Əsas Səhifə > Sosial, Manşet > ATA MƏMURLAR OĞULLARINA GÖRƏ CAVAB VERƏCƏKLƏR

ATA MƏMURLAR OĞULLARINA GÖRƏ CAVAB VERƏCƏKLƏR


19-11-2013, 09:39
ATA MƏMURLAR OĞULLARINA GÖRƏ CAVAB VERƏCƏKLƏR
ARTIQ BU BARƏDƏ İKİ MÜHÜM POST SAHİBİNƏ CİDDİ XƏBƏRDARLIQ EDİLİB

DİA.AZ: - Hələ ilk əvvəl Qubada üsyan çıxarkən hakimiyyətin yuxarı heyəti tərəfindən bu olaylara olduqca sərt reaksiya verildi. Əslində məsələ iqtidar düşərgəsinin xalq etirazları ilə bağlı hər hansı problemi yaşamasından və yaxud da yaşaya biləcəyindən ibarət deyildi. Burada əsas diqqət çəkəni hakimiyyətin yerlərdəki adamlarını cəzalandırması ilə bağlı olan məqam idi.

Diqqət yetirdinizsə, həm Qubada və həm də İsmayıllıda hakimiyyət başçıları vəzifələrindən güzəştsiz qaydada azad elədi. Və digər rayonlarda da, üsyan ehtimalı yaranan bölgələrdə də eyni şəkildə davrandı. Məsələn, Neftçalada yerli baş memarın sahibkarlarla problemi var idi və hətta onun gecə ikən bahalı maşını da iş adamları tərəfindən atəşə verilmişdi. Doğrudur, sonradan Neftçala icra hakimiyyəti bu olayla bağlı təkzib xarakterli informasiya yaydı. Amma gülməli idi. Çünki həmin təkzibdə iddia olunurdu ki, guya gecə radələrində baş memarın maşını öz özünə alışıb.

Amma həm Neftçalada və həm də elə bütün Azərbaycanda yaşayanlar icra hakimiyyətinin söylədiklərinin sadəcə olaraq gözdən kül üfürmə cəhdi olduğunu bilirdi. Ona görə də hakimiyyət bu dəfə də sakit dayanmadı. Həmin baş memarın qollarına korrupsiya ittihamı il əvə özü də sahibkarlardan birinin şikayəti ilə qandal vuruldu. Halbuki həbs olunan baş memarın icra başçısının sağ əli olduğu söylənilirdi. Doğrudur, icra başçısı bu gün adamını sonna qədər qorumaqdadır. Amma fakt o idi ki, qeyd olunan situasiyalarda icra başçılarının özləri də, sağlı-sollu hər iki qolları da, hətta göz bəbəkləri belə cəzadan kənarda saxlanılmır.

Və bu siyasət sonradan prezidentin çıxışlarında da özünü nəzərə çarpdırdı. Bu ilin 12 fevral tarixli müşavirəsində İlham Əliyevin icra başçılarına xəbərdarlıq etməsi və bu xəbərdarlığın arxasında daha çox məmur yaxınlarının hədəfə alınması aşkar surətdə duyulurdu. Çünki, məsələn İsmayıllıda çıxan olaylarda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun oğlunun, onun dostlarının iştirakı danılmaz fakt idi. Və bu məsələni nə qədər ört-basdır etməyə çalışsalar da, alınmadı. Çünki cəmiyyəti aldatmaq mümkün olsa da, birinciyə danışılacaq yalanın bədəli ağır olur.

DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, son günlər iki mühüm post tutan məmurun övladları ilə bağlı da «yuxarılara» müəyyən informasiyalar ötürülüb ki, bu da onların valideynlərinin hədəfə çevrilməsilə nəticələnib. Məlumatı verən mənbə iddia edir ki, hər iki məmura sərt formada xəbərdarlıq edilib: «Hətta həmin məmurlardan birinin övladı azyaşlı qıza təcavüzdə ittiham olunub. Bu məsələ mətbuata da çıxıbmış. Sonradan ört-basdır edilib».

Mənbə bildirir ki, həmin məmura son xəbərdarlıq edilib: «Təbii ki, atalar övladlarının ipini yığmaq zorundadır. Hər halda, bu gün Bakı küçələrində meydan sulayan məmur övladlarını hər kəs tanıyır. Hətta hər bir avtoşun arxasında və yaxud da avtoş maşınının sükanı arxasında da məmurlarıni dayanması faktdır». Mənbəmizin sözlərinə görə, bu məsələnin ciddilik qazanması başqa bir olayla bağlıdır ki, bu barədə də yaxın vaxtlarda sizi bilgiləndirəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt