Əsas Səhifə > Gündəm, Manşet > ELMAR VƏLİYEV KAĞIZ-KUĞUZ İŞİNƏ 120 MİN XƏRCLƏYİB?

ELMAR VƏLİYEV KAĞIZ-KUĞUZ İŞİNƏ 120 MİN XƏRCLƏYİB?


19-11-2013, 09:03
ELMAR VƏLİYEV KAĞIZ-KUĞUZ İŞİNƏ 120 MİN XƏRCLƏYİB?
ƏGƏR VƏZİYYƏT BELƏDİRSƏ, O ZAMAN TİKİLƏCƏK BİNA NEÇƏYƏ BAŞA GƏLİR?

DİA.AZ: - Yerlərdə rayon icra başçıları ilə bağlı təftiş qərarının neçə vaxtdır verilməsi bir çox icra başçıları üçün «qara xəbər» əhəmiyyətindədir. Belə ki, zaman-zaman büdcə pullarını sağa-sola səpələyən və hesabat vaxtı gələndə xərclədikləri, əslində isə mənimsədikləri (çünki anlaşılanı budur -red.) pulların doğru-dürüst izahatını verə bilməyən icra başçıları məcburdurlar ki, saxtalaşdırılmış rəqəmlərlə özlərini təmizə çıxarsınlar. Təbii ki, bu faktlar da ən azından ictimai nəzarətdən yayına bilmir. O ki qala dövlətin müvafiq qurumlarının ekspertləri ola…

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, belə bir hesabat problemini yaşayanlardan biri də Gəncənin icra başçısı Elmar Vəliyevdir. Redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, 2013-cü il üçün dövlət büdcəsindən və əlavə olaraq müxtəlif qaynaqlardan Gəncə şəhərinin abadlaşdırılması, sosial-rifahın təmini məqsədilə ayrılan büdcə pullarının xərclənməsində böyük maliyyə yeyintiləri aşkarlanıb.

Mənbə bildirir ki, həmin faktlar üzrə aparılan müvafiq araşdırmalar nəticəsində müəyyən olunub ki, birbaşa olaraq yerli icra başçısının, həmçinin Gəncə maliyyə şöbəsinin iştirakı ilə büdcə vəsaitinin xərclənməsilə bağlı şişirdilmiş rəqəmlərlə zəngin hesabat «yuxarılara» təqdim olunub ki, bu da əslində böyük korrupsiya faktının təzahürü kimi qiymətləndirilməlidir.

Təkcə bir faktı nəzərinizə çatdırmaqla, DİA.AZ olaraq əslində məsələnin hansı həddə olması barədə sizlərdə təsəvvür yaradırıq. Aydın olur ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün Gəncə şəhərində yeni yataqxana binası tikdirmək qərarına gəlib.

Və o, tikiləcək binanın layihə-smeta sənədlərinin hazırlanmasını Fövqəladə hallar nazirliyinin tikintidə texniki nəzarət dövlət agentliyinin müvafiq qurumuna həvalə edib. Təbii ki, burada sifarişin icraçısı kimi hansı dövlət qurumunun seçilməsi o qədər də önəmli deyil. Önəmli olanı görülən işin müqabilində büdcədən silinən vəsaitin məbləğidir. Aydın olur ki, Gəncə şəhər icra hakimiyyətinin sifarişi əsasında görüləcək işin qarşılıqında isə büdcə vəsaiti hesabından qeyd olunan təşkilata 120.000 manat pul ödənilib. Yəni bu o deməkdir ki, Elmar Vəliyev təkcə tikiləcək binanın layihə-smeta sənədlərinin hazırlanması üçün bu qədər dövlət vəsaitini «silib», görün, irəlidə hansı həcmdə pullar məhz bu cür kağız-kuğuz işləri üçün silinəcək və bu bina dövlətə necə də baha qiymətə mail olacaq.

İnanırıq ki, Elmar Vəliyev Gəncə şəhər icra hakimiyyətinin müvafiq şöbələrində mütəxəssis tapa bilmədiyindən məcbur qalaraq, belə bir addımı atıb. Və inanırıq ki, burada korrupsiya elementi yoxdur. Amma deyəsən, buna dövlətin müvafiq qurumları inanmayıb. Və redaksiyamıza çatan məlumatlardan aydın olur ki, artıq araşdırmalar başlanılıb.

Geri qayıt