Əsas Səhifə > Hadisə > DÖVLƏT KOMİTƏSİ UKRAYNADAKI OLAYLARA REAKSİYA VERDİ

DÖVLƏT KOMİTƏSİ UKRAYNADAKI OLAYLARA REAKSİYA VERDİ


2-12-2013, 11:37
DÖVLƏT KOMİTƏSİ UKRAYNADAKI OLAYLARA REAKSİYA VERDİ
"Ümumiyyətlə, hər hansı ölkədə baş verən istənilən hadisəni ciddi şəkildə araşdırmaq lazımdır. Yüz minlərlə azərbaycanlının yaşadığı hər hansı ölkədə müəyyən tipli hadisələr də baş verəcək. Bundan heç kim özünü sığortalaya bilməz". Bunu Trend-ə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov son vaxtlar Ukraynada azərbaycanlılara qarşı ayrı-seçkilik hallarına münasibət bildirərkən deyib.

N.İbrahimov bildirib ki, Ukraynada milli zəmində münaqişələrin baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil: "Biz orada baş verən prosesləri milli zəmində hər hansı münaqişə səviyyəsində qaldırmaq cəhdlərini pisləmişik. Hesab edirəm ki, mətbuat orqanları da bizim bu fikrimizi qəbul ediblər və artıq öz səhifələrində bu məsələyə dəqiq, qərəzsiz, düzgün münasibət bəsləməyə başlayıblar. Bu da gələcəkdə həmin azərbaycanlıların həqiqətən də müəyyən problemlərlə üzləşməməsinə gətirib çıxaracaq".

Komitə sədrinin sözlərinə görə, hər hansı azərbaycanlı ilə bağlı baş vermiş hadisəni milli zəmində hadisə kimi qələmə vermək düzgün deyil: "Biz belə gündəlik məlumatları verməklə orada yaşayan azərbaycanlıların vəziyyətini daha ağırlaşdırmış oluruq. Rusiyada təkcə azərbaycanlılarla deyil, ümumiyyətlə digər ölkələrdən gəlmiş miqrantlarla əlaqədar baş verən proseslərə öz fikrimizi bildirmişik. Güman edirəm ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq və hər şey yerində oturacaq. Hər hansı ölkənin miqrantlarla bağlı gedən prosesləri qanuniləşdirmək və yaxud bu prosesdə qayda-qanun yaratmaq istəyi normaldır. Bizim əsas vəzifəmiz isə orada yaşayan azərbaycanlıların bu prosesdən daha ağrısız çıxmağını təmin etmək, onların hüquqlarını qorumaqdır".

Geri qayıt