Əsas Səhifə > Siyasət, Manşet > LUKAŞENKONUN BAKI SƏFƏRİNİN ŞOK PƏRDƏARXASI

LUKAŞENKONUN BAKI SƏFƏRİNİN ŞOK PƏRDƏARXASI


21-11-2013, 09:57
LUKAŞENKONUN BAKI SƏFƏRİNİN ŞOK PƏRDƏARXASI
BELORUSİYA PREZİDENTİ RUSİYANIN ŞƏRTLƏRİNİ BAKIYA ÇATDIRSA DA…

DİA.AZ: - Məlum olduğu kimi, dünəndən etibarən Azərbaycanda olan Belorusiyanın prezidenti Aleksandr Lukaşenko Bakıya səbəbsiz səfər etməyib. Doğrudur, simvolik olaraq tərəflər arasından danışıq predmetləri müəyyənləşib və bu barədə ictimaiyyət bilgiləndirilib. Amma DİA.AZ-ın diplomatik mənbələrdən əldə etdiyi informasiyalardan belə anlaşılır ki, əsas danışıqların mövzusu fərqlidir və əsas müzakirələr bağlı qapılar arxasında cərəyan edir.

Bu barədə redaksiyamıza danışan məlumatlı mənbənin iddialarına görə, Lukaşenko Bakıya Gömrük İttifaqı ilə bağlı müzakirələr üçün gəlib və Rusiyanın şərtlərini çatdırıb: «Hazırda Lukaşenko Rusiya-Azərbaycan münasibətlərinin qaydasına salınmasında vasitəçilik missiyasını həyata keçirir. Belorusiya prezidentinin İlham Əliyevlə və həm də Vladimir Putinlə gözəl münasibətləri var. Amma bu gün Rusiya ilə Azərbaycanın münasibətlərində gərginlik yaşanılır.

Vəziyyət o həddədir ki, hətta tərəflər bir-birilərinə qarşı addımlar da atırlar. Rusiya azərbaycanlıları qovur, Ermənistandakı hərbi bazalarını gücləndirməklə, onlara açıq hərbi dəstəyini nümayiş etdirir, Azərbaycan isə Rusiyanın təbii qaz imtahanına çəkdiyi Ukrayna üçün enerji nəfəsliyi rolunu oynamağa hazır olduğunu nümayiş etdirməklə, Kremlə meydan oxuyur, qarşılıqlı hədələşmə müstəvisində geri durmadığını nümayiş etdirir.

Belə bir şəraitdə Lukaşenkonun barışdırıcılıq missiyası kifayət qədər ciddi hadisədir və həm də tərəflərin münasibət aydınlaşdırmaları üçün bəlkə də son vasitədir».

Bunu da deyən mənbəmiz bildirir ki, artıq münasibətlər yetərincə gərilib: «Rusiya ilə Azərbaycan dil tapa bilmir. İlham Əliyev Qarabağ probleminin həlli ilə bağlı net mövqe qoyub. Ruslar isə Gömrük İttifaqı və Avrasiya Birliyi məsələsində israrlıdırlar. İlham Əliyev fərqindədir ki, Qarabağın müqabilində yarımmüstəqillik nəinki onun hakimiyyətini risqə ata bilər, həm də Azərbaycanı beynəlxalq iri layihələrdən, habelə böyük gəlirlərdən kənarda saxlayar. Çünki Azərbaycan bu zaman öz təbii sərvətlərini yalnız Rusiyanın tanıdığı proporsiyada, Rusiyanın müəyyən etdiyi qiymətə və Rusiyanın məsləhət bildiyi müştəriyə sata biləcək ki, bu da Azərbaycan iqtisadi müstəqilliyinin dəfni anlamına gəlir.

Təbii ki, hələ Sovetlər Birliyi zamanından Rusiyanın çiyinlərində yürüməyə alışqın Ermənistan və digər buk imi dövlətlər üçün Kremlin məlum şərtləri kifayət qədər əlverişlidir. Amma Azərbaycan tamam fərqli situasiyadadır və bu gün Azərbaycana belə bir bazarlıq sərf etmir. Həm iqtisadi baxımdan, həm də siyasi baxımdan.

Amma eyni zamanda Azərbaycan Qarabağ probleminin həllində maraqlıdır. Bu isə rusların marağında deyil. Ruslar Qarabağın Azərbaycanın tam müstəqilliyi şəraitində azad olunmayacağını qəti açıqlayıblar».

Mənbəmiz iddia edir ki, belə bir çətin müzakirədə araçılığı boynuna götürən Lukaşenko Bakını razı salmaq istəsə də, dünən bağlı qapılar arxasında görüşdə ona da rədd cavabı verilib: «Hər halda, Bakının başqa bir yolu yoxdur»…

Geri qayıt