Əsas Səhifə > Ölkə, Manşet > AVROPA İRANA BAKIDA MEYDAN OXUYUR

AVROPA İRANA BAKIDA MEYDAN OXUYUR


7-02-2012, 16:56
AVROPA İRANA BAKIDA MEYDAN OXUYUR

ERMƏNİ XƏBƏR PORTALINDAN «AVROVİZİYA» İLƏ BAĞLI ŞOK İDDİALAR

DİA.AZ: - İran yenə də Azərbaycan əleyhinə təxribatlarını davam etdirir. Bu barədə çox ilginc məlumatlar maraqlıdır ki, erməni xəbər portalları tərəfindən yayılıb. «Armeniantribun» xəbər portalının açıqladığı faktlara görə, Bakıda keçirilməsi nəzərdə tutulan «Avroviziya-2012» beynəlxalq mahnı yarışması rəsmi Tehran üçün çox mühüm bir meydançadır.

DİA.AZ-ın sözügedən mənbəyə istinadən verdiyi xəbərdə deyilir: «İran Bakıda keçirilən yarışmaya xüsusi olaraq hazırlaşır ki, bu da təbiidir. Çünki artıq Avropa bu yarışmanın təşkili ilə İranın qulağının dibinə qədər yaxınlaşıb. İranda belə hesab edirlər ki, bununla Avropa həm də İrana meydan oxuyur və özünü İranla həmsərhəd hesab edir».

Daha sonra erməni xəbər portalının analitikləri bildirirlər ki, Avropanın İrana bu qədər yaxınlaşmasının qarşılığında İran əslində Cənubi Qafqazda kimin hökmran olduğunu nümayiş etdirməkdə israrlıdır: «Bu nümayiş hansı formada təzahür edə bilər? Son günlər rəsmi Bakı ilə İran dövlətinin münasibətləri gərginləşib. Hətta Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Tehranda əldə etdiyi anlaşma da bu gərginliyin aradan qaldırılması üçün yetərli olmadı. İran Bakıya qarşı sərt davranışda israrlıdır. Elə Bakı da sakit dayanmır və bir müddət əvvəl həbs olunan bir neçə Azərbaycan vətəndaşının İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və yəhudi ictimai xadimlərə sui-qəsddə ittiham olunması faktı da Azərbaycanın İrana qarşı adekvat reaksiyası kimi qəbul edilməlidir».

Erməni portalının iddiasına görə, əslində Azərbaycanın 2011-ci ildə «Avroviziya» yarışmasında qələbə çalması Qərbin İrana qarşı siyasətinin tərkib hissəsi olub: «Bu sırf siyasi sifariş nəticəsində əldə olunan qələbə idi. Burada Azərbaycan təsadüfən seçilməyib. Niyə Ermənistan qələbə çalmadı? Axı Ermənistan da İranla həmsərhəddir? Burada mühüm məqam Azərbaycanın 3 Cənubi Qafqaz ölkəsi içində yeganə müsəlman dövləti olmasıdır. Yəni İranın da Azərbaycanda güclü dayaqlara malik olması məlumdur və bu yolla Qərb həm də İranla sivilizasiya müharibəsinə çıxmış olur».

Daha sonra saytda yer alan xəbərdə iddia olunur ki, İran Bakıda terror aktı da həyata keçirə bilər: «İran istənilən halda may ayında onun burnunun ucuna qədər yaxınlaşan Avropanın burnunu ovmaq niyyətini təzahür etdirəcək. Terror aktı da ola bilər. İran Bakıda çox güclü dayaqlara malikdir. Və bu dayaqlardan istifadə ilə Avropanın geriyə otuzdurulması planı mövcuddur».

Hər halda, bütün bu məqamlar erməni analitiklərin müxtəlif qaynaq və versiyalara istinadən ortaya qoyduqlarıdır. Amma kimsə iddia edə bilməz ki, burada həqiqət payı yox dərəcəsindədir…


Geri qayıt