Əsas Səhifə > Sosial, Manşet > İLHAM ƏLİYEVİN MƏTBUATA UZATDIĞI ƏLİ SIXAQMI?

İLHAM ƏLİYEVİN MƏTBUATA UZATDIĞI ƏLİ SIXAQMI?


26-11-2013, 12:27
İLHAM ƏLİYEVİN MƏTBUATA UZATDIĞI ƏLİ SIXAQMI?
YAXŞI DOST OLACAĞINI DEYƏN PREZİDENT MEDİADAN NƏYİ NECƏ İSTƏYİR?

DİA.AZ: - Əslində İlham Əliyevin Azərbaycan jurnalistləri ilə görüşünün formatının bu şəkildə müzakirəsi doğru hesab olunmamalıdır. Kimin bu görüşdə olub-olmamasından daha çox, görüşdə prezidentin verdiyi mesajlar, nümayiş etdirdiyi jestlər daha önəmlidir. Hətta görüşə səbəb olan «Jurnalistlərin dostu» mükafatının da daha çox bəhanə kimi çıxış etməsi kifayət qədər diqqətçəkici idi. Xüsusən də İlham Əliyevin jurnalistlərə xitabən söylədiyi «mən yaxşı dostam» ifadəsinin yaında…

Bəli, İlham Əliyev dostluq əlini uzatdı və media da bu əli sıxmalıdır. Çünki özünün soni illərdəki siyasəti ilə İlham Əliyev və hazırki hakimiyyət mətbuatla bağlı ciddi siyasətin yürüdülməsində maraqlı olduğunu nümayiş etdirməkdədir. Burada söhbət nə jurnalistlərə evin tikilməsindən, nə də KİVDF və müxtəlif xətlərlə mətbuata maliyyə yardımının edilməsindən getmir. Əsas məsələ, dövlətin yanında olan bir mətbuatın formalaşdırılması cəhdidir. HAKİMİYYƏTİN YOX, DÖVLƏTİN…

Bu zərurət özünü bir neçə dəfə və özü də ciddi şəkildə hiss etdirdi. Və mətbuat da ümumi mənada dövlətin yanında dayandı. Halbuki son illərdə mətbuatla dövlət arasında böyük bir uçurum yaranmışdı. Ümumi cəbhələşmə zərurəti yenidən mətbuatla dövləti qovuşdurmuş oldu.

Halbuki buna qədər Azərbaycan mətbuatı daha çox milliliyi ilə tanınırdı. Yəni Azərbaycan mətbuatında çalışanlar hər zaman millətçi-dövlətçi xətti dəstəkləmişdilər və bu dəstəyin müqabilində hansısa maddi vəd, maddi qarşılıq istəyi dayanmırdı. Bu, Azərbaycan mətbuatının normal bir təzahürü idi. Yəni hansısa jurnalistə pul təklif edilmirdi ki, milli mövqedə dayansın. Jurnalistlərin böyük əksəriyyətiin məhz milli mövqedə dayanması mətbuatın da MİLLİLİYİNİN qarantı kimi çıxış edirdi.

Amma sonradan… mətbuata yön alan kütləvi publisist axını və bu axında maləsəf ki, daha çox bambılı-kosmopolit ideyaları postmodernizmlə eyniləşdirən yazarların çoxluq təşkil etməsi mətbuatda da milli dayanıqlılığa ciddi şəkildə zərbə vurmağa müvəffəq olmuşdu. Burada həm də «millət uğrunda döyüşən mətbu heyətin» kifayət qədər yorğunluğu, həmçinin öz populyarlılıqlarınıitirmələri də müstəsna rol oynayırdı.

Elə buna görə də mətbuatda olduqca təhlükəli bir dözümlülük də yaranmağa başlamışdı. Əgər dünənə qədər Azərbaycan cəmiyyəti məsələn, qardaş Türkiyə mediasında «Şimali Kipri yunanlara neçəyə sataq» başlığı ilə təqdim olunan sorğuya bir heyrətlə yanaşırdısa, məhz qeyd olunan axın nəticəsində şəkli dəyişmiş Azərbaycan mətbuatında xəfif də olsa təbliğatı aparılan, az qala Qarabağı ermənilərə güzəştə gedən bir prosesi təbii olaraq qəbul etməkdə idi. Və bu təhlükə get-gedə böyüyürdü. Mətbuatın antimilli əllərə keçidi özünü çox təhlükəli formada biruzə verirdi…

Mətbuatdakı yersiz dözümlülük mətbuatın tərbiyələndirdiyi cəmiyyətə birbaşa sirayət etdiyindən ümummilli məsələlərə münasibətdə arzuolunmaz bir şəraitə gətirib çıxarırdı. Və bu təhlükə hələ də sürməkdədir.

Nədən başladılar? Bunu hər kəs xatırlayır. İlk əvvəl tabular yıxıldı. Halbuki hər bir millətin, dövlətin toxunulmazları olmalıdır ki, o, illər uzunu ayaqda dura bilsin. Tabular məhz millətlərin və dövlətlərin dayaqlarının qorunmasına xidmət edir. Bizdə isə Üzeyir Hacıbəyovu «mavi», Şah İsmayıl Xətaini «adamyeyən» adlandıran, Məhəmməd peyğəmbəri ələ salmağa qalxan şərəfsiz bir yazar kütləsinin əlinə geniş bir meydan keçməkdə idi. Və bu proses əslində əksər ölkələrdə cərəyan etdiyindən hətta avropalaşma, müasirləşmə kimi qəbul edilməkdə idi. Köhnə ənənələrin, əslində isə dövlətinin və millətinin müdafiəçiləri isə geridəqalmış kimi təqdim olunurdu. Və illər uzunu belə olub. Və hər dəfəsində də sübut olunub ki, millət və dövlət yalnız «GERİDƏQALMIŞLARIN» çiyinlərində dayanıb, ümumi təhlükə olanda həmin «GERİDƏQALMIŞLAR» sinələrini irəli verib.

Bu baxımdan mətbuatın yenidən geriyə, yəni həm də irəliyə doğru böyük dönüş etməsi dövlət və millət baxımından böyük bir hadisə idi. Artıq kiminsə yenidən Şah İsmayıl Xətainin üzərinə başından böyük formada yeriməsi populyarlığı yox, ən yaxşı halda ictimai qınağı vəd etdiyindən bu sarıdan nisbi arxayınçılıq mövcuddur.

Və prezident İlham Əliyev özünün media ilə görüşündə də bu məqama - mətbuat-dövlət münasibətlərinin milli maraqlar fonunda qurulması məqamına xüsusi diqqət ayırması, həmçinin məhz qeyd olunan istiqamətdə özünün «yaxşı dost» olduğunu ifadə etməsi önəmli bir hadisə idi.

Bundan sevinməyənlərə yazıqlar olsun…

Məhəmməd ƏRSOY - DİA.AZ

Geri qayıt