bir araya sığmayan bəyanatlardan ibarətdir. Bunların bir neçəsi onu tənqid edən hamını hökumətə işləməkdə ittiham etməsi, Azərbaycana qayıdışı ilə bağlı dedikləri, onu tənqid edənlərə “ağızlarından vurmaq lazımdır” kimi demokratiyaya zidd reaksiya verməsi faktlarıdır. Bunlar hamısı göz qabağında olan şeylədir. Bu, təbiidir. Çünki biz dəfələrlə demişdik ki, Rüstəm İbrahimbəyov siyasətçi deyil. Sadəcə Milli Şurada toplanan partiya rəhbərləri bir araya gələ bilmədikləri üçün onun – qeyri-siyasi birinin namizədliyi üzərində dayanmışdılar”. Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, Müsavat başqanı İsa Qəmbərin bu məsələ ilə bağlı dedikləri tam həqiqətə uyğundur. ADP sədrinin sözlərinə görə, İ.Qəmbərin və Müsavat Partiyasının Rüstəm İbrahimbəyovla bağlı hazırkı mövqeyi yeni deyil: “İsa Qəmbər Milli Şura yaranan zaman da bəyan etmişdi ki, onların bəzi qırmızı xətləri var və o xətlər keçiləcəyi halda, Müsavat Milli Şuradan çıxacaq. İndi də eyni sözü deyir”. Müsavat Partiyasının Milli Şuradan çıxması ehtimalını da qiymətləndirən S.Cəlaloğlu bildirib ki, Müsavatın iştirak etmədiyi birlik, müxalifətin ümumi birliyi hesab oluna bilməz: “Müsavat Partiyası olmadan Milli Şuranı təsəvvür etmək mümkün deyil. Adı ola bilsin, Milli Şura olsun, ancaq bir güc kimi artıq mövcud olmayacaq”. Geri qayıt |