Əsas Səhifə > Siyasət, Manşet > MİLLİ ŞURA NECƏ İCTİMAİ PALATAYA DÖNMƏKDƏDİR…

MİLLİ ŞURA NECƏ İCTİMAİ PALATAYA DÖNMƏKDƏDİR…


5-12-2013, 09:41
MİLLİ ŞURA NECƏ İCTİMAİ PALATAYA DÖNMƏKDƏDİR…
DİA.AZ: - Əslində 9 oktyabr seçkiləri ərəfəsində və ondan sonrakı dönəmdə daha çox yeni dönəm üçün mövcudluq uğrunda mübarizə aparmaq zorunda qalan Azərbaycan müxalifəti bugünkü tövrləri ilə də eyni niyyətdən çıxış etdiyini heç gizlətmir də. Yəni bu gün hakimiyyətə əsas alternativ kimi dəyərləndirilən Milli Şurada və ətrafında baş verənlər daha çox müxaliflik institutunun yaşadılması marağına xidmət edir…

Milli Şura necə yarandı?..

Bu yaranışı hər kəs xatırlayır. Rəsmi Bakını yola gətirməyə çalışan Kreml Azərbaycana təzyiqlərini artırmışdı və bütün istiqamətlərdən hücumlar var idi. Ayrı-ayrı təxribatçı qüvvələr etnik və dini zəmində separatizmi qızışdırır, Rusiyada Azərbaycan diasporasının parçalanması hesabına sonradan Azərbaycan dövlətinin əleyhinə bəyanatları ilə diqqətə gələn «Milyarderlər İttifaqı» kimi tanıdığımız Rusiya Azərbaycan Təşkilatları İttifaqı yaradılır və ən nəhayət, ölkə daxilində bir rus ajanı olması heç də şübhə doğurmayan Rüstəm İbrahimbəyovun rəhbərliyi altında dünənə qədər daha çox Qərbyönümlü kursu ilə tanınan müxaliflər bir araya gətirilir.

Bütün bu hadisələrin yanaşı addımlaması artıq hər bir istiqamətdə rus barmağından xəbərn verməkdə idi. Rəsmi Bakını təşkil edən Azərbaycan hakimiyyəti isə təkcə özünün siyasi maraqlarının deyil, həm də Azərbaycanın dövlət maraqlarının qorunması üçün bütün istiqamətlərə qarşı eyni zamanda cəbhə açmaq zorunda qalmışdı. Və bu şəraitdə Milli Şura yaradıldı.

Bu şurada kimlər yox idi? Hər kəs var idi. Hətta 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindən sonra davamlı olaraq Azərbaycan müxalifətini təhqir edən, müxalifət liderlərini aşağılayan Rəsul Quliyevdən tutmuş, hakimiyyətin mətbəxində «çay dəstgahı təşkilatçısı» kimi ad çıxarmış Rusiyanın şübhəli dairələri ilə sıcaq münasibətlərdə olan Eldar Namazov, ən nəhayəti isə müxalifliklərinə alışdığımız Müsavat və AXCP, üstəgəl də ənənəvi yedək partiyalar, yedək simalar.

Demək olmaz ki, həmin ittifaqda cəmləşənlərin hamısı kimin əlinə oynadıqlarını bilirdilər. Bu, doğru olmazdı. Amma Milli Şuranı yönəldənlərin işin içində Rusiyanın maraqlarının olmasını bildikləri şübhəsiz idi. Ona görə də prezident seçkiləri ərəfəsir Putinin artıq rəsmi Bakı ilə anlaşma əldə etməsi faktı Milli Şuradan faydalanmaq istəyənlərə böyük zərbə effektində oldu.

Milli Şura necə dağılır?..

Əslində bu gün baş verənləri Milli Şuranın dağılması kimi də qəbul etmək olar. Halbuki bu ittifaq yarananda qurucuları özlərinin Azərbaycanda rus işğalını xatırladan şurəvilərlə deyil, Azərbaycanı rus işğalından qurtarmağa çalışmış iki tarixi Milli Şura ilə mənəvi bağlarının olduğunu iddia etmişdilər.

Amma fakt faktlığında qalırdı. Və fakt ondan ibarət idi ki, bugünkü Milli Şuranın tarixi Milli Şuralarla yaxından uzağa hansısa formada bağlantısı yox idi. Çünki hər iki tarixi Milli Şuranın hədəfində Azərbaycanın müstəqilliyi, Rusiya asıllığının sonna yetməsi var idi. Amma bu Milli Şura Azərbaycanı təkrarən Kremlin quyruğuna çevirən bir xətti tutdu. Biz iddia etmirik ki, hər iki tarixi Milli Şurada satqınlar olmayıb… OLUB! Amma indiki ilə müqayisədə fərq onda idi ki, sonuncu Milli Şurada satqınlar başa keçmişdi, idarəedən mövqedə idilər.

Və belə bir formatda və mahiyyətdə olan təşkilatın dağıliması labüd idi. Bunu elə Milli Şurada oturanlar da yaxşı bilirdilər. Ona görə də onlar əslində bu gün Milli Şuranı qorumaqla öz siyasi mövcudluqlarını qorumuş olurlar. Çünki artıq Milli Şura açıq şəkildə Rusiyaya bağlı olan qüvvələrdən arınmaqdadır. Eldar Namazov və başının dəstəsi, Rüstəm İbrahimbəyov, Rəsul Quliyev və digər bu kimiləri əgər Milli Şuradan gedirlərsə, yerdə qalır İCTİMAİ PALATA!

Yəni Milli Şuranın İctimai Palataya dönüşü prosesi baş verir. Burada müxalifətin tək uduşu artıq kifayət qədər köhnəlmiş olan İctimai Palatanı yeni dizaynda cəmiyyətə sırıma fürsətidir. Bundan artıq nailiyyət mövcud deyil.

Geri qayıt