Əsas Səhifə > Gündəm, Manşet > RƏSMİ BAKI AVROPA İLƏ GİZLİ DANIŞIQLAR APARIR

RƏSMİ BAKI AVROPA İLƏ GİZLİ DANIŞIQLAR APARIR


29-11-2013, 10:23
RƏSMİ BAKI AVROPA İLƏ GİZLİ DANIŞIQLAR APARIR
AZƏRBAYCAN DİLEMMA QARŞISINDA: KİMİNLƏ OLDUĞUMUZU DEMƏLİYİK

DİA.AZ: - «Azərbaycana öz seçimini etmək təklif olunur. Rəsmi Bakının hazırki siyasi kursu Qərb tərəfindən qərarsızlıq kimi qəbul edilir. Amma Azərbaycan təklifi bunu «balanslaşdırılmış siyasət» kimi təqdim edir. Bu isə Qərbi, xüsusən də ABŞ-ı qane etmədiyindən rəsmi Bakı ilə münasibətlərində gərginlik yaradır». Bu ilginc açıqlamanı DİA.AZ-a verən hökumət içindəki mötəbər mənbə daha maraqlı faktlar açıqlayıb.

Həmin bilgilərlə sizi tanış edirik: «Azərbaycan iqtidarı zaman-zaman həm Rusiya ilə və həm də Qərblə eyni məsafəni qorumağa çalışıb. Və bu fonda dövlətin iqtisadi maraqlarını inkişaf etdirmə yolunda ciddi addımlar atmağa müvəffəq olub. İndi isə elə bir situasiya yetişib ki, artıq Azərbaycanın əldə etdiyi iqtisadi rıçaqlar onun işinə yaramaqdadır. Çox ciddi beynəlxalq enerji və iqtisadi layihələrdə aparıcı mövqeyə malik olan Azərbaycan tərəfi bu mövqeyindən özünün milli dövlətçilik maraqları istiqamətində yararlanmağa çalışır.

Bunu isə Qərbin qəbul etməsi imkansızdır. Rusiya isə əsla Azərbaycanın belə bir mövqedə dayanması ilə razılaşa bilmir. Çünki artıq rəsmi Bakı «şərtləri qəbul etən tərəf» statusunu darmadağın edərək, «öz maraqlarını ifadə etməyə başlayan» mövqedə qərarlaşmaqdadır. Və hər bir güc yaxşı başa düşür ki, rəsmi Bakının maraqları müstəvisində Qarabağ problemi ən ümdə yerdə dayanır».

Mənbəmiz bildirir ki, hətta bu barədə Avropanın gizli iqtisadi-siyasi dairələri ilə rəsmi Bakı arasında son 4 ay ərzində bir neçə dəfə məxfi və mühüm danışıqlar aparılıb: «Həmin danışıqlar masasında Azərbaycan tərəfi öz mövqeyini net şəkildə ifadə edib. Azərbaycanda məlumdur ki, «bp» kimi korporasiyaların belə maraqları var. Amma artıq Azərbaycan həmin Azərbaycan deyil.

Bu gün Bakıda müəyyən təxribatçı qüvvələrin fəallaşdırılmasına Rusiyadan daha çox Qərb çalışır. Vəhabilər hər halda, «KQB» tərəfindən yönləndilmir. Doğrudur, Rusiyanın Dağıstan ərazisində öz «vəhabi yetişdirmə bazası» var və bu bazanın ingilis kəşfiyyatı ilə hər hansı əlaqəsi mövcud deyil. Amma bu gün Azərbaycanda təhdidçi kimi çıxış edən «ingilis vəhabilər»dir».

Mənbəmiz iddia edir ki, Azərbaycan yaxın günlərdə qərar vermək zorunda qalacaq: «Çünki bu qərarı verməyə məcburuq. Artıq bütün tərəflər net mövqe tələb edir. «Kimin yanındayıq» sualının cavabı istənilir. Bunu bəzi müxalifət liderləri də seziblər. Ona görə də ara-sıra Azərbaycanın net mövqe ifadə etməsini və Qərblə bir olduğunu elan etməsini bəyanat formasında səsləndirirlər.

Amma onlar daha anlamırlar ki, bu gün Azərbaycanın verəcəyi qəti qərar təkcə Qarabağda deyil, bütünlükdə olaraq Azərbaycan torpaqlarının hər bir yerində əmin-amanlığı təhdid edə bilər. Odur ki, çətin bir dönəmi keçməkdəyik - desək, yanılmarıq».

Geri qayıt