Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOVUN AVTOBUSLARI DA QİYMƏTİ QALDIRIR

ZİYA MƏMMƏDOVUN AVTOBUSLARI DA QİYMƏTİ QALDIRIR


3-12-2013, 12:00
ZİYA MƏMMƏDOVUN AVTOBUSLARI DA QİYMƏTİ QALDIRIR
SAHİBKARLAR NAZİRLİYƏ MÜRACİƏT ETDİ, NAZİRLİK DƏ TARİF ŞURASINA…

DİA.AZ: - Nazirlər Kabinetinin Tarif Şurasının az qala qəfil surətdə benzinin və təbii qazın qiymətini qaldırması birmənalı qarşılanmayıb. DİA.AZ-a bununla bağlı daxil olan informasiyalardan aydın olur ki, süpriz qərarın bir çox istiqamətlərdə də bahalaşmaya nədən olacağı heç şübhəsizdir. Və hətta indidən bu məqsədlə hərəkətə keçənlər də var.

Məlum olduğu kimi, artıq Bakının məşhur London taksilərində gedişhaqqının artırılacağı haqda informasiyalar yayılıb. Verilən xəbərdə deyilir ki, "Baku Taxi Company" ("TX4" avtomobillərinin operatoru) yanacağın qiymətlərinin bahalaşması ilə əlaqədar təhlildən sonra gedişhaqqı qiymətlərinin dəyişdirilməsinin məqsədəuyğunluğunu müəyyən edəcək. Bu barədə şirkətin rəhbəri İlqar Qasımov bildirib.

Onun sözlərinə görə, şirkətin taksi sürücülərinin gəlirləri gedişhaqqı hesabına formalaşır və müvafiq olaraq tariflərin artırılması analiz aparılmasını tələb edir: "Hazırda şirkətimizin xidmətlərindən istifadə üçün tariflərin artırılmasına baxılmır, lakin ölkədə yanacağın tariflərinin bahalaşması ilə bağlı yaranmış yeni şərait öyrənilmə tələb edir. Yalnız analizin aparılmasından sonra gedişhaqqı qiymətlərində dəyişikliklər edilməsinin məqsəduyğunluğu müəyyən ediləcək". Hazırda "Baku Taxi" şirkətinin min "TX4" London taksi nəqliyyat vasitəsi fəaliyyət göstərir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, təkcə taksi xidmətinin rəhbərliyi bu barədə düşünmür. Nazirlər Kabinetindəki mənbənin söylədikləri: «Artıq sərnişindaşıma xidməti göstərən bir neçə avtobus şirkətinin sahibi səhər saatlarından Nəqliyyat Nazirliyinə müraciət ediblər».

Xatırladaq ki, bu günlərdə bu barədə danışan NN-nin sözçüsü də bildirmişdi ki, sahibkarlar bir neçə dəfə nazirliyə gedişhaqqının artırılması məqsədilə müraciət ediblər.

Son informasmiyalarda isə bildirilir ki, artıq bəzi avtobuslarda məhz benzinin qiymətinin qalxması səbəbindən sərnişinlərdən artıq pul istənilib. Amma bunun rəsmiləşdirilməsi də gözləniləndir. Mənbə söyləyir ki, nazirlik bu gün avtobuslarda gedişhaqqının artırılması üçün Tarif Şurasına təkrarən müraciət etməyi planlaşdırır.

Geri qayıt