Əsas Səhifə > Siyasət, Manşet > VYANA GÖRÜŞÜ BAKINI MÜHARİBƏYƏ DAŞIYA BİLƏR
VYANA GÖRÜŞÜ BAKINI MÜHARİBƏYƏ DAŞIYA BİLƏR20-11-2013, 09:50 |
PREZİDENTLƏRİN SON GÖRÜŞÜNDƏ AZƏRBAYCAN NET MÖVQE İFADƏ ETSƏ DƏ… DİA.AZ: - Biz qafqazlıyıq, Qafqaz türkləriyik. Ermənilərin də içində qafqazlı olanlar var. Burada erməniləşmiş qafqazlıları nəzərdə tuturam. Və bizdən - xüsusən də torpaqları işğal olunmuş QAFQAZLI AZƏRBAYCAN TÜRKLƏRİNDƏN bədəvi ərəblərin az qala yüz illər ərzində nümayiş etdirdiyi təhlükəli hövsələliyin gözlənilməsi yersizdir. Biz nə qədər dözümlü xalq olsaq da, bu dözümümüzün əndazəsi də var. Bu bir faktdır ki, artıq Azərbaycan Qarabağ probleminin həlli üçün tam olaraq köklənmiş vəziyyətdədir. Həm millət və həm də dövlət olaraq. Elə bu gün Azərbaycanda hakimiyyətdə olan qüvvələr də Qarabağ probleminin həllinin sosial-milli sifariş olmasının tam fərqindədir. Və hakimiyyət aşağıdan gələn bu sifarişə uyğun olaraq dövlətin həm hərbi qüdrətini və həm də problemin həlli ilə bağlı yürütdüyü siyasətini qətiləşdirmək yolundadır. Bunu həm də dünyanın anlaması lazımdır. Biz şərqli olsaq da, dünyada bu gün «şərqli» mentalitetinə uyğunlaşdlırılan vəhşiliklərdən tam uzağıq. Azərbaycan türkü Böyük Türk qövmünün bir parçası olaraq hər zaman ədalətin yanında olub, ədaləti bərpa etməyə çalışıb. Bu gün isə onun haqqı tapdanıb və ona aid olan bir ədalətin bərpasına ehtiyac yaranıb. Və bu məsələdə Azərbaycan türkünün öz milli-dövlətçilik maraqları naminə istənilən bir addımı anlaşılan qəbul olunmalıdır. Əgər bu gün Rusiya və ABŞ özlərinin hətta regional maraqları naminə belə özlərindən qat-qat zəif olan dövlətləri əzirlərsə, nədən Azərbaycan özünün hüdudları daxilində maraqlarının təmininə çalışmasın? Dünən Azərbaycan və Ermənistan prezidentləri bir araya gəldilər. Rəsmi Vaşinqton ABŞ Dövlət Departamentinin sözçüsü xanım Jen Psakinin dili ilə diplomatik rituallara uyğun olaraq görüşü alqışladığını bəyan etdi. Amma Amerikanın əsas fikrini keçmiş səfir, tanınmış amerikalı diplomat Riçard Kozlariç ifadə etdi. «Ritorika sərtləşib və təmas xəttində silahlı insidentlər çoxalıb» deyərək sözünə başlayan Kozlariç Azərbaycan prezidentini az qala ittiham edirmiş kimi davrandı. İlham Əliyevin beynəlxalq təşkilatları və həmçinin ATƏT-in Minsk Qrupunu səmərəsiz fəaliyyətdə ittiham etməsini qılıncla qarşıladı. Və ittihamlarını davam etdirərək bildirdi ki, Azərbaycan hətta Türkiyəyə də Ermənistanla münasibətlərini qaydasına salmasına imkan vermir. Tamam. Hər şey Azərbaycan üçün aydındır. Çünki kimsə, hətta Kozlariç cənabları belə problemə mahiyyəti üzərə yanaşmaq istəmir. Biz isə xatırladırıq. Problem ondan başlayıb ki, ermənilər vəhşiliklə, minlərlə insanın qanını axıdaraq, qətliamlar törədərək Azərbaycan torpaqlarının böyük bir hissəsini Rusiyanın dəstəyi ilə işğal ediblər. Problem budur. Və danışıq aparan təşkilatların, vasitəçilik edən qurumların, problemin həllində sülh göyərçini olmaq istəyənlərin də əsas missiyası bu işğalı durdurmaq olmalıdır. Daha ermənilərin «Biz Qarabağdakı ermənilərin həyatından narahatıq» deyərək danışıqları mahiyyətindən uzaqlaşdırma cəhdinə uyub problemə tərs yöndən yanaşmalı deyillər. Çünki fakt ondan ibarətdir ki, həmin «halından narahat olunmalı olan ermənilər» faktiki olaraq özləri təhlükə saçıblar minlərlə Azərbaycan türkünün qanını axıdıblar və hətta soyqırım da törədiblər. Belə olan halda, dünyanın kor gözləri bu faktı bir kənara atmalı deyil. Atırsa, o zaman artıq bu cür ədalətsizliyə hövsələ nümayiş etdirməyən Azərbaycan prezidentinə və Azərbaycan dövlətinin addımlarına da dözmək zorundadırlar. Çünki İlham Əliyev Azərbaycan xalqı qarşısında Qarabağın işğalına son qoyacağı haqda söz verib və onun bu sözünü tutması lazımdır. Hansısa beynəlxalq təşkilatın irad və ittihamı İlham Əliyevin umrunda belə deyil… ən azından xalqın qarşısında verdiyi sözlə müqayisədə və prezident üçün müqəddəs olanı məhz bu SÖZÜDÜR! *** … Artıq Vyana görüşü başa çatıb. Amerikalı diplomat bəyan edir ki, bu görüş yeni bir mərhələnin başlanğıcı olmadı. Bəs nə olmalı idi ki? Nəyi gözləyirdiniz? Yeni mərhələ dediyiniz - daha 20 il Azərbaycanın mənasızcasına danışıqlara getməsidirmi? Əslində bu görüş Azərbaycanın dövlət maraqları baxımından əhəmiyyətli idi. Görüşdə «danışıqlara davam» qərarı verildi. Doğrudur. Amma Azərbaycanın bir mövqeyi də anlaşıldı. Artıq Bakı səbirli olmayacaq. Danışmağa söz qurtarıbsa, silahlar dillənməlidir. İlham Əliyev də bütün davranışları ilə bunu hiss etdirdi. Ona görə də əslində əsas missiyaları xristian təəssübkeşliyi olan ATƏT-in Minsk Qrupu və bu qrupda olan dövlətlər artıq narahat olmağa başlayıblar. Çünki Azərbaycan hərb yoluna doğru meyillənir. Yeri gəlmişkən, Kozlariç Türkiyənin ATƏT-in Minsk Qrupunda təmsil olunması ilə bağlı da danışıb. Fikrindən belə anlaşılıb ki, Türkiyə ilk əvvəl Ermənistanla münasibətlərini qaydasına salmalıdır. Yəni onlar Türkiyəni tərəf tutmaqda, danışıqlarda səmimi olmaya bilməkdə ittiham edirlər. Olsun. Bəs bu gün ATƏT-in Minsk Qrupunda olanların hansı birisi tərəf tutmur? Onu bir izahlayın… Rusiya… Bu ölkə faktiki olaraq Qarabağın işğalında Ermənistanın yanında olub, əsas rol oynayıb və bu gün də işğalın davam etməsində yeganə faktordur. Fransa… Bu ölkə qondarma erməni soyqırımını tanımaqla və dünyada «ermənilərin ikinci ana vətəni» imajını daşımaqla hansı əhəmiyyətlə «tərəfsiz» olduğunu tam çılpaqlığı ilə ortaya qoyub. Bəlkə Amerika?! Buna inanmaq da zarafat olardı. Hər halda, bu gün modern səlib yürüşü siyasətini yürüdən bir ölkənin müsəlman Azərbaycanın yanında ola biləcəyinə ən abdal adamlar belə inanmır. Elə isə, imkan verin, haqqımızı bərpa edək, cənablar… Azər – DİA.AZ Geri qayıt |