Əsas Səhifə > Hadisə > MÜDAFİƏ NAZİRLİYİNDƏ STRUKTUR İSLAHATI GÖZLƏNİLİR

MÜDAFİƏ NAZİRLİYİNDƏ STRUKTUR İSLAHATI GÖZLƏNİLİR


2-12-2013, 11:36
MÜDAFİƏ NAZİRLİYİNDƏ STRUKTUR İSLAHATI GÖZLƏNİLİR
Azərbaycanın NATO ilə razılaşdıracağı Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) 4-cü mərhələsinin mətni yaxın günlərdə tərəflərin müzakirəsinə çıxarılacaq. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə hərbi mənbələrdən məlumat verilib. Məlumatda qeyd olunur ki, indiyə qədər irəli sürülən NATO tərəfinin təklifləri və Azərbaycanın yanaşmaları bu sənəddə əksini tapıb. Tərəflər razılıqlarını bildirsələr, dekabrın sonu və ya yanvarın əvvəllərində 4-cü İPAP imzalanıb qüvvəyə minə bilər.

“Doktrina” JHAM-ın əldə etdiyi digər məlumata görə, sənədin təxminən 70-80 faizi əvvəlki 3 mərhələdə həyata keçirilməyən islahatları əhatə edir, eyni zamanda yeni islahatlar da əksini tapır. Xüsusilə də Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların bir hissəsinin mülkiləşdirilməsinə, ştat-struktur islahatlarına dair yeni təkliflər var. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin və Hüquq İdarəsinin tamamilə, eyni zamanda digər idarələrin bəzi heyətinin mülkiləşdirilməsinə dair NATO tərəfinin təklifləri əksini tapıb. Bu islahatlar həyata keçirilsə, hazırda sözügüdən idarələrin rəisləri – general-mayor Ramiz Nəcəfov və ədliyyə polkovniki Rauf Kişiyev vəzifələrini itirəcəklər.

“Beləliklə, əgər bu təkliflər Azərbaycan tərəfindən dəstəklənsə və islahatlar üçün iradə ortaya qoyulsa, onda yaxın iki il ərzində Müdafiə Nazirliyində ən azı iki idarənin mülkiləşdirilməsi gözlənilir” deyən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bildirir ki,Silahlı Qüvvələrin Baş Qərargahının səlahiyyələtinin dəyişdirilməsi və genişləndirilməsinə dair bir sıra müddəalar da sənəddə əksini tapır.

Xatırladaq ki, iki illik dövrü nəzərdə tutan İPAP sənədinin birinci mərhələsi 2005-ci ildə, ikincisi 2008-də, ücüncüsü isə 2011-ci ilin sonunda imzalanıb. Ekspertlərin fikrincə, bu sənədlərdə Silahlı Qüvvələrdə əksini tapan çoxlu sayda islahatlar yerinə yetirilməmiş qalıb. Bununla yanaşı sənədin tam mətni indiyə qədər Azərbaycan ictimaiyyətinə açıqlanmayıb və bunun üçün yetərli səbəblər göstərilmir.

Geri qayıt