Əsas Səhifə > Partiya > "KXCP ÜZVLƏRİNİN ƏSƏBLƏRİNDƏ PROBLEM VAR"...
"KXCP ÜZVLƏRİNİN ƏSƏBLƏRİNDƏ PROBLEM VAR"...5-12-2013, 12:06 |
“Deyəsən, həmin KXCP üzvlərinin əsəblərində problem var, bir az əsəbi insanlardırlar. KXCP üzvlərinin xüsusən Milli Şura kimi bir qurumun iclasında belə hərəkətləri, davranışları insanları üzür”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Milli Şuranın son sessiyasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvləri ilə aralarında yaşanan qalmaqal barədə danışarkən deyib. Tural Abbaslı bildirib ki, Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının çıxışı zamanı onun qarşısındakı cərgədə əyləşmiş tanımadığı KXCP üzvləri yerdən müdaxilə etməyə, çıxışa mane olmağa başlayıblar. Müsavatın Divan üzvü, KXCP üzvlərinə iradını çatdırdığını, fikirləri varsa, Arif Hacılının çıxışından sonra söz alıb danışmağa dəvət etdiyini bildirib: “Arif Hacılıya qarşı hörmətsizlik edir, yerdən söz atırdılar. Mənim bu etirazıma da onlar aqressiv cavab verdilər. Dedilər ki, özümüz bilərik, yaxşı edirik. Mən dedim ki, belə olmaz, onlar daha da aqressivləşdilər. Mən də məcbur oldum ki, səsimi bir az yüksəldim ki, sözümü onlara eşitdirə bilim. Onlar ayağa qalxdılar və bu zaman KXCP-nin digər nümayəndələri araya girdilər. KXCP nümayəndələri həmin aqressiv partiyadaşlarını tutdular, sakitləşdirdilər. Mən zatən oturmuşdum, məsələ əlbəyaxa həddə gəlib çatmadı. Belə deyək ki, aramızda söz dueli oldu, əlbəyaxa dava olmadı”. Tural Abbaslı, tanımadığı bu KXCP üzvlərinin Milli Şuranın bundan öncəki sessiyasında qurumun başqa bir nümayəndəsi ilə də aqressiv tərzdə mübahisə etdiklərini deyib. Müsavat funksioneri ilə KXCP üzvləri arasında qalmaqalın əlbəyaxa həddə çatmasının qarşısını alanlardan biri olan KXCP Ali Məclisinin sədri Bəybala Əbil APA-ya açıqlamasında bildirib ki, Arif Hacılı çıxışında Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin seçki kampaniyası və bu kampaniyada fəal iştirak edən partiyalardan söz açıb. KXCP üzvləri də Arif Hacılının bu məsələyə aydınlıq gətirməsini istəyib: “KXCP üzvləri bu istəklərini səsləndirdikləri zaman arxada oturan Müsavat Partiyasının nümayəndəsi də partiyamızın üzvlərinə etirazını bildirdi. Sonra da ayağa durdular, bir-birlərinə nə isə demək istədilər, amma sonra sakitləşdilər. Məsələnin kökü ondadır ki, Milli Şurada seçkidən öncə ciddi proseslər baş vermişdi və Liberal Partiyanın Milli Şuradan çıxmasının da özəyi orada qoyulmuşdu. Çünki Cəmil Həsənli 23 avqustda AXCP və Müsavat Partiyasının vahid namizədi kimi ortaya çıxdı və seçkiyə az qaldığı üçün müəyyən anlaşılmazlıqlar oldu. Yaxşı ki, seçki kampaniyası dövründə Cəmil Həsənlinin ağsaqqallığı ilə bu məsələlər yoluna qoyuldu. Həmin narahatlıqlar, gərginliklər Milli Şuranın bu sessiyasında üzə çıxmışdı. Ancaq seçki ilə bağlı proseslər Milli Şurada mütləq müzakirə olunacaq. Cəmil Həsənli də dedi ki, darıxmayın, seçki və seçkinin nəticələri ilə bağlı məsələ Milli Şurada bütövlükdə müzakirə olunacaq.”. Bəybala Əbil, Tural Abbaslı ilə qalmaqalda iştirak edən KXCP üzvlərinin adlarını açıqlamaq istəməyib. Geri qayıt |