Əsas Səhifə > Ölkə, Manşet > “ZİYA MƏMMƏDOV, BİZDƏN ƏLİNİ ÇƏK”

“ZİYA MƏMMƏDOV, BİZDƏN ƏLİNİ ÇƏK”


31-01-2012, 16:46
“ZİYA MƏMMƏDOV, BİZDƏN ƏLİNİ ÇƏK”

KOLİN ŞİRKƏTİNİN İŞÇİSİ: “BİZ NAMİQ MƏMMƏDOVLA İŞLƏMƏK İSTƏMİRİK”

DİA.AZ: - “KOLİN İNŞAAT” şirkəti uzun müddətdir ki, Azərbaycanda çalışır. Bu şirkətin əsası 1977-ci ildə Türkiyədə qoyulub. “Kolin” şirkəti əsasən inşaat, enerji, liman tikintisi, gəmiqayırma, mədənçilik, turizm fəaliyyətində işlər görür. 35 illik fəaliyyəti dövründə şirkət öz texniki imkanları ilə bir çox iri layihələrə imza atıb. Və Türkiyənin ən güclü şirkətlərindən biri sayılır. Fəaliyyət dairəsi Serbiyadan Liviyaya, Azərbaycana qədər geniş bir ərazini əhatə edir. Şirkətin Türkiyədəki prezidenti Kamal bəy, Azərbaycandakı nümayəndəsi isə Mehmet Şendir. Məlumata görə şirkətin ölkəmizdəki ilk işi 1991-ci ildə köhnə “Moskva” mehmanxanasının bərpası olub. Sonra şirkət Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində çalışıb. Son illər paytaxtdakı bəzi tunel və yolötürücülərin tikintisini də Kolin İnşaat aparıb.

Kolinİnşaat şirkəti hazırda 112 km-lik Hacıqabul-Horadiz yolunun yenidənqurulması işini aparır. 200 milyon ABŞ dollarına başa gələcəyi deyilən Hacıqabul-Horadiz avtomobil yolunun bərpası üçün Dünya Bankından 183 milyon ABŞ dolları həcmində kredit alınıb və onun 175 milyonu bu işə yönəldilib. Layihənin icrasına məsul olan “Azəryolservis” ASC (sədri Cavid Qurbanov) podratçı kimi Türkiyənin “Kolinİnşaat” şirkətini seçib. Və xeyli müddətdir ki, şirkət işi uğurla aparır. 5 aydır ki, şirkət yerli fəhlələrlə, sürücülərlə, şəxsi maşını olan şəxslərlə iki tərəfli əmək müqaviləsi bağlayaraq onları işə cəlb edib. İşçilərin bu günədək şirkətdən heç bir narazılığı olmayıb, vaxtında maaşlarını alıblar və işə məsuliyyətlə yanaşıblar.

Kolin şirkəti ilə ikitərəfli əmək müqaviləsi əsasında işləyən Nəcəfov Müşfiq Əli oğlu bizimlə söhbətində bildirdi ki, “Bizim şirkətlə heç bir narazılığımız yoxdur. Vaxtında pulumuzu verirlər. Narazılıq son bir ayda başlayıb. Narazılığa səbəb olan şəxs isə Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, Baş prokuror Zakir Qaralovun xüsusi tapşırıqlar üzrə köməkçisi, ədliyyə müşaviri Namiq Nəriman oğlu Məmmədovdur.

Namiq Məmmədov əmisi Ziya Məmmədovun vasitəsilə KOLİN şirkətinin rəhbərliyinə təzyiq edərək yüzdən artıq yerli vətəndaşlarla bağlanmış ikitərəfli əmək müqavilələrini pozmağı tələb edir”.

Görəsən, Namiq Məmmədovun məqsədi nədir? Bizim bu sualımıza Kolin şirkətinin işçisi Müşfiq Əli oğlu Nəcəfov belə cavablandırdı: “Baş prokurorun köməkçisi olan bu şəxsin dostu Vüqarın “Mentranss” adlı şirkəti var. Namiq Məmmədov vətəndaşlarla bağlanmış ikitərəfli əmək müqavilələrinin pozulmasını və işi bütövlükdə ona, daha doğrusu, dostu Vüqarın “Mentranss” şirkətinə verilməsini tələb edir. Yəni işçilər işdən azad edilir, KOLİN-lə “Mentrans” arasında müqavilə bağlanır və Vüqar yenidən kimi istəyirsə aşağı maaşla işə götürür ortada qalan 20-30 min manat pul isə Vüqarla Namiqə çatır. Birinci məqsəd budur. İkinci məqsəd isə çınqıl məsələsidir. Hacıqabul-Horadiz yolunun bərpasına təxminən 1 milyon kub metr çınqıl lazımdır. Bu çınqılı İmişlidə yerləşən karxanadan çıxarırlar. Bəzi məlumatlara görə, karxana Baş prokuror Zakir Qaralova məxsusdur və buranı Namiq Məmmədov işlədir.

İşçilər Namiq Məmmədovla işləmək istəmir və birbaşa Kolin şirkəti ilə çalışmaq istəyirlər”.

Müşfiq Nəcəfov bildirdi ki, “Gündəm-Xəbər” qəzetində şirkətlə bağlı yazı gedəndən sonra Namiq Məmmədov şirkət rəhbərliyinə təzyiq edərək bildirb ki, qəzetdə təkzib versinlər, əks təqdirdə sizə işləməyə imkan verməyəcəm. Bəzi işçiləri isə Namiq Məmmədov pulla şirnikləndirib ki, müraciətdən imzalarınızı götürün. Bir sözlə, Namiq Məmmədov işçilərə təzyiq etməyə başlayıb. Ancaq bunlara baxmayaraq işçilər Namiq Məmmədovla işləmək istəmirlər.

Nəqliyyat naziri Ziya Məmmədov isə əlində olan imkanlar vasitəsilə KOLİN şirkətinə təzyiq edir ki, yüzlərlə işçi ilə müqaviləni poz və işi bütövlükdə Namiq Məmmədova, daha doğrusu, onun “makler” dostu Vüqarın “Mentranss” şirkətinə ver.

Bizimlə söhbətin sonunda Müşfiq Nəcəfov bildirdi ki, yaxın günlərdə mətbuat konfransı keçirib prezident İlham Əliyev cənablarına müraciət edəcəyik. Lazım gələsə PA-nın qarşısında aksiya keçirəcəyik.


Geri qayıt