Əsas Səhifə > Gündəm, Manşet > NƏDƏN İLHAM ƏLİYEV BELƏ BİR RİSQƏ GEDƏSİ OLDU?

NƏDƏN İLHAM ƏLİYEV BELƏ BİR RİSQƏ GEDƏSİ OLDU?


28-11-2013, 11:03
NƏDƏN İLHAM ƏLİYEV BELƏ BİR RİSQƏ GEDƏSİ OLDU?
RƏSMİ BAKI DÜNYA GÜCLƏRİ İLƏ MÜNASİBƏTLƏRİNİ BOŞUNDAN KORLAMADI

DİA.AZ: - Azərbaycanın xaricit siyasət kursunda ənənəvi durğunluq nöqtəsindən imtina edib, öz maraqlarını ifadəyə doğru meyillənməsi böyük silkələnmə ilə müşahidə olundu ki, bəzi ekspertlər rəsmi Bakının bu gərginliyin altından qalxa bilməyəcəyini proqnozlaşdırırdılar. Amma onlar yanıldı. Və bu gün görüntüdə olan mənzərə tamam fərqli əhval-ruhiyyədən xəbər verməkdədir. Artıq prosesin əsas ağır olan hissəsi geridə buraxılıb…

İlham Əliyev nəyə nail olmaq istəyir? Əslində normalda İlham Əliyev bu şəkildə risqə girməməli idi. Yəni belə düşünülürdü ki, özünün hakimiyyət maraqları naminə İlham Əliyev dünənə qədər Azərbaycanda hakimiyyətlərin taleyini həll edən qüvvələr kimi xarakterizə olunan dünya nəhəngləri il toqquşmayacaq. Amma Azərbaycan prezidenti bu risqdən çəkinmədi.

Fakt ondan ibarətdir ki, Azərbaycan regionda maraqlı olan bütün güclərlə gərginlik yaşayır. Yalnız Azərbaycanın enerji ehtiyatlarına maraq göstərən Avropa dövlətləri rəsmi Bakının özünütəsdiq meyillərini sükutla müşahidə edirlər.

Rusiyanın dözümsüzlüyü göz önündədir. Hətta elə bir həddədir ki, Putin İrəvanın yolunu yağır etmək zorunda qalıb. Və Ermənistana xüsusi təmtəraqla təşrif buyuran Rusiya prezidenti Azərbaycanın əsəbləri ilə əlindən gələn qədər oynamaq sevdasını gizlətmir. Və bu maraqları fonunda Rusiya yetərincə irəliləyib.

Rəsmi Bakının digər qonşumuz olan və regionda kifayət qədər maraqlı görünən İranla da münasibətləri yetərincə gərgin kimi görünür. Əslində burada daha çox süni gərginlik yaradan tərəf kimi rəsmi Tehran çıxış edir… Azərbaycanın Qərblə, xüsusən İsraillə istənilən bir təmasını özünə qarşı addım kimi dəyərləndirən Tehran bunun qarşılığı olaraq rəsmi Bakıya qarşı düşmən mövqeyini az qala rəsmiləşdirib. Və eyni hal hələ də davam etməkdədir.

Bu gün dünyada əzələlərinin az qala ən incə tellərini belə nümayiş etdirməyi vərdişinə çevirən Amerika Birləşmiş Ştatları da Azərbaycanla müəyyən problemlər içindədir. Hər halda, bunun əksi gözlənilən idi. Çünki rəsmi Bakı regionda və hətta GUAM xətti ilə Kremlin ümdə maraqlarını pozan yeganə qüvvə rolunu oynamaqdadır. Amma buna rəğmən ABŞ Azərbaycanla tamam fərqli bir tərzdə davranma yolunu seçdi ki, bu da daha çox rəsmi Bakının müstəqil dəst-xətt davası qarşısında çəkilən sədd idi.

Təbii ki, belə bir gərgin şəraitdə İlham Əliyevin risqə gedərək gücləri qıcıqlandırması, Azərbaycanın müstəqil xarici siyasət kursunu diqtə cəhdində bulunması hələ böyük fəsadlara da nədən ola bilərdi ki, artıq belə bir təhlükələr gözlənilmir. Və görünəni odur ki, biz bu gün yaşanılan çətinliklərin bəhrəsini, sözün əsl və yaxşı mənasında bəhrəsini yaxın ertələrdə hiss edəcəyik…

Geri qayıt