Əsas Səhifə > Sosial, Manşet > SƏLİM MÜSLÜMOVUN KADR İSLAHATININ ŞOK PƏRDƏARXASI

SƏLİM MÜSLÜMOVUN KADR İSLAHATININ ŞOK PƏRDƏARXASI


27-11-2013, 10:07
SƏLİM MÜSLÜMOVUN KADR İSLAHATININ ŞOK PƏRDƏARXASI
İDRİS İSAYEV TƏSADÜFİ KADR HESAB OLUNMUR: NAZİRİ ONA BAĞLAYAN TELLƏR

DİA.AZ: - Dövlət Sosial Müdafiə Fondunun rəhbəri vəzifəsində Əməkv və Əhalinin Sosial Müdafiəsi Naziri postuna irəli çəkilən Səlim Müslümov çox da səs-küylü kadr islahatları həyata keçirməsə də, hədəfi ilə bağlı müəyyən təəssüratlar yaratdığından onun DSMF-dəki köhnə prinsipləri nazirliyə daşıdığı tam çılpaqlığı ilə ortaya çıxır. Söhbət fonddakı «özəl qaydaların» nazirliyə transferindən gedir.

Əslində Səlim Müslümov bunu elə nazirlikdə həyata keçirdiyi ilk «kadr islahatı» ilə də nəzərə çarpdırdı. Xatırladaq ki, ƏƏSMN-nin yeni şefi ilk olaraq DSMF-dən İdris İsayevi nazirliyə gətirdi. Və bu gün DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əslində İdris İsayev heç də təsadüfi fiqur deyil və Səlim Müslümovun onu nazirliyə özü ilə bərabər tələsik şəkildə daşıması da sıradan hadisə deyil.

İlk əvvəl İdris İsayevlə bağlıbilgiləri diqqətinizə təqdim edək. Məlum olduğu kimi, ƏƏSMN-nin Əmək Müfəttişliyinə sədr təyin olunan İdris İsayev Fondun Maliyyə-büdcə şöbəsinin müdiri olub. Bu post isə kifayət qədər ciddi əhəmiyyət daşıyıb.

İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə və kredit fakültəsində əyani təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 1992-1993-cü illərdə «İnkişaf» Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nın Gorce Universiteti ilə birgə təşkil etdiyi MBA proqramında təhsil alıb və biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb.

SƏLİM MÜSLÜMOVUN KADR İSLAHATININ ŞOK PƏRDƏARXASI

24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvüdür. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var.

Bunlar İdris İsayevlə bağlı olan rəsmi xəbərlərdir… DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, əslində İdris İsayev Səlim Müslümovun DSMF-də əsas adamı - həm də «kassiri» funksiyasını həyata keçirib. Məlumatlı mənbənin söylədikləri: «Səlim Müslümovun bütün qaranlıq maliyyə işləri məhz İdris İsayevin iştirakı ilə baş tutduğundan ƏƏSMN-nin yeni rəhbərinin bu adamı kənarda axlaması və yaxud da bir başqa rəhbərin idarəçiliyinə verməsi gözlənilən deyildi.

Və Səlim Müslümov gözlənilməyəni yox, məhz gözlənilən addımı atdı. İdris İsayevi özündən sonra dərhal nazirliyə gətirdi, ona kifayət qədər ciddi bir postu həvalə etdi».

Amma mənbəmiz bildirir ki, İdris İsayev üçün vəzifə yüksəlişi bundan sonra da gözlənilir: «Və bu da o anlama gəlir ki, Səlim Müslümov İdris İsayevi təkcə onun maliyyə sirrlərini bilməsi səbəbindən nazirliyə gətirməyib, həm də bu «sirli maliyyə işlərini» davam etdirmək üçün etibarlı adamını özü ilə daşıyıb».

Bildirək ki, redaksiyamıza İdris İsayevin iştirakı ilə, Səlim Müslümovun DSMF-də rərhbər olduğu dönəmdə həyata keçirilən ilginc maliyyə maxinasiyaları ilə bağlı şok faktlar təqdim olunub. Bu barədə yaxın vaxtlarda nəzərinizə bilgiləri çatdıracağıq. Bizi izləyin…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt