Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ İNSANOVUN ARİF QARAŞOV KARTI
ƏLİ İNSANOVUN ARİF QARAŞOV KARTI31-01-2012, 11:47 |
BÖYÜK PULLARA SAHİB OLAN KEÇMİŞ XİDMƏT RƏİSİ AKTİV SİYASƏTƏ QAYIDIR DİA.AZ: - Hələ bir müddət əvvəl Azərbaycanda struktur islahatları fonunda bəzi dövlət qurumları ləğv olunaraq, ayrı-ayrı komitə və nazirliklərə birləşdirilirdi. Həmin proseslər nəticəsində Dövlət Reyester Xidməti (DRX) də bu zaman ləğv olunaraq, Dövlət Əmlakını İdarəetmə Komitəsinin ixtiyarına verildi. Komitənin tərkibində hal-hazırda departament kimi fəaliyyət göstərən həmin qurumun başında bir zamanlar duran Arif Qaraşov isə yeni təşkilatın başına keçməkdən imtina etdi. Qeyd edək ki, bu, əvvəlcədən gözlənilən hal idi. Çünki Qaraşov Kərəm Həsənovun əlinin altında işləməyi heç bir zaman qəbul edəcək biri kimi tanınmırdı. Neçə illər idi DRX-nin başında dayanan bu şəxs ayrıca "dövlət" kimi fəaliyyət göstərir və heç kimə də hesabat vermirdi.. Bütün bu prosesin nəticəsi olaraq ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə ləğv edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov hələ də yeni vəzifəyə təyinat almayıb. Xatırladaq ki, həmin orqan eyni sərəncamla yeni yaradılan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tərkibində fəaliyyət göstərir. Əmlak Məsələləri Dövlət Komitəsinə Arif Qaraşovun deyil, daha gənc və potensial kadr, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənovun rəhbərlik etməsi birincinin həmin post uğrunda aktiv fəaliyyətə keçməsi ilə nəticələnib. Nəzərinizə çatdıraq ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovun bu günə kimi hansısa vəzifəyə təyin edilməməsi həm də ona münasibətin göstəricisidir. Baş verən dəyişikliyə münasibət bildirən mütəxəssislərin sözlərinə görə, Arif Qaraşovun rəhbərlik etdiyi qurum əslində, Kərəm Həsənovun sədri olduğu komitə ilə oxşar vəzifələri yerinə yetirirdi. Sadəcə, Kərəm Həsənovun vaxtilə hökumətin işinə yaraması, ona olan etimadı doğrultması faktı bu kadrın yeni komitədə sədr kimi qalmasına təsirsiz ötüşməyib. Çünki Arif Qaraşovdan fərqli olaraq Kərəm Həsənov bir qədər müstəqil fikirli, qanunlara hörmət edən şəxs kimi tanınır. Bu arada Arif Qaraşovun son fəaliyyətləri ilə bağlı qəzetimizə yeni məlumatlar daxil olub. Verilən xəbərlərdə bildirilir ki, Arif Qaraşov 2009-cu ilin 19 mayında itirdiyi vəzifəsinə yenidən qayıtmaq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə rəhbər təyin olunmaq uğrunda ciddi səylər göstərir. O, artıq iki ildən artıq davam edən işsizliyi ilə barışa bilməyərək Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri postuna yiyələnmək uğrunda bütün vasitələrdən yararlanmağa çalışır. Aldığımız xəbərlərdə qeyd edilir ki, Arif Qaraşov son günlərə kimi təhsil naziri Misir Mərdanovun da köməyindən yararlanmağa can atıb. Amma sonuncunun gələcək fəaliyyəti üçün şübhəli detalların ortaya çıxması Arif Qaraşovun ümidlərini heçə endirib. Məsələ burasındadır ki, Qaraşovla yaxın münasibətlərdə olan Misir Mərdanovun bir neçə gündən sonra vəzifəsindən uzaqlaşdırılacağı, təhsil naziri vəzifəsinə ali təhsil ocaqlarından birinin rektorunun gətiriləcəyi bildirilir. Elə buna görə də Arif Qaraşovun təsir rıçaqları xeyli zəifləyib. Qəzetimizi bilgiləndirən mənbənin sözlərinə görə, Arif Qaraşovun komitə sədri vəzifəsinə təyin edilməsi şanslarını sıfıra endirən əsas cəhətlərdən biri də onun öz varidatını Azərbaycandan xaricə daşımasıdır. Söylənilənlərə görə, məhz bu xəbər yuxarılara çatdırılıb və burada böyük narazılıqla qarşılanıb. Amma məsələ yalnız narazılıqla bitməyib. Bu barədə verilən məlumatlarda vurğulanır ki, DRX-nin ləğvindən sonra Qaraşovun bir zamanlar başçılıq etdiyi qurumda yoxlamalara start verilib. Ciddi yeyinti və qanunsuzluq faktları üzə çıxarıldıqdan sonra onu keçmiş rəhbərin qarşısına qoyublar. Məlumatlara görə, Qaraşova deyilib ki, əgər "artıq-əskik" hərəkət edərsə, bu faktları istintaqa göndərib məsələ ilə bağlı araşdırma aparacaqlar. Həmin olayın ardından başqa halların da baş verdiyinə dair məlumatlar verilir. Deyilir ki, Qaraşovun nəzarətində olan bəzi biznes sahələri əlindən alınıb. Həmçinin bir neçə iri əmlakını da ondan alaraq, özünküləşdirənlər olub. Ancaq "artıq-əskik" məsələsinin ardından başqa bir qəribə xəbər yayılmağa başlayıb. Verilən informasiyalarda vurğulanır ki, Arif Qaraşov başına gətirilən oyundan sonra bunun əvəzini çıxmaq üçün xeyli müddət imiş düşünürmüş. Nəhayət, bu yaxınlarda onun yekun qərar verdiyi iddia edilir. Bildirilir ki, sabiq xidmət rəhbəri yeni müxalifət partiyası yaratmaq qərarına gəlib. Həmin partiyanın hansı adda olacağı barədə isə hələlik heç bir məlumat yoxdur. Qaynaqlar qeyd edirlər ki, Arif Qaraşov əslən Qərbi Azərbaycandan olduğundan bu kontingentə daha çox bel bağlayır. Keçmiş səhiyyə naziri Əli İnsanovun həbsindən sonra narazı düşən və pərakəndə şəkildə fəaliyyət göstərən bu elektoratı bir araya gətirmək üçün isə Qaraşov qısa müddətdə göstərdiyi fəaliyyəti ilə çox şey edə bilər. Eyni zamanda, bunun üçün ona Əli İnsanovu dəstəkləmək lazım gələcək ki, artıq xəbərlərdə də bunun təsdiqini tapdığı diqqəti çəkir. Məlumatlara görə, Qaraşovun yeni yaradacağı siyasi partiya sabiq nazirin tərəfdarlarını öz ətrafında birləşdirəcək və ona dəstək verəcək. Nəzərə almaq lazımdır ki, hazırkı məqamda Qərbi Azərbaycandan olan soydaşlarımızı siyasi proseslərə cəlb edib, onları aktivləşdirmək kifayət qədər ciddi məsələdir. Bu kontingent uğrunda illərdən bəri mübarizə aparan istər hakimiyyət, istərsə də müxalifət hələ də real olaraq nəticələr əldə etməyiblər. Çünki narazı olan elektoratın bir araya gətirilməsi mümkün olmayıb. Həmçinin hadisələrin parlament seçkiləri ərəfəsində baş verməsi də sıradan bir hal deyil və belə düşünmək mümkündür ki, iqtidar bundan narahat olacaq. Çünki indiki həssas məqamda qərbi azərbaycanlıların siyasi partiya yaradaraq, onun ətrafında mübarizə aparmaları siyasi elitanı silkələyə bilər. Həm də hakimiyyətin içindəki eyni regionun nümayəndələrinin də onlarla əlbir işləmək ehtimalları risqləri bir qədər artırır. Geri qayıt |