Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "MÜSAVATIN AĞIR VAXTLARINDA QƏRAR VERDİK Kİ"...
"MÜSAVATIN AĞIR VAXTLARINDA QƏRAR VERDİK Kİ"...18-11-2013, 15:10 |
![]() Siyasətçi, hüquqşünas və jurnalist Vaqif Hacıbəyli “Media forum” saytının suallarını cavablandırıb. - Vaqif bəy, bu yaxınlarda əməliyyat olunmağınızla bağlı məlumatlar yayıldı, nə probleminiz var? - İstanbulun Cərrahpaşa xəstəxanasında ürəyimdə şuntlama əməliyyatı oldu. Dörd damarımı dəyişdilər. İki həftə orada qaldım. Gələndən sonra ürəyimin ətrafında – perikardda bir az su yığıldı. Bununla bağlı xeyli problem yaşadım. Son vaxtlar yavaş-yavaş düzəlirəm, müəyyən irəliləyiş var. - Qəfil əməliyyat olunmusunuz. Əvvəllər sapsağlam görünürdünüz... - Yox, 10 ildən yuxarıdır şəkər xəstəliyindən əziyyət çəkirəm, gündə üç dəfə insulin vururam. Bununla əlaqədar siyasi fəaliyyətimdə də bir qədər kənara çəkilmiş kimiyəm. Son iki ildə daimi olaraq iynə-dərman qəbul edirəm. 2003-cü il hadisələrindən sonra şəkərə düçar oldum. O vaxt məhkəmələrə çox gedirdim. Altı ay ərzində 15 məhkəmə prosesi oldu. Hər dəfə məhkəmənin qarşısında camaatla polislər arasında mürəkkəb durum yaranırdı, dava-dalaş düşürdü. 15 oktyabr məhbuslarının hüquqlarını müdafiə komitəsinin sədri kimi mən həmin vaxtlarda çox stress keçirdim. Bir gün pillələri qalxanda qəfil qıçımda problem hiss etdim, yoxlamadan keçdim, məlum odu ki, şəkərəm. Demə, xəstəlik çoxdan varmış, mən bilməmişəm. - Əhrar Partiyasının sədrisiniz, partiya işlərini necə yoluna qoyursunuz? - Mən heç vaxt təmsil etdiyim partiyanı təbliğ etməmişəm. Sadəcə, partiyada olmağım müxalifət birliklərində fəaliyyətimə yardımçı olub. O zaman Müsavat Partiyasında katibə Nəzakət xanımın işlərinin haradasa 80 faizi mənim yazdıqlarımı çap etmək idi. Bəyanatlar, müraciətlər, məktubların hamısını mən hazırlayırdım. Çalışırdım nə özümü, nə də təmsil etdiyim siyasi partiyanı reklam etdirmədən müxalifətə yardımçı olum. Yadıma gəlir ki, o vaxt ASDP üzvü olan Mübariz Əhmədoğlu məni “müxalifətin partkomu” adlandırmışdı. - Müsavata çox yaxın idiniz, amma müxalifət birliklərində öz partiyanızla təmsil olunurdunuz. Bu, tez-tez fərdi fikirlərlə çıxış etməyinizə görəmi belə idi? - Təsadüfən belə alındı. O vaxt mən “Müxalifət” qəzetinin baş redaktoru idim. Zaqataladan rəhmətlik Mustafa Mustafayev mənə müraciət etdi ki, bizim yerlilər Əhrar Partiyasının rəhbərləri olub, sən həmin partiyanın tarixini öyrənməyə yardımçı ol. Əhrar Partiyası barədə arxivlərdən xeyli məlumat toplayıb mətbuatda dərc etdim. Partiyanın cümhuriyyət parlamentində 10 üzvü olub, Müsavat Partiyasının ən yaxın müttəfiqi kimi partiya dördüncü hökumətdə təmsil olunub. Əhrar Partiyasının sədri Aslan bəy Qardaşovun parlament tribunasından dediyi bir söz var: “Biz hakimiyyət istəmirik, həqiqət istəyirik”. Bu mənada Əhrar Partiyasının siyasi xətti mənə daxilən çox yaxın idi, ona görə də təşəbbüsçülər partiyaya rəhbərliyi mənə həvalə edəndə buna məmnuniyyətlə razılaşdım. 1999-cu il bələdiyyə seçkilərində partiyamızın 112 nümayəndəsi bələdiyyə üzvü oldu. Bir neçə bələdiyyədə bələdiyyə rəhbərliyinə əhrarçılar seçildi. İndi çox özündən deyən partiyalar var ki, indiyədək heç bir bələdiyyədə seçkini uda bilməyiblər. Müsavatla yaxın olmağımıza gəldikdə isə deməliyəm ki, 2003-cü ildə Müsavatın ağır vaxtlarında qərar verdik, istədik Müsavatla birləşək. Müsavat daxilində də o vaxt siyasi intriqalar vardı. Hesab etdilər ki, bu birləşmə Müsavatda qardaşım Arif Hacılının güclənməsinə gətirib çıxarar. Ona görə də bu məsələyə baxmadılar. Bu həm də “niyə bu qardaşlar eyni partiyada deyil” sorğusunu verənlərə cavabımdır. Ondan sonra da biz Əhrar Partiyasının təbliği ilə bağlı heç nə etməmişik. Sadəcə, siyasi proseslərdə özümü reklam etmədən qara fəhlə kimi demokratik proseslərə yardımçı olmağa çalışmışam. Heç bir təmənna güdmədən, heç kəsdən “sağ ol” gözləmədən həmişə buna çalışmışam. - Yeri gəlmişkən, Arif Hacılının Müsavat başqanlığına namizədliyindən son vaxtlar tez-tez söhbət açılır. Buna münasibətiniz necədir? - Bu proseslərə müdaxilə etmək istəmirəm. Çünki deyəcəklər Arif Hacılının qardaşı belə fikir söyləyib. Yəni bu, Vaqif Hacıbəylinin fikri kimi getməyəcək. Hər halda Müsavat avanqard bir partiyadır, həm tarixi, həm də bugünkü Müsavat. Şübhəsiz ki, qurultay keçirilməlidir. Yerlə bağlı partiyadakı söz-söhbəti də bir az qeyri-ciddi hesab edirəm. Əgər deyildiyi kimi, Tbilisidə qurultay keçirməyə maddi imkan varsa, Bakıda da min nəfərlik şadlıq sarayı tapıb qurultay keçirmək olar. Sadəcə, buna siyasi iradə lazımdır. Səkkiz ildə bir qurultay keçirməmək, mənə elə gəlir ki, avanqard partiyanın adına yaraşmır. - Deyəsən, uşaqlarınız da siyasətdədir, belə hesab etmək olar? - Açığı, onların hər hansı bir siyasi mövqeyinin olması, siyasətə gəlmələri, proseslərdə iştirakları mənim iradəmlə olmayıb. Bu yolu özləri seçiblər. Mən istəyirəm ki, onlar yaxşı təhsil alsınlar. Marks deyirdi ki, bir ideya uğrunda mübarizə aparmaq üçün əvvəlcə ayağının altında istinad nöqtəsi olmalıdır. Böyük oğlum Tural Qərb Universitetini bitirdi. Mənə elə gəlir, təhsilini davam etdirməlidir. Ayxan da ikinci kursdadır, Ukraynada təhsil alır. Əvvəl gərək təhsil alsınlar, sonra siyasi fəaliyyətlə məşğul olsunlar. Məsələ bundadır ki, mənim oğlanlarım hələ 18 yaşları tamam olmamış mitinqlərdə fəal oldular. Dəfələrlə həbs də olundular və burada onların mənim övladım olmaları faktı da müəyyən rol oynadı. Şübhəsiz ki, bu da məni narahat etməyə bilməz. - Ölkədəki real vəziyyətə görə uşaqlarınızın siyasətdə olmasını istəmirsiniz, yoxsa ümumiyyətlə bu peşədən uzaq olsunlar deyirsiniz? - Yox, indi daha çox təhsillərinə diqqət yetirmələrini istəyirəm. Hər bir halda onların fəal vətəndaş mövqeyində olması və siyasi proseslərdə də özlərini çox ləyaqətlə aparmaları mənim üçün çox xoşdur. Məsələn, Tural görəndə ki, yoldaşını həbs edirlər, özü gedib polis maşınına oturmuşdu ki, o tək olmasın. Əslində onu heç tutmurlarmış. Bölmədə biləndə ki, mənim oğlumdur, ona da inzibati protokol yazıb 3 günlük inzibati həbs verdilər. Eyni zamanda çox şadam ki, onlar da mənim kimi prinsipialdırlar, təmənnasızdırlar, lazım gələndə öz sözlərini istənilən səviyyədə deməyi bacarırlar. - Səhhətinizlə bağlı siyasətə fəal qatıla bilmirsiniz. Həm də son proseslərdən xoşlanmamaq kimi məsələ varmı? - Siyasi proseslərə bu və ya digər şəkildə təsir etmək imkanımız həmişə var. Hər həftə İsa bəylə, “Bizim Azərbaycan” blokuna daxil olan digər siyasi partiyaların rəhbərləri ilə daim görüşürük. Narazılığım olarsa da, indi qəzetə, agentliyə, televiziyaya ehtiyac yoxdur, hər kəs evində oturub sosial şəbəkələr vasitəsilə mövqeyini cəmiyyətə çatdıra bilər. Milli Şura formalaşanda məni oraya dəvət etdilər. Bildirdim ki, bir yerdə Rəsul Quliyev olacaqsa, mən orada iştirak edə bilmərəm. Mən heç vaxt Rəsul Quliyevlə siyasi müttəfiq ola bilmərəm. Demokratiya Uğrunda Böyük Birlik elan olunanda mən mətbuatda açıq şəkildə şərt qoydum ki, əgər müttəfiqlərim Rəsul Quliyevin siyasi müttəfiqi olacaqsa, mən onlarla müttəfiq ola bilmərəm. - Buna hansı səbəbləri sadalaya bilərsiniz? - Bütün parametrlərinə, keyfiyyətlərinə görə Rəsul Quliyev bu gün iqtidarda olanlardan daha irticaçı adamdır. - Builki 9 oktyabr seçkisində müxalifətin taktikası haqqında nə düşünürsünüz, nə müşahidə etdiniz prosesə hazırlıqda? - Bilirsiniz, cəmiyyətdə təbii olaraq gözlənti vardı ki, heç bir siyasi partiyanın üzvü olmayan ziyalı qabağa verilsə, hamı da onun arxasında dursa, nəyəsə nail olmaq olar. Rüstəm İbrahimbəyov da bu ampluaya daha layiqli namizəd kimi görünürdü. Amma o, siyasi proseslərin gedişində ona olan etimadı doğrulda bilmədi. Cəmil Həsənliyə gəldikdə isə o, seçki kampaniyasında bizim düşərgəyə daxil olan insanların tələbatına uyğun çıxışlar etdi. Bu çıxışlarla narazı elektoratın tələbatını ödəmiş kimi də görünürdü. Lakin etiraf eləmək lazımdır ki, seçki ilə bağlı bizim gözləntilərimiz tam doğrulmadı. Moskvada mer seçkisi olanda müxalif Aleksey Navalnı 30 faizə yaxın səs almışdı. Müəyyən mənada yeni seçki texnologiyalarından istifadə etməklə bir səs partlayışına nail ola bildi. Gəncləri seçki prosesinə cəlb etmək yolu ilə Navalnı təkbaşına sistemli müxalifətdən qat-qat çox səs topladı. Amma burada o da nəzərə alınmalıdır ki, bizdən fərqli olaraq Rusiyada demokratik seçki keçirmək üçün rəhbərliyin siyasi iradəsi vardı. Proseslərə obyektiv və ağılla qiymət verəndə görünən odur ki, guya heç bir siyasi mənsubiyyəti olmayan ziyalı namizədin cəmiyyəti arxasınca aparıb seçkilərdə qələbəni təmin edə biləcəyinə dair ictimai rəydə formalaşmış fikirlər təcrübədə özünü doğrultmadı. Hesab edirəm ki, bu da müsbət nəticəsi olmayan növbəti bir təcrübədir. Amma onunla da razıyam ki, müxalifət seçkidən daha güclənmiş vəziyyətdə çıxdı. İrticaya qarşı müqavimət prosesinin davam etdirilməsinin özü müsbət hadisədir. 2008-ci ilin seçkisində bu müqavimət olmadı. 2006-2009-cu illər mənim qənaətimə görə, irticaya qarşı müqavimət istiqamətində itirilmiş illərdir. 2010-cu ildən sonra İctimai Palatanın yaranmasını, müəyyən qüsurlara baxmayaraq bu il Milli Şuranın yaranmasını irticaya qarşı müqavimət baxımından müxalifətin uğuru hesab etmək olar. Hər bir halda gələcəkdə hansısa bir namizəd ətrafında cəmləşdikdə diqqət edilməlidir ki, təkcə radikal müxalifəti yox, cəmiyyətin bütün təbəqələrini öz arxasınca apara bilsin. - Cəmil Həsənli bunu bacarmadı demək istəyirsiniz... - Yox, mənə elə gəlir ki, Cəmil Həsənli ona göstərilən etimadı doğrultdu. Eyni zamanda Cəmil Həsənli Azərbaycanda mövcud olan şəraitdə mümkün olandan da artığını etdi. Hədəf kimi onu götürməyək. - İctimaiyyətin özündəki donuqluq haqqında nə deyə bilərsiniz? - Bu da namizədin seçilməsi və cəmiyyəti öz arxasınca apara bilməsi ilə bağlı faktordur. Əgər Milli Şura yaranan ərəfədə onu anti-İsa Qəmbər koalisiyası kimi formalaşdırmayıb daha sağlam niyyətlərlə oraya qoşulsaydılar, daha sağlam nəticə əldə edilərdi. Təəssüf ki, həmin prosesdə bu qeyri-sağlam niyyətlər üstünlük təşkil etdi. Buna da nail oldular ki, İsa Qəmbər seçkidən kənarda qaldı. Hesab edirəm bu gün üçün ən uğurlu namizəd İsa Qəmbər idi. Bütün keyfiyyətlərinə görə İsa Qəmbər daha çox səs toplamağa və əhalinin daha geniş təbəqələrini öz arxasınca aparmağa nail ola bilərdi. Ancaq belə çıxmasın ki, bu uğursuz nəticənin səbəbkarı müxalifətin düzgün namizəd seçməməsidir. Əsas səbəb ölkədəki mövcud durum, demokratik institutların, demokratik seçki mühitinin olmaması, iqtidarın seçkini nümayişkaranə şəkildə saxtalaşdırması, qanunlara olan hörmətsizlikdir. Ancaq müxalifət də şəraitə uyğun daha çevik və daha səmərəli yollar tapmaq barədə düşünməlidir. - SİDSUH, buna bənzər təşkilatlar vardı bir vaxtlar... - Əvvəl Demokratik Konqres vardı və mən 1995-ci ilin avqustundan həmin qurumun Sədrlər Şurasının üzvü oldum. 1994-cü ilin martında yaranan Dəyirmi Masada isə İcra Komitəsinin katibi, 1998-ci ildə formalaşan SİDSUH-da icraçı direktor, Birləşmiş Müxalifət Hərəkatında isə dövlət orqanları ilə iş üzrə qurumun rəhbəri olmuşam. - O dövrlər demək olar ki, müxalifətin özündə bir qaynarlıq vardı. Bəlkə müstəqillikdən sonra müstəqil siyasətin intibah dövrü olub həmin illər. Siz necə, həmin dövrü xatırlayanda nə qiymət verirsiniz? - İntibah dövrü deyə bilmərəm. Amma o vaxt Azərbaycan Avropa strukturlarına inteqrasiya olunmalı idi. Beynəlxalq təşkilatlar tərəfindən qoyulan müəyyən tələblərlə bağlı indikindən fərqli olaraq müxalifətə münasibət nisbətən loyal idi. Görəndə ki, Ermənistan, Gürcüstan Avropa Şurasına üzv ola, Azərbaycan isə kənarda qala bilər, Heydər Əliyev demokratik görüntülərin yaranmasında, senzuranın ləğvində maraqlı oldu. Bu müəyyən bir dövr idi. Sadəcə, bir az bizə nəfəs vermişdilər, onu da intibah dövrü kimi qiymətləndirmək düzgün olmazdı. 2003-cü ildə Azər Qaraçənli Azərbaycan cəmiyyətinin o vaxtkı daxili durumunu çox gözəl xarakterizə edən bir söz demişdi: “Təhlükəsizliyinə təminat yoxdursa, insan vətənində də özünü qürbətdəki kimi hiss edir”. Heydər Əliyev rejimində də biz təhlükəsizliyimizə təminat olmadığı üçün vətənimizdə də qürbətdəki kimi yaşamışıq. Bu mənada o dövrlə indiki arasında elə bir fərq yoxdur. 1998-ci il seçkisində Heydər Əliyev özü elan etdi ki, mən qalib gəlmişəm. Əslində nəticələrə görə ikinci tur olmalı idi. Yəni mahiyyət fərqlənmir. O vaxt da siyasi məhbuslar var idi, insanları günahsız tuturdular. 2000-ci ilin aprel ayında kütləvi tədbir vaxtı bir jurnalistin döyülməsinə etiraz etdiyim üçün məni həbs etmişdilər. O vaxt Amerikanın Azərbaycandakı səfiri Stenli Eskudero Zaqatalaya getmişdi, qayıdanda camaat yolu kəsmişdi. Eskudero Heydər Əliyevlə görüşündə deyib ki, siyasi şəxs həbs etmisiniz, gecə saat ikidə məni və mənimlə birgə tutulanları Bayıl türməsindən buraxdılar. Ondan sonra 5 il 4 ay mənə qarşı qanunsuz qaldırılan cinayət işi bağlanmadı. Tutulma anını videoya alsalar da, protokolda yazmışdılar ki, guya hansısa polis zabitini təpiyimin altına salıb döymüşəm. Halbuki mən sadəcə jurnalistin döyülməsinə etiraz etmişdim. Sonra həmin işi Avropa Məhkəməsində uddum. Siyasi məhbuslar, seçkilərin nəticələrinin total şəkildə saxtalaşdırılması o zaman da vardı, indi də var. Sadəcə, o vaxt müəyyən demokratik görüntü də vardı. İndi ona heç ehtiyac duymurlar. Çünki indi pulları lap çoxdur. O vaxt da seçkini müşahidə edən müşahidəçiləri rüşvətlə ələ alırdılar. 1998-ci ildə italiyalı bir müşahidəçi mənə danışmışdı ki, ona necə, nə qədər rüşvət təklif edirlər. Bunu demək olar, amma sübut etmək çətindir. Müşahidə missiyasına rəhbərlik edən məşhur bir şəxsə o vaxt 400 min ABŞ dolları pul vermişdilər. Digər beynəlxalq müşahidəçilər də bilirdi ki, o pul alıb və bunu açıq müzakirə edirdilər. O rüşvətlərin müqabilində həmin illər keçirilən seçkilərə də demokratiya uğrunda irəliyə doğru atılan növbəti addım kimi qiymət verirdilər. Bu gün eyni şeyləri daha açıq şəkildə, nümayişkaranə edirlər. Sistem isə o vaxtdan qurulub. Repressiyalar, cəmiyyəti qorxu altında saxlamaq yolu ilə irtica rejimini ildən-ilə daha da möhkəmləndirirlər. Amma razıyam ki, o vaxt müəyyən diskussiya şəraiti vardı, arada televiziyalara dəvət alırdıq. İndi həmin nəfəsliyi də tam bağlayıblar. - Avrasiya İttifaqı məsələsi gündəmdədir. Azərbaycan üçün ciddi durum yaranıb. Nə baş verə bilər? - Bu məsələlərdə özəl fikirlərim var. Avropa Birliyi Azərbaycanı öz sıralarına qəbul etməyəcək, necə ki, Türkiyəni keçən əsrin 74-cü ilindən bu yana qəbul etmir. Bunun özəl səbəbləri var. Ola bilər, Gürcüstan həmin ittifaqa girsin, biz yox. Bu, tamamilə mümkündür. Avropa Birliyinin formalaşdığı dəyərlər üzərində Türkiyə, Azərbaycan, Gürcüstan konfederasiyası adı altında müəyyən bir qurumun formalaşmasını istərdim. Azərbaycan, Türkiyə, Gürcüstan konfederasiyası adı altında bir birliyin formalaşması ideyasını hələ 1999-cu ildə konsepsiya kimi irəli sürmüşdüm. Azərbaycan cəmiyyəti onu bir il müzakirə etdi. Amma mən bu mövzunu heç vaxt siyasi baxımdan istismar etməmişəm. Türkiyə ilə yanaşı Rusiya ilə də münasibətlərin, şübhəsiz ki, normal olması lazımdır. Azərbaycanda hakimiyyətə Vaqif Hacıbəyli, İsa Qəmbər və ya digəri də gəlsə, balansı qorumalıdır. Rusiyaya qarşı Saakaşvili kimi qılıncımızı çəkib BMT tribunasından gecə-gündüz şüarlar səsləndirmək mövqeyi ilə Azərbaycana xeyir gələcəyi barəsində düşüncələrimiz səhv olardı. Azərbaycanla İran arasında ara açıqdır, bu ölkəyə vizasız gedib-gəlmək mümkündür. Oranın səhiyyə sistemi də çox yüksək səviyyədədir. Mən iki dəfə Təbrizdə müayinə olundum və çox razı qaldım. Amma fikir verdim ki, orada Azərbaycandan gedən azərbaycanlı çox azdır, faktiki gözə dəymir. Rusiyada isə tamam fərqli vəziyyətdir. Bu il ərzində iki dəfə işimlə əlaqədar, bir şirkətə hüquqi yardım göstərmək üçün Moskvada və Sankt-Peterburqda oldum. Oralarda çoxlu azərbaycanlı gördüm. Bizim millətə qarşı həmişə pis münasibəti ilə seçilən Rusiyaya azərbaycanlıların kütləvi axını nə ilə bağlıdır? Bizimkiləri Rusiyada qapıdan qovurlar, onlar pəncərədən girirlər. Nə üçün? Rusiya belə pisdirsə, niyə orada 3 milyona yaxın azərbaycanlı yaşayır? Deməli, balans siyasətindən danışanda bir az ehtiyatlı olmaq gərəkdir. Birmənalı şəkildə Rusiya pisdir deyiriksə, onda yuxarıda qoyulan sualların cavabları üzərində də düşünməliyik. - Söhbət təkcə kimisə tərifləməkdən, pisləməkdən yox, real olaraq ittifaqa qoşulub-qoşulmamaqdan gedir... - Mənim bu məsələdə mövqeyim ortadadır. Konkret Azərbaycan-Gürcüstan-Türkiyə Birliyini dəstəkləyirəm. - Amma bu da hələ ki, irreal bir ideyadır. - Yox, bu, irreal ideya deyil. Məndən sonra Azərbaycanda bir çox siyasətçi bunu öz ideyası kimi irəli sürdü. Səsimi çıxarmadım. Hətta Saakaşvili də bu ideyanı xeyli təbliğ etdi. Bilirsiniz, bu, mütləq ideya deyil, sadəcə bir istiqamətdir. Ümumiyyətlə, hansısa qurumlara qoşuluruq, yaxud qoşulmuruq kimi birmənalı mövqelər, məncə, yanlışdır. Bu gün mövcud olan reallıqlar baxımından Avrasiya İttifaqına qoşulmağın Azərbaycanın mənafeyinə uyğun olmadığı görünə bilər. Əgər sabah Türkiyə, Hindistan və sair ölkələr bu quruma üzv olsalar, onda necə olacaq? Türkiyə bizim təbii strateji müttəfiqimizdir. Eyni zamanda Rusiya ilə də ikitərəfli münasibətlərimiz daim inkişaf etməlidir. Rusiya ilə qonşu, ortaq tariximiz olan dövlət və millət kimi münasibət qurmalıyıq. Konkret hansısa ittifaqa qoşulmaqla bağlı qərarı isə millət özü bütövlükdə verməlidir. - Yəni referendum keçirilməlidir? - Şübhəsiz. Milli Şurada da belə bir qərar verildi. Mənə elə gəlir ki, biz ilk növbədə iqtisadi maraqlarımız baxımından nə sərfəlidirsə, ona uyğun qərar verməliyik. Əslində elə Rusiya-Belarus İttifaqı da iqtisadi maraqlar üzərində qurulub. Azərbaycan-Gürcüstan-Türkiyə Birliyi ideyası da ilk növbədə iqtisadi maraqlar üzərində formalaşmalıdır. İrreal hesab etdiyiniz həmin ideyaların cəmiyyətdə pozitiv qarşılanması son nəticədə Azərbaycan-Gürcüstan-Türkiyə strateji müttəfiqliyinin rəsmiləşdirilməsinə, o cümlədən bu ölkələr arasında müəyyən enerji koridorunun formalaşmasına gətirib çıxardı. Onun da pozitiv nəticələrini biz indi görməkdəyik. - Səhhətiniz indi nə yerdədir, hansı xəstəxanalarda müalicə alacaqsınız? - Mərkəzi klinikada, “Modern Hospital”da müayinədən keçirəm. İstanbuldakı həkimlərimlə də telefonda məsləhətləşirik. Həkimlərin proqnozuna görə, bədənimə yığılan su özü tədricən çəkiləcək. Əks təqdirdə suyu punksiya yolu ilə çəkmək lazımdır. Arada bir həftə yata bilmədim. İndi su bir az azalıb, amma ayağımın şişi hələ tam çəkilməyib. Gündə 6 kilometr gəzməliyəm. Çalışıram çox gəzim, özümü formada saxlayım, mübarizəyə hazır olum. Geri qayıt |