Əsas Səhifə > Ölkə, Manşet > OTELÇİLİK SEKTORU MƏMURLARA VERİLİB
OTELÇİLİK SEKTORU MƏMURLARA VERİLİB1-02-2012, 13:45 |
“HƏR BİR OLİQARX-MƏMUR BİR OTELİN İNŞASINA TƏHKİM OLUNUB” DİA.AZ: - Səbail rayonunda mühüm tikinti işləri 2012-ci ildə də davam etdiriləcək. Bu barədə Səbail rayonu İcra Hakimiyyətində 2011-ci ilin yekunlarına dair keçirilən hesabat konfransında açıqlanıb. Hesabatda bildirilir ki, 2011-ci ildə rayon ərazisində istifadəyə verilən “Hilton-Baku” mehmanxanası ilə yanaşı hazırda “Azneft” Meydanında yeni “Four Seasons” və Neftçilər prospektində “Marriot” (Abşeron) mehmanxanalarının, Mehdi Hüseyn küçəsində keçmiş “Moskva” mehmanxanasının yerində inşa edilən “Flame Tower” (Alov qüllələri) kompleksinin tikintisi başa çatmaq üzrədir. Dekabr ayında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “Arxeoloji park” adlı istirahət guşəsinin və dahi rəssam Əzim Əzimzadənin büstünün açılış mərasimi keçirilib. Hesabatda paytaxtın Səbail rayonu ərazisində aparılan mühüm bərpa-tikinti işlərinə də toxunulub. Qeyd olunub ki, “Eurovision-2012”yə hazırlıqla bağlı Şəhidlər Xiyabanı Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri aparılır. Burada yerləşən Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi yenidən qurulur, Parlament prospektində yeni yeraltı keçid inşa edilir, Bakı Funikulyorunun tam şəkildə yenidən qurulması aparılır. Abidələrin bərpa və konservasiyası üzrə əsas plana uyğun olaraq Avstriyanın “Remmers” şirkəti tərəfindən paytaxtın ən məşhur tarixi abidəsi, Səbail rayonunun rəmzi olan “Qız qalası”nda mərhələlərlə bərpa və konservasiya işlərinə də başlanılıb, qalanın ön hissəsində aparılan işlər 2012-ci ilin aprel ayında başa çatacaq. Ümumiyyətlə isə qalada aparılan bərpa işlərinin 3 il ərzində başa çatdırılması nəzərdə tutulub. Paytaxtın mərkəzində “Cənub” mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisinə başlanılıb. Ötən il ölkə başçısının sərəncamına əsasən Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni binanın tikintisinə qərar verilib, hazırda burada tikinti işləri gedir və 2013-cü ilin avqust ayında binanın istifadəyə verilməsi planlaşdırılır. Hesabatda “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Səbail rayonunda da böyük hazırlıq işlərinin aparıldığı qeyd olunub. Hesabatda bildirilib ki, ilk növbədə Dövlət Bayrağı Meydanı yaxınlığında Almaniya şirkətləri tərəfindən müsabiqənin keçiriləcəyi məkanın – 23 min tamaşaçı yerlik “Baku Crystal Hall”ın tikintisi çox böyük sürətlə aparılır. Həmin məkanın ətrafında abadlıq quruculuq işləri davam edir. Bu ərazidən keçən Bakı-Ələt avtomobil yolunun tikintisi, yol ətraflarının abadlaşdırılması, yeni infrastrukturun yaradılması, Bakı Bulvarının Bayraq Meydanına kimi uzadılması işləri aparılır. Müsabiqəyə hazırlıqla bağlı yeni mehmanxanaların tikintisi də davam edir. Redaksiyamızın əldə etdiyi məlumatlardan isə aydın olur ki, konkret olaraq “Cənub” mehmanxanasının yerini nəqliyyat naziri ziya Məmmədov alıb. Bu barədə danışan mənbəmiz bildirir ki, bu gün otellər də məmurlar arasında bölüşdürülüb. Bu isə o deməkdir ki, artıq kifayət qədər pullanan oliqarx-məmurlar turizm-otelçilik sektoruna da maraq göstərirlər. Mənbəmizin sözlərinə görə, “Cənub” mehmanxanasının yerində inşa olunacaq otelin tikintisi üçün Ziya Məmmədov 22 milyon manat vəsait ayırıb. Və bu pullar yalnız inşaat işlərinə sərf ediləcək. Bir başqa qaynaqlar isə iddia edir ki, əslində otellər inşa ediləndən sonra da məmurlara məxsus olmayacaq: “Sadəcə olaraq həmin otellərin inşası onların boyunlarına qoyulub. Yəni bu bir öhdəlikdir”. Mövzu diqqətimizdədir... Geri qayıt |