Əsas Səhifə > Gündəm, Manşet > RÖVNƏQ ABDULLAYEV ÖZ KOMANDASINI QURUR
RÖVNƏQ ABDULLAYEV ÖZ KOMANDASINI QURUR6-02-2012, 14:12 |
ARDNŞ PREZİDENTİNİN ADAMLARI NİZAMİ RAYONUNDA AT OYNADIR DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə bağlı redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Bildirək ki, 2005-ci ilin parlament seçkilərindən sonra hakim elitaya ilk qədəmlərini basan Bakı Neft Emalı zavodunun sabiq rəhbəri Rövnəq Abdullayev ARDNŞ-in sükanını ələ keçirdikdən sonra çox ciddi fiqura çevrilmə yolunda sürətlə irəlilədi. Təsadüfi deyil ki, bu gün onun adı hakim düşərgənin əsas kassirlərindən biri kimi hallandırılmaqdadır. Bununla yanaşı, Rövnəq Abdullayev məhz sürətli inkişaf yolunda özünün yaxın adamlarından ibarət bir məmur eşalonu formalaşdırması ilə də diqqətə gəldi. Hətta son parlament seçkilərində ARDNŞ prezidentinin bir neçə namizədə deputat mandatı ala bilməsi faktı da mövcuddur. Bir sözlə, bu gün Rövnəq Abdullayev hakimiyyət içində yetərincə sayılıb-seçilən fiqurlardandır. Onun prezidentin yeni komandasının üzvlərindən biri olması statusu isə ARDNŞ prezidentinə əlavə manevr imkanları da yaradır. Ki, bunun da nəticəsində hazırda Rövnəq Abdullayevin hətta əksər dövlət qurumlarına kadrları ixrac etdiyi də məlum olur. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia-az.site) məlumatlandıran hakimiyyət içindəki mənbəmiz çox ilginc faktları açıqlayıb. Mənbəmiz bildirir ki, ARDNŞ prezidenti son aylarda bir neçə rayonun icra başçısı postuna tamah salıb və həmin rayonların rəhbərliyinin ələ keçirilməsi yönündə ciddi çaba sərf etməkdədir. Bu barədə mənbəmizin söylədikləri: «Rövnəq Abdullayevin əsas hədəflərindən biri Nizami rayonunda sırf özünə bağlı kadrın rəhbərlik etməsidir. Doğrudur, indiki başçı da onun adamı hesab olunur. Amma buna baxmayaraq ARDNŞ prezidenti həmin posta yaxın qohumlarından birini hazırlayır». Mənbəmizə görə, Rövnəq Abdullayevin izami rayon icra hakimiyyətinin başçısı postuna hazırladığı şəxs hazırda həmin rayonda 28 saylı MİS-ə rəhbərlik edən Aqil Bacışovdur: «Bu adam Rövnəq Abdullayevin qohumu olmaqla yanaşı, həm də kəndçisidir. Aqil Baxışovun atası Naxçıvanda çox məşhur birisi olmaqla yanaşı, cəmiyyət arasında «milyarder Nadir» kimi tanınıb». Mənbəmiz bildirir ki, hazırda özünü rəhbəri olduğu qurumda çox sərbəst aparan bu «JEK» müdiri hətta açıq-aşkar talan siyasəti də yürüdür: «Təsəvvür edin, yerli sakinlərin hesabına evlərin isti su problemini «həll edən» MİS müdiri köhnə sovet dövründən qalma boruların pulunu da cibinə qoyub. Buna etiraz edən sakinlərə isə «mən burada müvəqqətiyəm, icra başçısı olandan sonra problemlərinizi həll edəcəm» deyərək Rövnəq Abdullayevə güvəndiyini də gizlətmir». Mənbəmizin sözlərinə görə, MİS ərazisində yaşayan sakinlərdən isti suyun pulu yığılsa da, hələ də evlər soyuqdan buz bağlayır: «Aqil Baxışova hətta icra başçısı da söz deyə bilmir. O da yaxşı bilir ki, oturduğu postda müvəqqətidir». Mənbəmiz onu da bildirdi ki, Rövnəq Abdullayev eyni zamanda Bakının Xətai rayonunun icra başçısı postuna da kadr hazırlayır. Xatırladaq ki, həmin postu hazırda «məşğul edən» Razim Məmmədovun «iynə üstündə oturması» mətbuatda yer alan xəbərlərdən də bəllidir. Onun hakimiyyətin icra başçıları ilə bağlı nəzərdə tutduğu ikinci «yarpaq tökümü» dalğasında «vurulacağı» bildirilir. Geri qayıt |