Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISI MƏHKƏMƏYƏ VERİLİR

İCRA BAŞÇISI MƏHKƏMƏYƏ VERİLİR


7-02-2012, 12:47
İCRA BAŞÇISI MƏHKƏMƏYƏ VERİLİR

«PREZİDENTİ ALDATMAQ QULDURLUQ DEYİL, BƏS NƏDİR?»

DİA.AZ: - Hakimiyyətin icra başçıları ilə bağlı kadr islahatları həyata keçirmə niyyəti hər kəsə məlumdur. Və bu vaxta qədər yayılan məlumatlarda göstərilir ki, əsas islahatlar fevral ayının son günlərindən başlayacaq. Qeyri-rəsmi məlumatlara görə, 6 əyalət rayonunun və 4 Bakı rayonunun icra başçısının birdəfəlik olaraq istefaya göndərilməsi planlaşdırılır. Onların sırasında Samuxun icra başçısı Vilyam Hacıyev də var.

Bildirək ki, bu şəxsin adını təsadüfi olaraq çəkməkdik. Xeyli əvvəl məlumat verərək bildirmişdik ki, Vilyam Hacıyev yerli sahibkarlara qarşı əməlli-başlı «səlib yürüşünə» keçib və hətta rayon sahibkarlarından birinin 491 min manat pulu icra başçısı tərəfindən mənimsənilsə də, Vilyam Hacıyev nəzarətində saxladığı məhkəmə instansiyaları hesabına öz xeyrinə qərarlar çıxarmağa müvəffəq olur.

Bu yaxınlarda isə Vilyam Hacıyev icra başçısı olduğu rayonun məhkəməsində öz xeyrinə daha bir qərarı çıxartdırıb. Nəticədə sahibkarla yanaşı, «Gündəm Xəbər» qəzeti də cərimələnib. Vilyam Hacıyev iddia qaldırıb ki, qəzetdə onun şərəf və ləyaqəti təhqir olunub.

Bu barədə «Gündəm Xəbər» redaksiyasından açıqlanan məlumatda da bildirilir ki, əslində icra başçısının şərəf və ləyaqətini müdafiəsinə qalxması onlar üçün də çaşdırıcıdır: «Biz faktlara söyənərək yazmışıq ki, 2008-ci ilin 4 mart tarixində prezident İlham Əliyev Samuxda olarkən rayon ərazisində «Mosu kişinin çayxanası» kimi tanınan obyekt dövlət başçısına «Şahmat Evi» kimi təqdim olunaraq, açılış mərasimi keçirilib və hətta prezidentə təmirdən çıxmış çayxananın lenti də kəsdirilib».

Redaksiyadan bildirirlər ki, əslində bu quldurluq əməlidir: «Bu əməli başqa cür necə ifadə etmək olar ki? Sırf korrupsiya faktıdır. «Şahmat Evi»nə ayrılan pullar yeyildiyindən, başqa bir iaşə obyekti prezidentə «Şahmat Evi» kimi təqdim olunub. Bunun adını istər quldurluq qoy, istərsə də fırıldaq. İstənilən halda bu adam öz şərəf və ləyaqətinin tapdandığını iddia edəcək. Bəs prezidentin aldadılması, dövlətimizin şərəf və ləyaqəti necə olsun?»

Redaksiyadan onu da bildirdilər ki, artıq icra başçısının bu absurd iddiası ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədirlər: «Biz də həm apellyasiya şikayəti vermək niyyətindəyik və həm də «Şahmat Evi»i ilə bağlı skandalın araşdırılması üçün məhkəməyə müraciət edəcəyik. Çünki sonradan başqa bir yerdə «Şahmat Evi» tikilib istifadəyə verilib. AzTV-nin və digər telkanalların arxivlərində də yer alan videomateriallardan da aydın olacaq ki, prezidentin lentini kəsdyi obyekt əslində bu gün də çayxana kimi işləyir».

Geri qayıt